Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1896/2021 03.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 920 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qızının qonşusu kimi tanımışdır. O, həmin ərazidə kirayə yaşamışdır. Oğlu əməliyyat olacağından pula ehtiyacı olduğuna görə qızına və özünəməxsus bəzi ev əşyalarını satmaq qərarına gəlmişdir. Beləliklə də, 4-5 ədəd örtük, 10 ədəd yataq dəsti, 3 ədəd qazan dəsti, 3 ədəd pərdə, 12 ədəd əl-üz dəsmalı, 12 ədəd can dəsmalı, 4 ədəd kişi gödəkçəsi, 3 ədəd qadın paltosu, kişi sviterləri, paltarları, divan örtüyü, qab-qacaq və bəzi xırda şeylərin ümumilikdə 1000 manat dəyərində olan əşyaları 2020-ci ilin əvvəllərində satmışdır. Cavabdeh isə həmin puldan 80 manatını ödəmiş, qalan 920 manatı isə pandemiyanı bəhanə edərək ödəməkdən yayınmışdır. Beləcə də, oğlunun əməliyyatı gecikdi və ağır halda xəstəxanaya yatırılmışdır. Həmin əşyaları verən zaman cavabdehin bacısı oğlu Rafayıl, sevgilisi Ülvi və onun baldızı Orucova Yasəmən, qızı Cəfərova Lamiyə də orada olmuşlar. Cavabdehə onun kirayə yaşadığını, sonra onu hardan tapacağını dedikdə isə ona əlaqə nömrəsini, qeydiyyatda olduğu ünvanı verərək narahat olmamağını bildirmişdir. Bir müddət sonra isə o, kirayə yaşadığı ünvandan köçmüş və onun telefonunu bloka atmışdır. Bununla bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etsə də, məsələ mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 2-3 gün bundan öncə X1 küçəsində təsadüfən onunla rastlaşaraq pulunu istədikdə, sevgilisi Ülvi ilə onu söyərək təhqir etmişlər. Məhkəmə iclasında iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə bildirişini qəbul etməkdən imtina etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin 20.12.2020-ci il məktubunun surətindən görünür ki, iddiaçıya hazırki məsələ ilə bağlı məhkməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında təqdim edilmiş sübutlar və iddiaçının bildirdiklərinə əsasən müəyyən edildi ki, iddiaçı cavabdehlə şifahi qaydada ənisyə alğı-satqı müqaviləsi bağlamaqla 1000 manat dəyərində əmlakını vermiş, lakin cavabdeh yalnız 80 manat ödəniş etməklə 920 manat iddiaçıya borclu qalmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən satılmış əşyalara görə ödənilməmiş 920 pul alınmaqla iddiaçıya ödənilməli, bununla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehdan 920 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1896/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-1896/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver