Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-184/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Oqtay oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12650 ABŞ dollar məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Oqtay oğlu onu aldadaraq, etibarından sui-istifadə edərək şəxsi işlərinə, müəmmalı biznes işinə ondan pul verməyini xahiş etmişdir. O isə cavabdehin səmimiliyinə inanaraq noyabr ayının 20-si 2016-cı ildə Xəzər rayonunda 10000 (on min) ABŞ dolları və sonra Xətai rayonunda 25 dekabr 2016-cı il tarixində 3000 (üç min) ABŞ dolları ondan götürmüşdür. Cavabdeh ondan götürdüyü pulları öz əli ilə yazdığı kağızda 2017-ci ilin yanvar ayının axırında qaytaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr ilə onu aldadaraq ondan alınan vəsaitin yalnız 350 ABŞ dollarını qaytarmış, qalan vəsaiti mənimsəmiş, bu günə qədər də pulları qaytarmamışdır. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 742.1, 743 və 745-ci maddələrinə əsaslanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh biznes işi ilə bağlı ondan pul istəmiş və o, cavabdehə inandığından birinci dəfə xx.xx.2016-cı il tarixdə 10000 ABŞ dolları, sonra isə xx.xx.2016-ci il tarixdə 3000 ABŞ dolları məbləğlərində pul vermişdir. Həmin pul məbləğləri də verilən zaman cavabdeh tərəfindən iş materiallarında olan əlyazma qəbzlər təqdim edilmişdir. X3 tərəfindən də imzalanmış, lakin pul məbləğləri Leylanın yanında verilməmişdir. Belə ki, pul məbləğləri əvvəl verilmiş, sonra isə qəbzlər tərtib edilmişdir. Həmin pul məbləğlərindən cavabdeh tərəfindən yalnız 2020-ci ilin mart ayında Türkiyədən onun adına 350 ABŞ dolları göndərilmiş, qalıq qalmış 12650 ABŞ dollar məbləğində pul hal-hazıradək qaytarılmamışıdır. Pul məbləğləri ondan daş-qaşların əldə edilməsi üçün alınmışdır. İş üzrə keçirilmiş ekspert rəyindən də görünür ki, həmin qəbzlərdə olan yazılar və imzalar cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin bildirmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Leyla Ağayevanın ifadəsi ziddiyyətlər və aşkar surətdə yalan ifadələrdən ibarətdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən cavabdehə borca pul verilməmişdir. Əlyazma qəbzlərdəki olan pul məbləğləri cavabdehdən tərəfindən iddiaçıdan alınmamışdır. İddiaçı tərəfindən 13000 ABŞ dollarının cavabdeh tərəfindən alınması və ya hər hansı bir hissəsinin qaytarılması barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən göndərilmiş 350 ABŞ dolları məbləğində pul Leyla Ağayevanın iddiaçıya olan borcunun qaytarılması məqsədilə olmuşdur. Belə ki, Leylanın iddiaçıya borcu olmuş, həmin pul məbləği Leylanın borcunun qaytarılması məqsədilə cavabdeh tərəfindən iddiaçıya göndərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürüldüyünü bildirərək iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizə də təqdim etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh Oqtay oğlu iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona borca pul verilməmişdir. İş materiallarında olan qəbzdəki yazı və imzalar ona məxsus deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iş üzrə tərəfləri tanıyır, cavabdeh uzaq qohumudur. İddiaçı tərəfindən cavabdehə 10000 və 3000 ABŞ dolları məbləğində borca pul verilməmişdir. Belə ki, onlar Afrikadan qızıl alacaqdılar, iddiaçı isə pul verməli olmuşdur. Həmin pul məbləği Möhlət adlı şəxsə verilmişdir. 2017-ci il olmuş, Mərdəkan qəsəbəsində yerləşən ona məxsus evə Zaur Allahverdiyev gəlmiş və ona, Rövşənə boş kağıza imza etdirmişdir. Lakin iddiaçı Zaur tərəfindən Rövşənə borca pul verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan iş üzrə iddiaçı, cavabdeh və Leyla Ağayeva tərəfindən imzalanmış qəbzlərdən görünür ki, X1 iştirakı ilə Cavabdeh Oqtay oğlu, İddiaçı şəxsi işlərinə görə xx.xx.2016-cı il tarixdə 10000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə isə 3000 ABŞ dolları məbləğlərini 2017-ci ilin yanvar ayının axırına qaytarmaq şərtilə aldığı ifadə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/404 nömrəli ekspert rəyindən görünür ki, yuxarıda qeyd olunan qəbzlərdəki yazılar və “Cavabdeh” yazıları qarşısındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən və həmin tarixli pul köçürməsinə dair ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı 350 ABŞ dollar məbləğində pul göndərilmiş və həmin pul məbləği İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı Elvin Hacıyev tərəfindən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, toplanmış materialda olan sübutlara əsaslanmaqla qərara gəlinmişdir ki, İddiaçı ərizələri əsasında toplanmış material Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib hissəsi yoxdur. Çünki, tərəflər arasında öz razılıqları əsasında müqavilə bağlanmışdır. İş materiallarında olan iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizəsindən görünür ki, iş materiallarına əlavə olunmuş əlyazma qəbzlərinə əsasən Cavabdeh pulu 2017-ci ilin yanvar ayının axırına qaytarmalı olmuş, iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Hesab etmişdir ki, iddiaçı iddia ərizəsini məhkəməyə müqavilə tələbləri üzrə iddia müddəti olan üç ilini ötürməklə vermişdir. Odur ki, mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşin araşdırılmış hallarına əsasən məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh iddiaçıdan pul almadığını bildirsə də, bununla bağlı hər hansı bir sübutlar məhkəməyə təqdim olunmamış, iş materiallarında olan pulun alınması ilə bağlı əlyazmaların formal olaraq tərtib edilməsini, ümumiyyətlə onun tərəfindən tərtib edilməməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə, iş materiallarında olan, yazılar və imza cavabdeh tərəfindən icra edilməsi ekspert rəyi ilə müəyyən edilmiş əlyazmaları (qəbzləri) iş üzrə əsas sübut kimi qəbul etməklə müəyyən edir ki, iş üzrə iddiaçı tərəfindən cavabdehin öz şəxsi işlərinə görə iddiaçı tərəfindən cavabdehə 2017-ci ilin yanvar ayının axırına qaytarmaq şərtilə xx.xx.2016-cı il tarixdə 10000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə isə 3000 ABŞ dolları məbləğlərində pul verilmişdir. Belə ki, bu halın əksini sübut edən nə iddiaçı tərəfindən, nə də cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamış, işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş əlyazma əsasında tərəflər arasında borc münasibətləri olmuş və həmin müqavilə (əlyazmaya) əsasən iddiaçı tərəfindən cavabdehə 2017-ci ilin yanvar ayının axırına qaytarmaq şərtilə xx.xx.2016-cı il tarixdə 10000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə isə 3000 ABŞ dolları məbləğlərində pul verilməsi sübuta yetirilir, o cümlədən həmin məbləğin tam şəkildə qaytarılmaması təsdiqini tapır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsin əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. Həmçinin həmin qərarda göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti hüquq münasibətləri iştirakçılarını intizamlandırılmasından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etməsindən müqavilə və maliyyə intizamının nizamlanmasına kömək etməsindən ibarətdir. Həmçinin iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İş üzrə cavabdeh tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq edilməsinə dair verilmiş ərizəni nəzərə almaqla, məhkəmə, tərəflər arasında yaranmış münasibətlərə müqavilə öhdəliklərindən yaranan borc tələbləri kimi qiymət verməklə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı hazırki iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, iddia tələbinin əsasını təşkil edən iddiaçı tərəfindən cavabdehə 10000 ABŞ dolları və 3000 ABŞ dolları məbləğlərində pulun verilməsi ilə bağlı əlyazmalardan görünür ki, cavabdeh həmin pul məbləğlərinin 2017-ci ilin yanvar ayının axırına qaytarması barədə öhdəlik götürmüşdür. Bununla da müəyyən edilir ki, iddia müddətinin axımı həmin tarixdən, yəni öhdəliklərə dair icra müddəti bitdikdən sonra başlanmış, iddiaçı tərəfindən cavabdehin üzərinə götürdüyü öhdəliyin icra etməyə məcbur edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Eyni zamanda məhkəmə borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilməsi barədə mülki qaunvericiliyin müddəasına münasibətdə məhkəmə qeyd edir ki, qanunla həmin iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti bitdikən sonra xx.xx.2020-ci il tarixdə edilmiş ödəniş “350 ABŞ dollar” (etirafedici hərəkət) iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilməməklə onun yenidən hesablanması və həmin pul məbləğinin tələb edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçının isə hazırki pul tələbinə dair cavabdehə qarşı iddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olduğundan bununla da qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən iddia təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin 2016-cı ilin iyun ayından qüvvədə olan 740-ci maddəsinin şərtləri baxımından tərəflər arasında bağlanmış müqavilə (əlyazma) etibarlı müqavilə hesab olunmasa belə, işin müəyyən edilmiş halları ilə iddiada qeyd edilən məbləğin cavabdehə verilməsi təsdiqini tapdığından tərəflər arasında əssasız varlanmadan irəli gələn münasibətlər yaranmış olardı. Belə olan halda belə məhkəmə hesab edir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ iddaçıya öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qanunvericiliyin tələbindən də göründüyü kimi əsassız varlanmadan irəli gələn münasibətlər üzrə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Çünki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti isə tələb hüququ üçün xarakterikdir. İş materiallarından görünür ki cavabdeh iddiaçı tərəfindən ona verilən pul məbləğinin 2017-ci ilin yanvar ayının sonunda qaytarmasını öhdəsinə götürsə də, öhdəliyini icra etmədiyindən iddiaçı 2017-ci ilin fevral ayından əsassız varlanma obyektini qaytarmaq hüququnun yarandığı bilirdi və ya bilməli idi. Beləliklə, bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarında olan əlyazmalardakı yazıların və imzaların ona məxsus olmamasını bildirdiyinə görə iş üzrə məhkəmə-xəttşünaslıq eskpertizasının təyin edilməsi zərurəti yarandığından, eyni zamanda ekspert rəyi ilə əlyazmalarda olan yazıların və imzaların cavabdehə məxsus olması müəyyən edildiyindən hesab edirki, həmin ekspertiza tədqiqatının dəyəri olan 126 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 12650 ABŞ dollar məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-184/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-184/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver