Məhkəmə qərarları › İş №2(003)-1839/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1839/2024

26.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1839/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı X1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh Bəhram oğlu ilə 2003-cü ildə el adəti ilə toyu olub. O, cavabdehin qeydiyyatda olduğu Lerik rayonu Şingədilan kəndinə gəlin köçmüşdür. Bir il sonra qaynatası Binə südçülük sovxozunda aldığı və bir otaq olmaqla balaca bir koma tikdiyi evə köçmüşlər. Orada yaşamaqla həmin komanın yanında böyük bir ev tikərək, sonradan həmin evdə 18 il birlikdə yaşamışlar. Təzə evə köçdükdən sonra da qalan hissələri təmir etmişlər. Həmin evdə 4 uşağı doğulub. Ona məxsus olan toy zamanı hədiyyə edilən bütün cehiz və qızıl əmlakları 18 ildə özünün işləyərək aldığı və birlikdə aldıqları bütün əmlak və əşyaları Binə südçülük sovxozundakı evdə qalmışdır. O, həmin evdə 2021-ci il tarixədək yaşamışdır. Hal-hazırda azyaşlı qızı X2 ilə birlikdə kirayədə yaşayır, onun üçün çox çətindir. Azyaşlı qızı X1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən ünvana köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o neçə vaxtdır öz evində yaşaya bilmir. Mübahisəli mənzildə ona aid əşyalar, cehizi qalmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında bildirdi ki, mübahisəli ev nikahdan əvvəl tikilmişdir və cavabdeh iddiaçını evdən qovmayıb. İddianı qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, tərəflərin qonşusu olub. Şəbnəmlə Nurəddinin 4 övladı var, onlar Binə qəsəbəsinə köçəndə balaca evdə yaşayıblar. Daha sonra çox çətinlik çəkərək yeni ev tikdiriblər, hətta suyu onun həyətindən gəlib götürürdülər. Şəbnəmin atası tikinti zamanı tez-tez gəlib gedirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, tərəflərin qonşusu olub. O, əvvəlcə balaca ev tikib, o zaman orada Nurəddin, atası və Zülfiyyə var idi. Həmin evi Nurəddin üçün tikirdilər. Şəbnəmin orda olub-olmaması barədə məlumatı yox idi. Evi tikməsi müqabilində pulu Nurəddinin atasından aldı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Şəbnəmin atasıdır, Nurəddin isə onun dayısı oğludur. Sözügedən ev 2003- 2005-ci illərdə tikilirdi. Evin tikilməsi üçün 1000 dollar vermişdir. Həmin ev onların zəhməti ilə tikilib. İndi isə onun qızı üçün tikdirdiyi evdə cavabdeh başqa qadınla yaşayır. Qızı azyaşlı uşağı ilə kirayə evdə qalmaq məcburiyyətindədir və maddı çətinlik çəkir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3221 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində 2004-cü il tarixdən qeydiyyatsız yaşayır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2004-cü il tarixdən sözügedən ünvanda yaşayıblar, birgə yaşayışları zamanı orada əlavələr ediblər. İddiaçının himayəsində olan azyaşlı uşağı ilə birgə yaşamağa yeri yoxdur və bütün əşyaları mübahisəli evdə qalmışdır. Hazırda iddiaçı himayəsində olan azyaşlı uşağı ilə birgə həmin evə köçürülməsini tələb edir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2004-cü ildə yaranmışdır. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 2004-cü ildən yarandığından hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Məhkəmə hesab edir ki, İddiaçı 2004-cü ildən başlayaraq yaşadığı və birgə nikah dövründə tikdirdikləri Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində istifadə hüququ olduğundan, cavabdehin iddiaçının həmin mənzilə köçüb yaşamasına mane olması və iddiaçını həmin evdən çıxarması qanunsuz olmuşdur. Belə ki, münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. MM-in 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. MM-in 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. MM-in 152.5-ci maddəsinəəsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 20-ci maddəsinin birinci abzasına əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqlrı mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə hüquq əldə etmişdir. Cavabdehin iddiaçını mübahisəli mənzilə buraxılmaması nəticəsində iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunmuşdur. Odur ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi barəsində iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının yaşayış yeri sayıldığından və cavabdehlərin onu həmin mənzilə buraxmaması səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olduğundan, bununla da o, yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunduğundan, iddia təmin edilərək, iddiaçı azyaşlı qızı X1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən mübahisəli mənzilə köçürülməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı azyaşlı qızı X1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar