Məhkəmə qərarları › İş №2(003)-1774/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1774/2021

15.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1774/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 2iləl küçəsi, ev 8, 1 saylı mənzilində istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2iləl küçəsi, ev 8, 1 saylı mənzili onun xüsusi mülkiyyətidədir. Qeyd eidlən ünvanda hal-hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evi 09.08.2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında atasından əldə etmişdir. O, bu yaxınlarda ASAN xidmət mərkəzinə yaşayış yerindən arayış almaqdan ötrü müraciət etdikdə məlum olmuşdur ki, ona məxsus sözügedən mənzildə bacısı öz qızı ilə pasport qeydiyyatındadır. O, bundan sonra bu barədə ASAN xidmətə və Polis İdarəsinin pasport bölməsinə şifahi olaraq müraciət etdikdə, oradan ona bildirmişlər ki, bu barədə məhkəməyə müraciət etməlidir. Cavabdehlər Türkiyədə yaşayırlar. Hal-hazırda cavabdehlərin onun evində pasport qeydiyyatında qalması onun üçün maddi problemlər yaradır, belə ki, cavabdehlərin əvəzinə kommunal xidmət haqlarını ödəmək onun üçün maddi çətinlik yaradır. Qeyd olunanlara əsasən, cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 2iləl küçəsi, ev 8, 1 saylı mənzilində istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə uzun illərdir ailəvi dostdur, həm də qonşudurlar. O, Ayşəni 20 ildir, cavabdeh Ləmanı uşaqlıqdan tanıyır. Ləman cavan vaxtlarından, 1990-1991-ci illərdə Türkiyə vətəndaşı ilə qoşulub qaçıb və daimi olaraq Türkiyəyə köçüb yaşayır, 15 ildən çoxdur mübahisəli evdə yaşamır. İddiaçı isə daimi olaraq uzun illərdir həmin evdə yaşayır. Digər şahid X1 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, iddiaçının izahatını, eləcə də şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən 09.08.2017-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1iləl küçəsi, ev 8, 1 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 12.03.2021-ci il tarixli ******* saylı arayışından, şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışlardan və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 02.04.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 27.06.2008-ci il tarixdə Cavabdeh2 25.02.2016-cı il tarixdə ünvan 1iləl küçəsi, ev 8, 1 saylı mənzil ünvanına qeydiyyata alınmışlar. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdehlər ünvan 2iləl küçəsi, ev 8, 1 saylı mənzil ünvanında müvafiq olaraq qeydiyyatda olsa da, orada yaşamamış, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2iləl küçəsi, ev 8, 1 saylı mənzilindən istifadə hüquqları barədə onlarla həmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehlərin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və ona görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud deyil. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2iləl küçəsi, ev 8, 1 saylı mənzilindən istifadə hüquqlarının mövcud olmamasını və onların həmin mənzildə yaşamamasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olmadığı halda həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2iləl küçəsi, ev 8, 1 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi ilə yanaşı, onların həmin mənzildən qeydiyyatdan çıxarılması da qanunamüvafiq və əsaslıdır. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2iləl küçəsi, ev 8, 1 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilməli, həmçinin, hazırki qətnamənin cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması nəzərə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilməsin. Bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2iləl küçəsi, ev 8, 1 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar