Məhkəmə qərarları › İş №2(003)-1854/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1854/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1854/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 Soveti İcraiyyə Komitəsinin “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 23/1246 saylı 08 dekabr 1989-cu il tarixli qərarına əsasən ona 76 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış 875 kv.m torpaq sahəsinin Zirə qəsəbəsinin inzibati ərazisində yerləşməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin hal-hazırki tələbi xüsusi icraat qaydasında baxılan işlərə aid deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” 2019-cu il 12 aprel 03 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin tələbində qeyd etdiyi faktın müəyyən edilməsi qanunvericiliklə müəyyən hüquqi nəticələrə səbəb olmur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki icraat qaydasında baxılmalı deyildir. Hazırki iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina olunmalı, əriəçiyə müvafiq inzibati orqana müraciət etmək, əks halda həmin orqanın hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə, yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə müvafiq inzibati orqana müraciət etmək, əks halda həmin orqanın hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar