Məhkəmə qərarları › İş №2(003)-1870/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1870/2024

18.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1870/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-19/2017 saylı iş üzrə iddiaçı X1, cavabdehlər Cavabdeh2, X2, X4 və X3, mübahisə predmeti də hazırkı ərizənin predmeti ilə eyni olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmadır. Həmin iş üzrə xx.xx.2017ci il tarixli qətnamə ilə iddia tələbi rədd edilmişdir. Həmçinin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-782/2022 saylı iş üzrə iddiaçı X1, cavabdehlər Cavabdeh2, X2, X4 və Cavabdeh1, mübahisə predmeti də hazırkı ərizənin predmeti ilə eyni olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılma olmuşdur. Həmin iş üzrə xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7083/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. Daha sonra Azəraycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1114/2023 saylı qərardadı ilə iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsi, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması səbəbilə xitam verilmişdir. Göründüyü kimi hazırkı iddia predmeti ilə bağlı məhkəmənin qətnaməsinin mövcud olmasına baxmayaraq, iddiaçı yenidən, eyni tərəfə, eyni predmet barəsində və eyni əsaslarla iddia irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Mahiyyəti üzrə baxılmış və yekun məhkəmə aktı qəbul edilmiş iş üzrə sübut edilmiş hallar məhkəmə tərəfindən təkrarən sübut edilmir. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sübut edilmiş və ya təkzib edilmiş hallar təkrarən məhkəmə tərəfindən sübut olunarsa bu, preyudisiallıq institunun mahiyyətinə zidd olmuş olar. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Odur ki məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi olduğundan İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürülməsindən imtina edildiyindən iddiaçı tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar