Məhkəmə qərarları › İş №2(003)-1882/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1882/2022

04.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1882/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsəliyin tanınması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsəliyin tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, atası X1, anası X2 və qardaşı X3 rəhmətə getmələrini nəzərə alaraq onun vərəsə kimi tanınmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4. və 150.0.7. maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Hazırkı iddia ərizəsindən görünür ki, İddiaçı iddia icraatı qaydasında notariat kontoruna qarşı tələb irəli sürərək, vərəsə kimi tanınmağını xahiş etmişdir. Lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl məsələnin məhkəməyə qədər qaydada nizama salınmasına dair ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Bununla da, iddiaçının cavabdehə qarşı iddia tələbini irəli sürməyinə əsas olan hallar əsaslandırılmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1. və 152.1.6. maddələrindən görünür ki, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsəliyin tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar