Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1861/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinin Bakı şəhər idarəsinə, Cavabdeh2nə və “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbə qarşı “istehsalat qəzası aktının tərtib edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinin Bakı şəhər idarəsinə, Cavabdeh2nə və “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbə qarşı “istehsalat qəzası aktının tərtib edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək hüquqlarının pozulması səbəbindən baş verən hadisənin Nazilər Kabinetinin 27 saylı qərarına uyğun olaraq istehsalatda baş vermiş hadsə kimi rəsmiləşdirilməsinə və zərərçəkmişə istehsalat zədəsi formalı aktın müəssisə tərəfindən tərtib edilərək verilməsi cavabdehlər X1 Xidmətinin Bakı şəhər idarəsinə, Cavabdeh2nə və “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 40 ilə yaxındır ki, ibtidai sinif müəllimi kimi işləyir. ünvan 1 ünvanında yerləşən “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbdə 27 mart 2023-cü il tarixdə ibtidai sinifdə sonuncu dərs bitdikdən sonra məktəbin daxilində yıxılaraq xəsarət almışdır. Həmin vaxt təcili yardıma zəng edilmiş və təcili yardım məktəbə gələrək ona “sağ bud sümüyü boynunun qapalı yerdəyişmiş sınığı” diaqnozu qoyularaq o, X2 hospitalizasiya olunmuşdur. 18 sentyabr 2023-cü ildə baxış aktı tərtib edilmişdir. Baxış aktı da səhv tərtib edilmişdir. Hadisə ilə bağlı Əmək Müfəttişliyinə də vaxtında məlumat verilməmişdir. O, hər yerə müraciətlər etsə də, ona cavab verilməmişdir. Axırda məcbur qalıb bu məsələnin əmək mübahisəsi olduğundan Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Lakin, xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya proseslərinə də tərəflərin gəlmədiyini görüb mediasiyadan aldığı arayışı və lazım olan sənədləri toplayıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, bu xəsarəti məktəbin daxilində iş zamanı almışdır. Buna görə də, əmək hüquqlarının pozulması səbəbindən ona hadisənin Nazirlər Kabinetinin 27 saylı qərarına uyğun olaraq istehsalatda baş vermiş hadisə kimi rəsmiləşdirilməsinə və zərərçəkənə istehsalat zədəsi formalı aktın müəssisə tərəfindən tərtib edilərək verilməsini cavabdehlər X1 Xidmətinin Bakı şəhər idarəsinə, Cavabdeh2nə və “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbin üzərinə öhdəlik qoyulmasını və bu barədə qətnamə çıxarılmasını istəyir. O, hadisə olan gün məktəbin dəhlizində yıxılmışdır. Bel sümüyü qırılmışdır. Ona implant sümük qoyulmuşdur. Ona 3-cü dərəcəli əlillik verilmişdir. Hadisə baş verən gün təcili yardım vasitəsilə xəstəxanaya çatdırılmışdır. Evdə uzun müddət müalicə almışdır. Məktəbin direktoru yoxdur, yalnız direktorun səlahiyyətlərini müvəqqəti icra edən vardır. Hadisədən 3-4 ay sonra direktor əvəzi Əmək Müfəttişliyinə xəbər vermişdir. Yıxıldığı ərazi metlaqla döşənmişdir. Daha sonra o hissə təmir olunmuşdur. Direktor əvəzi onu cərimə edəcəklərini bildirmişdir. Ondan izahatını dəyişməsini tələb etsələr də, o, bunu etməmişdir. Sanitar qovşağından çıxanda yıxılmışdır. Yerdə metlaqlar sınıq vəziyyətdə idi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinin Bakı şəhər idarəsinə, Cavabdeh2nə və “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “West Hospital” tərəfindən tərtib edilmiş epikrizdən görünür ki, xəstə İddiaçı 2*.03.2023-cü il tarixdə klinikaya daxil olmuş, xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Ona “sağ bud sümüyü boynunun sınığı” diaqnozu qoyulmuşdur. - Cavabdeh “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbin direktor əvəzi tərəfindən tərtib edilmiş 18.0*.2023-cü il tarixli baxış aktının surətindən görünür ki, İddiaçı yıxılması ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi dəhlizə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məktəb dəhlizi sürüşməyən material- metlaqdan qoyulmuşdur. Dəhlizin eni 3,20 sm-dir. - Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxsin “Bakı şəhər TTYS” publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış 15.0*.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat **:44-də “103” xidmətinə ünvan 3 ünvanından müəllimin adına “yıxılıb” səbəb ilə çağırış daxil olmuşdur. Çağırışı 18 saylı bölmənin həkimi Nazim Şəbiyev icra edərək xəstə İddiaçı “sağ bud sümüyü boynunun qapalı yerdəyişmiş sınığı” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və X2 hospitalizasiya etmişdir. - 21 fevral 2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinin Bakı şəhər idarəsinə, Cavabdeh2nə və “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbinin nümayəndələri xx.xx.2024-cü il tarixə saat 17:00-a təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (mediator: M.Ə.Əhməd). - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 2*.0*.2023-cü il tarixli təhqiqat aktından görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinə əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 241 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi İddiaçı ehtiyatsızlığını müəyyən etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”-nın 1.4-cü bəndinə (şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən) əsasən istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10*6.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bu maddənin 3-cü bəndinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Həmin maddənin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bu maddənin 5-ci bəndinə əsasən bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 15.04.1***-cu il tarixli, **2 №-li Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinin *-cu hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1***-cu ilin iyulun 1-dək: həmin Məcəllənin 217-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydasının təsdiq edilməsi tapşırılmışdır. Bu Fərmanın 2-ci bəndinin 6-cı hissəsinin “b” bəndinə əsasən aşağıda göstərilən səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Məcəllənin 15-ci maddəsinin ikinci, üçüncü, dördüncü, beşinci, altıncı hissələrində, 217-ci maddəsinin birinci və ikinci hissəsində, 218-ci maddəsinin beşinci, altıncı, yeddinci hissələrində, 223-cü maddəsinin beşinci hissəsində, 235-ci maddəsinin birinci və ikinci hissələrində və 237-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanı”nın səlahiyyətlərini - X1 Xidməti vasitəsilə həyata keçirir. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Həmin Qərarın 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Bu Qərarın 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X1 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X1 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. İki-dörd işçinin ölümü və əlahiddə ağır nəticəli (beş və daha artıq işçinin həlak olduğu) bədbəxt hadisələrin (qəzaların) təhqiqatı Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır. Həmin Qərarın 2.2-ci bəndinə əsasən xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X1 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Qrup halında xəsarətlə və ya bir nəfər işçinin ölümü ilə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X1 Xidmətinin vəzifəli şəxsləri, üzvlər — sahə həmkarlar ittifaqı birliyinin, müəssisənin və yaxud onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. İki-dörd işçinin ölümü və ya əlahiddə ağır nəticəli bədbəxt hadisələrin (qəzanın) təhqiqatını aparmaq üçün tərkibi: sədr — X1 Xidmətinin vəzifəli şəxslərindən (rəhbər işçilərindən), üzvlər — sahə həmkarlar ittifaqı birliyinin (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının), müəssisənin və ya onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Sahə həmkarlar ittifaqı birliyi, müəssisənin həmkarlar ittifaqı təşkilatı, müəssisə və ya onun tabe olduğu yuxarı orqan (əgər varsa) Təhqiqat komissiyalarının tərkibində iştirak edəcək nümayəndələri barədə X1 Xidmətinə hadisə baş verən gün rəsmi məlumat verməlidirlər. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X1 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya verilişlərindən, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X1 Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. Bu Qərarın 2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Qeyd olunan Qərarın 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2). Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır. Başqa instansiyalara göndərilmiş İZ formalı aktlar və onların surətləri lazım olmayanadək və onlarda nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilənədək saxlanılır. Həmin Qərarın 3.1-ci bəndinə əsasən təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır. Təhqiqat komissiyası heyətinin ezamiyyə xərcləri hər bir komissiya üzvünün mənsub olduğu təşkilat tərəfindən (verilmiş əmrə əsasən) ödənilir, təhqiqat işinin gedişi dövründə onun aparılması ilə əlaqədar ortaya çıxan digər əlavə xərclər isə hadisə baş vermiş müəssisə və ya onun tabeçiliyi üzrə yuxarı orqanı tərəfindən ödənilir. Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. Komissiyanın üzvləri zərərçəkənlərlə və ya onların ailə üzvləri ilə görüşərək, bədbəxt hadisə ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müvafiq, onların hüquqlarını izah etməlidir. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı əmək funksiyasını icra edən zaman müəssisədə yıxılaraq xəsarət almışdır. Daha sonra ona “sağ bud sümüyü boynunun qapalı yerdəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. İşəgötürən tərəfindən müvafiq quruma məlumat verilmişdir. X1 Xidmətinin əməkdaşları hadisə yerinə gələrək təhqiqat komissiyası yaradaraq təhqiqat aparmışdır. Təhqiqatın nəticəsində isə xəsarətin Nazirlər Kabinetinin 27 saylı qərarının 1.4-cü bəndininin təsirinə düşdüyünü, yəni şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən zədə alması səbəbi ilə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməmiş və uçota alınmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının əmək funksiyalarını icra edən zaman xəsarət alması X1 Xidməti tərəfindən istehsalatda baş verən bədbəxt hadisə hesab olunmadığından müvafiq təhqiqat komissiyası yaradılmamış, təhqiqat aparılmamış, akt tərtib edilməmiş və cavabdeh təşkilatın “İstehsalat zədəsi” formalı aktı tərtib etmək öhdəliyi yaranmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinin Bakı şəhər idarəsinə, Cavabdeh2nə və “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbə qarşı “istehsalat qəzası aktının tərtib edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Xidmətinin Bakı şəhər idarəsinə, Cavabdeh2nə və “Ziya Ağayev” adına 241 saylı tam orta məktəbə qarşı “istehsalat qəzası aktının tərtib edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1861/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1861/2024
11.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver