Məhkəmə qərarları › İş №2(003)-1889/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1889/2021

01.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1889/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmmdə Asəf oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili X14, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı evin boşaldılması barədə qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı evin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qızları 10.07.2012-ci il təvəllüdlü X9, 26.12.2015-ci il təvəllüdlü X5 və 01.09.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə (Kanalüstü) ünanda yerləşən köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 29 iyun 2011-ci ildə evlənmişdir və onların nikahı Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(003)-1377/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahlarından 10 iyul 2012-ci il təvəllüdlü X9, 26 dekabr 2015-ci il təvəllüdlü X5 və 01 sentyabr 2017-ci il təvəllüdlü X10 olmuşlar. O cavabdehə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə (Kanalüstü) ünvanda yerləşən evinə gəlin köçmüş və ona məxsus olan cehiz əmlakları həmin evə yerləşdirilmişdir. O cavabdehlə ümumi təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Onlar bir müddət mehriban şəraitdə yaşamışlar, sonradan cavabdeh heç nədən evdə dava salır, atasının, anasının yanında uşaqlarının gözü qabağında onun ləyaqətini alçaldırdı. 2020-ci ilin yanvar ayında onun ağır vəziyyəti olduğu bir halda cavabdeh onu evdən çıxararaq, “get atanın xarabasına, qalsan səni öldürəcəyəm” -deyib, onu evdən çıxardı. Bundan sonra o uşaqları da götürüb atasıgilə gəldi və müalicə olunmağa başladı. Həmin vaxtan Cavabdeh nə onunla, nə də uşaqlarla maraqlanmadı. Bir müddət sonra ona bildirdi ki, gedib boşansın. Bundan sonra o nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdi. O hazırda valideynləri ilə birlikdə çətin şəraitdə qalır. Ona məxsus olan cehiz əşyaları və ev müxəllafatı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə (Kanalüstü) ünvanda cavabdehin yaşadığı evdədir. Həmin ev özbaşına qanunsuz tkilidir, hər cür kommunal şəraiti vardır. Artıq bir ildən çoxdur ki, o üç qızı ilə mübahisəli evə buraxılmır. Yaşamağa yerləri yoxdur, ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk idianın rədd edilməsi İddiaçı məxsus olan evdə qalan əşyaları qonaq otağndın mebeli qorka, stol, stullar, yataq mebeli – şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, köçürülməsi tələb olunan ev Xəzər rayon İcra hakimiyyəti başçısının 30 dekabr 1992ci il tarixli, 867 saylı sərəncamına əsasən xalası X6 məxsusdur. O, cavabdeh İddiaçı ilə 29 iyun 2011-ci ildə nikaha daxil olmuşdur. Anasıgil ilə birlikdə yaşamayaq deyə xalası Gülzar Rzayevanın evində yaşamağa başladıq. Birgə nikahdan 10 iyul 2012-ci ildə X9, 26 dekabr 2015ci idə X7 və 01 sentyabr 2017-ci ildə X10 anadan olmuşlar. Cavabdehlə münasibətlər yaxşı olmuşdur. 2020-ci ilin yanvar ayında o işdə olan vaxtı cavabdehin qardaşı evə gəlib, cavabdehi və uşaqları da götürüb evdən aparmışdır. Həmin vaxtı evdə heç kim olmamışdır. O işdə olmuşdur. Evdə yalnız cavabdeh və uşaqlar olmuşlar. O işdən evə gələndə ailəsnin evdə olmadığını gördü, qardaşı ilə əlaqə yaratdıqda isə, qardaşı ona bildirmişdir ki, cavabdehi 2 gün müddətində sağaldıb evə gətirəcək. Lakin 2 ay keçmiş, cavabdeh evə qayıtmamışdır. Dəfərlərlə cavabdehin qardaşına zəng olunsa da, heç bir fayda verməmişdir. Əksinə nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 2020-ci ilin mart ayında cavabdeh İddiaçı nikahın pozulmasına dair iddia ilə müraciət etmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 sentyabr 2020ci il tarixli, 2(003)-1377/2020 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Qətnaməyə əsasən uşaqlar ananın himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 mart 2020-ci il tarixdən başlayaraq hər ay ondan Cavabdeh qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutulması qət edilmişdir. Nikahın pozulması iddiasına baxılarkən dəfələrlə cavabdehə ailəni dağıtmamağı, evə qayıtması xahiş olunmuş, lakin cavabdeh heç bir əhəmiyyət verməmişdir. Məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt da verilmişdir. Nikah pozulduqdan 2 ay sonra təxminən 2020-ci ilin dekabr ayında cavabdeh qardaşı ilə birlikdə evə gələrək, mebellər istisna olmaqla, evdə olan bütün əşyalarını qabqacaqlarını, geyim əşyalarını, mebeldən başqa bütün əşyalarını qablaşdırmış, yük avtomaşınına yığaraq aparmışlar. Mebelləri isə səhərisi günü gəlib aparacaqlarını bildirmişlər. Lakin gəlib aparmamışlar. Beləliklə, cavabdehin evdə hər hansı bir əşyası yoxdur. Cavabdehin evdə qalan əşyaları qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebelişifoner, tumbadır. Ev dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusi etibarı ilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan əşyaların qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebeli – şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 867 saylı, 30 dekabr 1992-ci il tarixli sərəncamı ilə ona Zirə qəsəbəsi 3-36 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m yer ayrılmışdır. Sərəncamın əsasında həmin sahədə vəsaiti hesabına ev tikdirmişdir. Bütün kommunal xidmətlər onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh onun bacısı oğludur. Cavabdeh İddiaçı isə bacısının gəlinidir. Gəlin qaynana mübasibətlərinə görə bacısı ondan xahiş etdi ki, gənclər müvəqqəti olaraq onun evində yaşasınlar. Buna o etiraz etmədi. Sonradan 2020-ci ilin yanvar ayında İddiaçı uşaqları da götürüb evi tərk etmiş və 2020-ci ilin mart ayında cavabdeh İddiaçı nikahın pozulmasına dair iddia ilə müraciət etmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(003)-1377/2020 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Nikah pozulduqdan 2 ay sonra təxminən 2020-ci ilin dekabr ayında cavabdeh qardaşı ilə birlikdə evə gələrək, mebellər istisna olmaqla, evdə olan bütün əşyalarını qab-qacaqlarını, geyim əşyalarını, mebeldən başqa bütün əşyalarını qablaşdırmış, yük avtomaşınına yığaraq aparmışlar. Mebelləri isə səhərisi günü gəlib aparacaqlarını bildirmişlər. Lakin gəlib aparmamışlar. Cavabdehin evdə hər hansı bir əşyası yoxdur. Cavabdehin evdə qalan əşyaları qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebelişifoner, tumbadır. Hazırda evdə heç kim yaşamır. O Cavabdeh evin boşaldılmasını, yəni mebellərin götürülməsini tələb etmiş. Lakin Cavabdeh da bildirmişdir ki, mebellər cavabdeh İddiaçıdır. Bu səbəbdən hazırda evdə yaşayan olmasa da, cavabdehin mebel əşyalarının qalması onun öz evindən sərbəst istifadə etməyinə mane olur. Qeyd edir ki, nə Cavabdeh, nə də İddiaçı onun ailə üzvü deyildir. İddiaçı ilə Cavabdeh arasında da nikai pozulmuşdur. Cavabdeh keçmiş ailə üzvüdür. Artıq torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müvafiq orqana da müraciət etmiş. Qeyd edilən torpaq sahəsi onun mülkiyyətindir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izhat verərək iddianın təmin edilməsi qarılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, onun atası ilə cavabdehin atası əmioğludurlar. O Cavabdeh ilə 29 iyun 2011-ci ildə nikaha daxil olmuşdur. Nikahdan sonra cavabdeh Pərviz üçün tikilmiş olan hazırkı mübahisəli evə gəlin köçmüşdür. Aralarında mübahisə olanadək həmin evdə yaşamışdır. Sonradan mübahisə ilə bağlı atası evinə getmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X19 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək bildirdi ki, köçürülməsi tələb olunan ev Xəzər rayon İcra hakimiyyəti başçısının 30 dekabr 1992-ci il tarixli, 867 saylı sərəncamına əsasən xalası X6 məxsusdur. O, cavabdeh İddiaçı ilə 29 iyun 2011-ci ildə nikaha daxil olmuşdur. Anasıgil ilə birlikdə yaşamayaq deyə xalası Gülzar Rzayevanın evində yaşamağa başlamışlar. Birgə nikahdan 10 iyul 2012-ci ildə X9, 26 dekabr 2015-ci ildə X7 və 01 sentyabr 2017-ci ildə X10 anadan olmuşlar. Cavabdehlə münasibətlər yaxşı olmuşdur. 2020-ci ilin yanvar ayında o işdə olan vaxtı cavabdehin qardaşı evə gəlib, cavabdehi və uşaqları da götürüb evdən aparmışdır. Həmin vaxtı evdə heç kim olmamışdır. O işdə olmuşdur. Evdə yalnız cavabdeh və uşaqlar olmuşlar. Atas ilə, anası isə tam ayrı ünvanda yaşayır. O işdən evə gələndə ailəsinin evdə olmadığını gördü, qardaşı ilə əlaqə yaratdıqda isə, qardaşı ona bildirmişdir ki, cavabdehi 2 gün müddətində sağaldıb evə gətirəcək. Lakin 2 ay keçmiş, cavabdeh evə qaytımamışdır. Dəfərlərlə cavabdehin qardaşına zəng olunsa da, heç bir fayda verməmişdir. Əksinə nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 2020-ci ilin mart ayında cavabdeh İddiaçı nikahın pozulmasına dair iddia ilə müraciət etmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 sentyabr 2020ci il tarixli, 2(003)-1377/2020 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Qətnaməyə əsasən, uşaqlar ananın himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 mart 2020-ci il tarixdən başlayaraq hər ay ondan Cavabdeh qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutulması qət edilmişdir. Nikahın pozulması iddiasına baxılarkən dəfələrlə cavabdehə ailəni dağırtmamağı, evə qayıtması xahiş olunmuş, lakin cavabdeh heç bir əhəmiyyət verməmişdir. Həyyat məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt da verilmişdir. Nikah pozulduqdan 2 ay sonra təxminən 2020-ci ilin dekabr ayında cavabdeh qardaşı ilə birlikdə evə gələrək, mebellər istisna olmaqla, evdə olan bütün əşyalarını qabqacaqlarını, geyim əşyalarını, mebeldən başqa bütün əşyalarını qablaşdırmış, yük avtomaşınına yığaraq aparmışlar. Mebelləri isə səhərisi günü gəlib aparacaqlarını bildirmişlər. Lakin gəlib aparmamışlar. Beləliklə, cavabdehin evdə hər hansı bir əşyası yoxdur. Cavabdehin evdə qalan əşyaları qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebeli şifoner, tumbadır. Ev dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarı ilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, İddiaçı iddiasının rədd edilməsi və iddasının təmin edilərək, İddiaçı məxsus olan əşyaların qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebeli – şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mübahisəli onun bacısı Gülzarın adınadır. Öz evində yer olmadığına görə Gülzarın təklifi ilə Könül və Pərviz onun evinə köçmüşdürlər. Sonradan Könül həmin evdə olan əşyaları götürüb aparmışdırlar. Həmin evdə yalnız mebel qalmışdır. Könül və Pərviz həmin evdə 10 il yaşayıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, mübahisəli ev onun baldızının hesabına tikilib. O evin tikintisinə müəyyən köməklik göstərmişdir. Ev tikilən zaman oğlu Pərviz əsgərlikdə olub. Daha sonra Gülzar evi tərəflərə müvəqqəti vermişdir. Məhkəmə işdə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi iddia və müstəqil tələb irəli sürə üçüncü şəxs X3 iddiası rədd edilməlidir. İş materialarında olan Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 30.12.1992-ci il tarixli 867 nömrəli sərəncamı ilə Zirə qəsəbəsi Ə.Babayev küçəsi döngə 4, ev 16 ünvanında yaşayan X6 Zirə qəsəbəsində 3-36 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 m2 torpaq sahəsinin ayrılması,evin tikintisinin təqdim edilmiş 145-00-129c tipli layihə əsasında aparılması qərara alınmışdır. İş materiallarında olan Xəzər rayonu Zirə bələdiyyəsinin 20.10.2020-ci il tarixli, 9-78 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh adına Zirə bələdiyyəsində daşınmaz əmlak (torpaq sahəsi, mənzil bağ sahəsi) qeydiyyata alınmamışdır. Xəzər rayon İcra Hakimiyyəti başçısının 867 saylı 30.12.1992-ci il tarixli sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün X6 ayrılmış 1200 m2 torpaq sahəsinə görə vergi borcu Cavabdeh tərəfindən ödənulmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2(003)-1377/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29 iyun 2011-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 614 nömrəli akt qeydli nikah pozulması, birgə nikahdan doğulmuş 10 iyul 2012-ci il təvəllüdlü X9, 26 dekabr 2015-cı il təvəllüdlü X5 və 01 sentyabr 2017-ci il təvəllüdlü X10 anaları İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 10 iyul 2012-ci il təvəllüdlü X9, 26 dekabr 2015-ci il təvəllüdlü X5 və 01 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 10 mart 2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Mübahisənin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı 2015-ci ildə Cavabdeh ilə nikaha girmişlər və Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə (Kanalüstü) ünanda yerləşən özbaşına tikili olan evə əşyaları ilə birlikdə köçərək orada daimi və birgə təsərrüfat aparmaqla yaşamışdır. 2020-ci ilin yanvar ayından etibarən aralarında baş vermiş mübahisə nəticəsində evdən çıxmışdır. Aralarında olan nikah 18.09.2020-ci il tarixdə pozulmuşdur. İddiaçı hazırda valideynləri ilə yaşayır. Onun köçürülməsini tələb etdiyi ev dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, ilk iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyrimümkün olduğundan, X2 da evə dair sərəncam vermək hüququ olmadığından, ilk iddia üzrə iddiaçı mübahisəli evə köçürülməlidir. Bundan başqa, Cavabdeh ilk iddiaya etirazının dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İlkin iddia üzrə cavabdehin məhz ilkin iddiaçının köçürülməsini istədiyi ev (özbaşına tikili) üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların ilkin iddiaçıya qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, ilkin iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Bu səbəbdən ilk iddia üzrə iddiaçının özbaşına inşa edilmiş həmin tikiliyə köçürülməsi üçün qanuni maneə yoxdur. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə ilkin iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və ilkin iddia üzrə cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq ilkin iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni ilkin iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, ilkin iddia üzrə cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, ilkin iddiaçının və onun uşaqlarının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə (Kanalüstü) ünanda yerləşən evə köçürülməlidir. İlkin iddia tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, qarşılıqlı iddia tələbinin İddiaçı məxsus əmlakların (cehiz) həmin özbaşına tikilidən çıxarılması hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı evə köçürüldüyünə görə iddiaçının əşyalarının evdən çıxarılması qət oluna bilməz. Şəxs harada yaşayırsa onun əşyaları da orada olmalıdır. Odur ki, ilk iddianın təmin edilməsinin əsası qarşılıqlı iddianın bu hissədə rədd edilməsi üçün əsas sayılır. Yəni məhkəmə bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbinə münasəbətdə məhkəmə qeyd edir ki, üçüncü şəxsin tələbi İddiaçı iddiasının rədd edilməsi və (üçüncü şəxsin) iddasının təmin edilərək, İddiaçı məxsus olan əşyaların qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebeli – şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılmasıdır. Tələbin əsası kimi Zirə qəsəbəsi Ə.Babayev küçəsi döngə 4 ev 16 ünvanında yaşayan X6 Zirə qəsəbəsində 3-36 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 m2 torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 30.12.1992-ci il tarixli 867 nömrəli sərəncamı olmuşdur. Mülki qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Lakin mülki işin araşdırılması zamanı X11 ilk iddia üzrə iddiaçının köçürülməli olduğunu iddia etdiyi Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə (Kanalüstü) ünanda yerləşən evə dair və ya torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair və özbaşına tikilinin məhz Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 30.12.1992-ci il tarixli 867 nömrəli sərəncamı ilə ayrılan torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin də ifadələrindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh nikahda olduqları vaxtdan (29 iyun 2011-ci il) 2020-ci ilin yanvar ayına kimi həmin mübahisəli evdə yaşamışdırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı iddiasının rədd edilməsi və (üçüncü şəxsin) iddasının təmin edilərək, İddiaçı məxsus olan əşyaların qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebeli – şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. İddiaçı övladları – 10.07.2012-ci il təvəllüdlü X9, 26.12.2015-ci il təvəllüdlü X5 və 01.09.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə (Kanalüstü) ünanda yerləşən evə köçürülsün. Cavabdeh İddiaçı qarşı İddiaçı məxsus olan evdə qalan əşyaları qonaq otağındın mebeli qorka, stol, stullar, yataq mebeli – şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılması barədə qarşılıqlı iddiası rədd edilmişdir. Üçüncü şəxs X3 İddiaçı iddiasının rədd edilməsi və (üçüncü şəxsin) iddasının təmin edilərək, İddiaçı məxsus olan əşyaların qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebeli – şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar