Məhkəmə qərarları › İş №2(003)-1805/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1805/2024

13.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1805/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh azyaşlı övladları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə 2002-ci il dekabr ayının 11-dən etibarən ona məxsusdur. Cavabdeh onun keçmiş gəlinidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin ona məxsus həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh 2023-cü il tarixədək İsraildə yaşamış, 2023-cü ilin oktyabr ayından isə ona məxsus evə girmiş, hazırda azyaşlı övladları ilə birgə ona məxsus evdə artıq bir neçə aydır ki, qanunsuz və əsassız olaraq yaşayır. Dəfələrlə ondan ona məxsus evdən çıxmasını tələb etsə də, evdən çıxmır. Məhkəmə iclasında İddiaçıin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh övladları ilə birlikdə orada yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 136110 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyatdan keçirilmişdir (xx.xx.2002-ci il tarixli 1211 saylı reyestr kitabında 181862 səhifədə qeyd edilmişdir). - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2862/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilməklə Cavabdeh İddiaçı məxsus ünvan 1-dan istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 155 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 74 saylı arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatsız yaşayır. xx.xx.2024-cü il tarixli 110 saylı sorğuya və qonşuların aktına əsasən o, azyaşlı övladları ilə birlikdə qeyd olunan ünvanda 2023-cü ilin oktyabr ayından heç bir hüquqi əsas olmadan yaşayır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi xx.xx.2002-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2862/2022 saylı qətnaməsi ilə cavabdehin həmin mənzilə olan istifadə hüququ itirilmişdir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh mübahisə predmeti olan yaşayış evində son bir ildir ki, yaşayır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehin mənzilə olan istifadə hüququ itirilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin ümumiyyətlə mübahisə predmeti olan mənzilə istifadə hüququ yoxdur. Halhazırda cavabdeh mənzildə heç bir qanuni əsas olmadan yaşayır ki, bu da mənzilin mülkiyyətçisinin hüquqlarını pozur. Göstərilənlərə əsasən məhkəmə hesab hesab edir ki, cavabdehin mübahisə predmeti olan mənzildən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və həmin mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdehin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin cavabdehin azyaşlı uşaqlarının da mənzildən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən həmin uşaqların şəxsiyyəti barədə məlumatlar, onların şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilə bilməz. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar