Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1845/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin sentyabr ayında Cavabdeh 1000 manat məbləğində pul borc verilmişdir. Cavabdeh həmin borcdan 200 manat qaytarmış, 800 manat isə qalmışdır. Hal-hazıradək dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh tərəfindən pul geri qaytarılmamışdır. Bununla bağlı Xəzər RPİnin 1-ci polis şöbəsinə şikayət etmişdir. Şikayət üzrə araşdırma aparılmış, qarşı tərəfin izahatı alınmış, cavabdeh izahatında maddi vəziyyəti pis olduğuna görə borcunu ödəyə bilmədiyini göstərmiş, söz vermişdir ki, borc aldığı pulu qaytaracaqdır. Polis tərəfindən iş mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxıb yekun qərar çıxarılmasını xahiş etdi. O iddianı etiraf edərək göstərdi ki, həqiqətən iddiaçıya hazırda 800 manat borcu vardır. O, iddiaçıdan 1000,0 manat borc pul almışdır. Həmin məbləğdən iki ay ardıcıl 100 manat olmaqla ümumilikdə 200,0 manatını cavbdehə qaytarmışdır. Qalan 800,0 manat borcunuda qaytaracaqdır. O, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirz etmədiyini bildirdi və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən pulun qaytarılması barəsində müraciətinizə tərəfimizdən baxılmış və müəyyən edilmişdir ki, göstərilən faktların məhkəmə səlahiyyətlərinə aiddir. Məlumat üçün bildirilir ki, gələcəkdə bu məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiq olması qeyd edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, o, iddia tələbini etiraf edir və 800 manat məbləğində iddiaçıya borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər iş yoldaşı olmuşlar. Cavabdeh iddiaçıdan 2022-ci il sentybar ayında borc olaraq 1000 manat pul istəmişdir. Cavabdeh iddaçıdan aldığı 1000 manat puldan yalnız 200 manatını geri qaytarmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçıya 800 manat borcunun olduğunu etiraf etmişdir. Hazırda cavabdehin iddiaçıya 800 manat ödənilməyən borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, Cavabdeh məhkəmə iclasında iddiaçının ona 1000 manat məbləğində pul vəsaitini verməsini, hazırda idiaçıya 800,0 manat borcu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı tam etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin olunmalı, Cavabdeh 800,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-1845/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1845/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver