Məhkəmə qərarları › İş №2(003)-1801/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1801/2021

21.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1801/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh” QSC-yə qarşı – mərhum həyat yoldaşı X6 iş yerindən dəfn pulu, müavinət və maddi-mənəvi zərərin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X6 iş yerindən dəfn pulunun, müavinətin hesablanıb ödənilməsi və ona 500 (beş yüz) manat maddi, 990 (doqquz yüz doxsan) manat mənəvi zərərin ödənilməsi vəzifəsini Cavabdeh QSC-nın üzərinə öhdəçilik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhərində anadan olmuş, 24.07.2013-cü ildə Ucar rayon, Quləbənd kənd sakini X9 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2014-cü il təvəlüdlü Selcan və 2018-ci il təvədlüdlü Nilay qızları anadan olmuşdur, həyat yoldaşı 2018-ci ildən Cavabdeh QSC-də işləyirdi, 09.02.2021-ci ildə isə xəstəlikdən rəhmətə getmişdir. Bu barədə xəstəlik və ölüm sənətləri tam şəkildə iş yerinə təhvil verilmişdir. 07.02.2021-ci ildə Cavabdeh QSC-yə ərizə ilə müraciət etmişdir ki, mərhum həyat yoldaşı X6 iş yerindən dəfn pulu və müavinət tam şəkildə ödənilsin, lakin X1 müvafiq olaraq müraciətindən 35 gündən çox vaxt keçməsinə baxmayaraq müraciətinmə cavab verilməmiş və heç bir ödəniş edilməmişdir. Beləliklə cavabdeh müraciətinə cavab verməməklə, dəfn üçün ödəniş etməməklə ona maddi və mənəvi zərər vurmuşdur, yəni onun haqsız və əsasız olaraq, müraciətinə cavab verməməklə mərhum həyat yoldaşının dəfn mərasiminə köməkdarlıq etməməsi, onun müavinət verilməməsini, ona çox böyük pisixoloji zərbə almağı, məhkəmə çəkişmələrinə cəlb edilməyi, məhkəməyə sənədləri hazırlamağı, yol gedib gələrkən onun yol xərci, sənətləri toplayarkən bir çox hüquq müdafiəçilərindən ödənişli məsləhət almağı və sair digər bu kimi hallara yol verməkləri nəticəsində ona 500 (beş yüz) manat maddi, 990 (doqquz yüz doxsan) manat mənəvi zərər vurmuşdurlar. Qanununa uyğun olaraq işsizlik müavinəti alan şəxslərdən biri vəfat etdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəfn üçün müavinət təyin edilməsi ilə bağlı müraciətlərə baxılır. İşləməyən vətəndaş vəfat etdikdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir. Bu zaman dəfn pulu almaq üçün ölüm haqqında şəhadətnamənin surəti, haqq-hesab cədvəli, protokol, Dövlət Sosial Müdafiə Fonduna məktub, eyni zamanda şəxsin vərəsəliyini təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır. İş yerində isə sənədləşmə üçün ölüm haqqında şəhadətnamə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr kifayətdir. Xitam əmri yazıldıqdan sonra ölüm haqqında şəhadətnamənin surəti əmrin arxasına tikilir. Mövcud qanunvericiliyə əsasən, dəfn pulundan vergi və məcburi sosial sığorta haqları tutulmur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə iddia tələbinin bir qismi təmin edilmişdir, bu səbəbdəndə iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac vardır. Belə ki, məhkəməyə müraciət etdikdən sonra cavabdeh Əmək Məcəlləsinə müvafiq olaraq mərhum həyat yoldaşı X6 iş yerindən dəfn pulunun, müavinətin hesablanıb 956 manat ödənilmişdir. İddia ərizəsinin digər hissəsinin , yəni ona 500 (beş yüz) manat maddi, 990 (doqquz yüz doxsan) manat mənəvi zərərin ödənilməsi vəzifəsini Cavabdeh QSC-nın üzərinə öhdəçilik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 Məryəm İlqar qızı iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X6 iş yerindən dəfn pulunun, müavinətin hesablanıb ödənilməsi və ona 500 (beş yüz) manat maddi, 990 (doqquz yüz doxsan) manat mənəvi zərərin ödənilməsi vəzifəsini Cavabdeh QSC-nin üzərinə öhdəçilik qoyulması barədə iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07.02.2021-ci ildə Cavabdeh QSC-yə ərizə ilə müraciət etmiş, mərhum həyat yoldaşı X6 iş yerindən dəfn pulu və müvavinət ödənilməsini tələb etmiş, müraciətinə cavab verilməmiş və ödəniş edilməmişdir. Bu ödənişin edilməməsi ilə iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. İddia tələbinə dair bildirir ki, X9 elektrik vəzifəsinə qəbul edilərək, aylıq əmək haqqı 300 (üç yüz) manat olmaqla, 14.10.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır.(əmək müqaviləsi bildirişi əlavə olunur) X5 əmək müqaviləsinə 02.03.2021-ci il tarixdə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndinə əsasən xitam verilmiş və orta aylıq əmək haqqının 3 misli miqdarında müavinat ödənilmişdir. (ödəniş tapşırığı əlavə olunur). İddiaçı X5 müavinatının tam şəkildə ödənilməsi məqsədi ilə 07.02.2021-ci il tarixdə rəsmi qaydada Cavabdeh QSC-yə müraciət etməsinə istinad etməsi tamamilə əsassızdır. Belə ki, 10.02.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən göründüyü kimi X9 9 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Necə ola bilir ki? Şəxs vəfat etmədən və ya ölüm haqqında şəhadətnamə olmadan iddiaçı bu barədə müəssisəyə müraciət etmiş olsun. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh QSC-yə gəlmədən mərhum həyat yoldaşı X5 3 aylıq müavinatının ödənilməsini tələb etmiş və müəssisənin aidiyyəti şöbəsi isə bununla bağlı rəsmi qaydada müraciət edilməsini və ölüm haqqında şəhadətnamənin təqdim edilməsi tələbini iddiaçının qarşısında irəli sürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan da göründüyü kimi X5 əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndinə əsasən xitam verilmiş və orta aylıq əmək haqqının 3 misli miqdarında müavinat ödənilmişdir. Qeyd olunanlardan aydın olur ki, İddiaçı iddia tələbinin əsasını təşkil edən hal ümumiyyətlə mövcud olmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09.02.2021-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 24 iyul 2013-cü il tarixdə Ucar rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Feyziyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünür ki, X9 04.02.2021-ci il tarixdən 09.02.2021-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı cavabdeh "Cavabdeh” QSC-yə ünvanlanmış 07.02.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, " Gəncə şəhərində anadan olmuşam, 24.07.2013-cü ildə Ucar rayon, Quləbənd kənd sakini X9 ilə ailə həyatı qurmuşam, birgə nikahdan 2014-cü il təvəlüdlü Selcan və 2018-ci il təvədlüdlü Nilay qızlarımız anadan olmuşdur, həyat yoldaşım 2018-ci ildən Cavabdeh QSC-də işləyirdi, 09.02.2021-ci ildə isə xəstəlikdən rəhmətə getmişdir. Hal-hazırda mən işləmirəm himayəmdə iki azyaşlı övladlarım vardır, müraciətim ondan ibarətdir ki, mərhum həyat yoldaşım X6 iş yerindən dəfn pulu və üzlüşmə (raşot) pulunun tam şəkildə ödənilməsidir. Sizdən xahiş edirəm ki, mərhum həyat yoldaşım X6 iş yerindən dəfn pulu və üzlüşmə (raşot) pulunun tam şəkildə ödənilməsinə köməkdarlıq edəsiniz." Göründüyü kimi, iddiaçı iddia tələbini ona maddi və mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı iddia ərizəsində ona maddi və mənəvi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh "Cavabdeh” QSC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar