Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1776/2021 11.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizami oğluna qarşı fərdi yaşayış evindən çıxarılma barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizami oğluna qarşı fərdi yaşayış evindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərini Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi , 3A-729 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bu barədə ona qeydiyyat vəsiqəsi də verilmişdir. Mənzili o, ******* saylı alqı-satqı müqaviləsi ilə almışdır. Onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində, həmin fərdi yaşayış evinin əvvəlki sakinləri Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların ailə üzvləri hələ də yaşayırlar. Onlar bu fərdi yaşayış evini ona satmış və bir müddət yaşadıqdan sonra çıxıb gedəcəklərinə söz versələr də, indiyə kimi sözlərinə əməl etməmişlər. Onların iddiaçının mənzilində yaşaması bir mülkiyyətçi kimi onun mənzil hüquqlarını pozur. O, məcbur qalıb onlarında yerinə kommunal xərclərini ödəyir. Bu də onun maddi vəziyyətinin pisləşməsinə səbəb olur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, formal olaraq mənzilin mülkiyyətçisi kimi iddiaçı ilə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Əslində isə onun həyat yoldaşı Rusiya Federasiyasında kiçik bizneslə məşğul olduğu zaman ona müəyyən məbləğdə pul vəsaiti lazım olmuşdur. İddiaçının qohumları həyat yoldaşına Rusiya Federasiyasında borc pul vermiş və onun qarşısında isə şərt qoymuşdurlar ki, ailə üzvlərinin yaşadığı mənzili İddiaçı satacaqsan. Həyat yoldaşının biznes işləri pandemiya ilə əlaqədar zəiflədiyinə görə borc məbləğini qaytar bilməmişdir. Notariusda o, evini İddiaçı adına keçirəndə ona heç bir pul məbləği ödənilməmişdir. Çünki, müqavilə borc məbləğini pərdələmək üçün bağlanırdı. Qeyd edir ki, mənzil satılarkən alıcı mənzilin dəyərini notariusun bank depozit hesabına pul şəklində köçürməlidir. Alıcı İddiaçı tərəfindən pul məbləği köçürülməmişdir. Həmin pul məbləğini Lətafət adlı onların tanışı bank hesabına köçürmüşdür. Lətafət xanımı İddiaçı tanımırdı. O, cavabdehin tanışıdır. Göründüyü kimi bu alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək üçün formal olaraq bağlanmışdır. O və üç övladının yeganə yaşayış yeri bu mənzildir. 3 nəfər azyaşlı övladının qeydiyyatda olduğu ünvandakı mənzildən çıxarmaqla onların yeganə yaşayış evindən məhrum rtmək istəyirlər. Onların gələcəkdə harada və necə yaşaması, sadəcə taleyin axarına buraxılması qanunun humanistlik prinsipinə ziddir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Digər Cavabdeh2 Nizami oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və Cavabdeh1 izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 09.08.2019-cu il Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evinə dair AN-İ saylı, ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə Cavabdeh1 qeyd edilən mənzili İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 16.08.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ və mülkiyyət hüququ ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1776/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1776/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver