Məhkəmə qərarları › İş №2(003)-1827/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1827/2022

09.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1827/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 35 saylı evindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmış ki, cavabdehlər onun bacı uşaqlarıdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 35 onun xüsusi mülkiyyətindədir. Cavabdehlər atası tərəfindən müvafiq sənədləşmə işlərində problem yarandığına görə onlara məxsus ünvana qeydiyyata alınmışdır. Lakin, onlar heç bir vaxt həmin ünvanda yaşamamışlar. Artıq 6 ildir ki, cavabdehlər ümumiyyətlə başqa ölkədə yaşayırlar. Cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda olması bir sıra problemlər yaradır. Belə ki, cavabdehin ona məxsus olan mənzildə qeydiyyatda olması onu mülkiyyət hüquqlarından suni məhrum edir və yaşadığı mənzil üzərində sərəncam vermək hüququnu sərbəst surətdə həyata keçirə bilmir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 35 saylı evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 35 babasından atasına qalmış miras olmuşdur. Daha sonra atası Nəriman Babayev həmin evi ona bağışlamışdır. İş üzrə cavabdehlər onun bacısının uşaqlarıdır. Bacısı uşaqları ilə birlikdə 2000-ci ilədən həmin evdə yaşamışlar, sonra evi tərk etmişlər. Hal-hazıradək də həmin evdə yaşamırlar və onlara məxsus əşya da evdə yoxdur. Odur ki, hesab edir ki, onların həmin evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, X1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 35 saylı evini və 0.14586 hektar torpaq sahəsini İddiaçı təmənnasız bağışlamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 35 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, iş üzrə cavabdehlər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 35 saylı evində qeydiyyatdadırlar. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000-ci ilədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 35 saylı evdə yaşamışlar, həmin ildən evi tərk etmişlər və evdən istfiadə etmirlər. Ev tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Belə ki, sonuncular hazırda sözügedən mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olmuşlar. Məhkəmə qeyd edir ki, mülki iş üzrə tərəflər arasındakı mübahisəli hüquq münasibətləri yaranan vaxtı nəzərə alınmalı və həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinin müddəalarına uyğun olaraq qiymət verməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş üzrə müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər mübahisəli evi 2000-ci ildə tərk etmişlər və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini kəsmişlər. Odur ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir (xitam verilməlidir). Qeyd edilməlidir ki, əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Həmin mənzildə yaşamaq üçün əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər mübahisə predmetinə daxil olan evi tərk etməklə uzun müddətdir ki həmin evdə yaşamır və həmin evdən istifadə etmirlər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evdə uzun müddət yaşamamaları və həmin evdən istifadə etməmələri halları, yalnız onların başqa yaşayış sahəsinə köçməklə həmin yaşayış sahəsinə ehtiyaclarının aradan qalxması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək, cavabdehlərin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Əzizbəyov küçəsi, 35 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın Bakı şəhəri, Xəzər rayonu, Əzizbəyov küçəsi, 35 saylı evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar