Məhkəmə qərarları › İş №2(003)-176/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-176/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-176/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6410 manat məbləğində olan borc, vəkil bürosunda müqavilə üçün ödənilmiş 301 manat və məhkəmə üçün 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, 09.09.2018ci il tarixdə Cavabdeh ondan borca 5850 manat pul almışdır. Bununla əlaqədar cavabdeh iltizam vermişdir və iltizamda qeyd etmişdir ki, həmin məbləği onun tələbi ilə qaytaracaq. Bundan sonra, 07.07.2019-cu il tarixdə Cavabdeh ondan yenidən borca 561 manat məbləğində pul almışdır və bununla əlaqədar iltizam tərtib etmişdir. Bu qəbzdə də bu məbləği ilk tələbinə qaytarmağı öhdəsinə götürmüşdür. Əslində, Cavabdeh onun etibarından istifadə edərək, metroda işə düzəlmək üçün, həm də ortaq iş qurmaq üçün və borca görə 2016 və 2017-ci illərdə ondan 6410 manat məbləğində pul alıb. 2018 və 2019-cu illərdə bir-biri ilə borc müqaviləsi bağlamışlar, müqaviləyə əsasən cavabdeh bu borcu tələb olunaraq ona qaytarmağı öhdəsinə götürür. Pulu qaytarmağı tələb etməyinə baxmayaraq, cavabdeh müxtəlif səbəblərdən qaytarmır. 2021-ci ilin aprel ayında Cavabdeh qarşı ərizə ilə Metropolitenin rəisinin adına müraciət etmişdir. Metropolitenin hüquq şöbəsində Cavabdeh izahat yazmışdır, borcu etiraf etmişdir və pulu hər ay 100-150 manat arasında may ayından geri qaytaracağına söz vermişdir. Amma əvvəlki kimi pul müxtəlif səbəblərdən geri qaytarılmır. Cavabdehin izahatları Metropolitenin hüquq şöbəsinin işçisi İsmayılov Babəkdədir. Qeyd olunanlara əsasən, cavabdehdən 6410 manat məbləğində olan borc, vəkil bürosunda müqavilə üçün ödənilmiş 301 manat və məhkəmə üçün 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, əvvəllər bir neçə dəfə cavabdehdən pul almış və həmin borcunu tam şəkildə ödəmişdir. Hal-hazırda cavabdehə heç bir borcu yoxdur. Qəbzlərdəki imza ona məxsus deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia tələbindən və işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehdən vermiş olduğu 6410 manat vəsaitinin alınmasını xahiş etmiş, iddia tələbinin sübutu kimi cavabdeh tərəfindən yazılmış əl yazısını təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 07.07.2019, 09.09.2018-vi il tarixli əl yazılarında, həmçinin 16.08.2021-ci il tarixli qeydlərdə İddiaçı tərəfindən Cavabdeh 561 manat və 5850 manat olmaqla pul vəsaitlərinin verildiyi əks olunmuşdur.. Cavabdeh həmin əl yazısının onun tərəfindən yazılmadığını bildirmişdir. Məhkəmə, iş üzrə sübut kimi təqdim olunmuş əl yazısının cavabdeh tərəfindən yazılıbyazılmadığının müəyyən edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 14.01.2022 və 01.04.2022-ci il tarixli məktublardan görünür ki, sərbəst xətt və imza nümunələri, eksperimental xətt nümunələri təqdim olunmamış və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarında olan bildirişlərdən və telefonoqramalardan görünür ki, cavabdeh ekspertizanın keçirilməsi üçün sərbəst xətt, sərbəst imza və ekspertimental xətt nümunələrinin təqdim edilməsinə dair rəsmi qaydada xəbərdar edilmişdir. Belə ki, cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq ekspertizanın keçirilməsi üçün zəruri olan nümunələri məhkəməyə, yaxud ekspertizaya təqdim etməmiş, bununla da ekspertizanın keçirilməsindən yayınaraq, ekspertizanın keçirilməsinə mane olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bundan əlavə, cavabdeh izahatında iddiaçıdan pul aldığını, lakin borcunu tam olaraq qaytardığını bildirmiş, pul vəsaitinin iddiaçıya qaytarıldığına dair öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini, həmçinin məhkəmə iclasında araşdırılan sübutların məcmusunu nəzərə alaraq, Cavabdeh İddiaçı 6410 manat pul vəsaitini borc aldığını və həmin borcu qaytarmadığını təsdiq olunmuş hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, vəkilə ödənilmiş 301 manat, həmçinin ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə borca görə 6410 manat və ödənilmiş məhkəmə xərclərinə görə 301 manat və 31 manat pul vəsaiti tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə borca görə 6410 (altı min dörd yüz on) manat və ödənilmiş məhkəmə xərclərinə görə 301 (üç yüz bir) manat və 31 (otuz bir) manat pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar