Məhkəmə qərarları › İş №2(003)-1897/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1897/2021

23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1897/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi və onun vəkili X3, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01.04.2005-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş X6 doğum faktının, anası Ərizəçi, atası Maraqlı şəxs1 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə baxışının gedişində tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 01 aprel 2005-ci ildə Bakı şəhərində bir oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi çox tərkiblidir. 2004-cü ildə Maraqlı şəxs1 ilə faktiki nikahda olmuş və həmin nikahdan 01.04.2005-ci ildə evdə Arif adlı oğlu anadan olmuşdur. Uşağın tərbiyəsi ilə hər ikisi məşğul olmuşlar. Aralarında rəsmi nikahları olmamışdır. Arif böyüyəndən sonra hər iki valideyninin yanında yaşamışdır. Hazırda da periodik olaraq onun və atasının yanında yaşayır. O, ev şəraitində anadan olduğundan doğum haqqında şəhadətnamə alınmamışdır, doğumun qeydə alınması üçün müəyyən sənədlər olmadığından məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Uşaq doğulduqdan sonra ərizəçi uşağı həkim nəzarətində saxlayır və o, hal-hazırda sağlam olmaqla Bakı şəhəri, Xəzər rayonu 31 saylı Birləşmiş şəhər xəstəxanasında qeydiyyatdadır. Hal-hazırda onun uşağı böyüyür və onda uşağın doğum haqqında şəhadətnaməsi olmadığından sənədlərini qaydaya sala bilmir, bu da onlara bir çox problemlər yaradır. Uşağının evdə doğulması faktını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Məhkəmədə ərizəçi X1 ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 məhkəməyə verdiyi izahatında bildirdi ki, o həqiqətən Ərizəçi ilə faktiki nikah münasibətlrində olmuş, onların faktiki nikahlarından 01.04.2015-ci il tarixdə Arif adlı uşaqları olmuşdur. Onların əvvəlki nikahlarından övladları vardır. İndi o, öz ailəsi ilə qalır. Arif onun ailəsində də qalır. Uşaqları onu tanıyır. Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, o, Ərizəçi qızının qonşusudur. Tərəflər əvvələr bir yerdə yaşayırdılar. Hicranənin maddi imkanı olmadığından o, ev şəraitində oğlan uşağı doğmuşdur. Sonradan onlar həmin uşağı Arif kimi tanımışlar. Uşaq 01.04.2005-ci il tarixdə ev şəraitində doğulmuşdur. Uşaq anadan olduqdan bir qədər sonra Hicranə faktiki nikahda olduğu və uşağının atası olan Rafaildən ayrılmışdır. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, o, Ərizəçi qızının qonşusudur. Ailəni uzun müddətdir tanıyır. Başqa övladları da var. Ərizəçi 2005-ci ildə ev şəraitində oğlan uşağı doğmuşdur. O, həmin uşağı Arif kimi tanımışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi bölmələrini idarəetmə birliyi" publik hüquqi şəxs "31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" Publik hüquqi şəxsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, 38 saylı məktubdan aydın olur ki, 01.04.2005-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan X7 16.03.2021-ci il tarixdə müayinələrdən keçmişdir. Pediatr-sağlam (31 BŞX), nevropatoloqsağlam (31 BŞX), stomatoloq-sağlam (31 BŞX), cərrah-sağlam (31 BŞX), oftalmoloqsağlam (26 BŞX), lor-sağlam (26 BŞX), rengen-müayinə-praktiki sağlam (29 BŞX), qanın, sidiyin ümumi analizi-norma (31 BŞX). Diaqnoz: praktiki sağlam. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinin Ərizəçi qızına ünvanladığı 05/15-183 nömrəli, 03 mart 2021ci il tarixli məktubdan görünür ki, evdə doğulmuş uşağın doğumunun qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qayda”sının 2.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir. 2.5.1 valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnamələri, 2.5.3 doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (əsli); 2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd. Göstərilən qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərlə əlaqədar aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-ə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, habelə qanunverilciliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.3,). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçi tərəfindən lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi oğlu Arif onun Maraqlı şəxs1 ilə faktiki nikahlarından 01 aprel 2005ci il tarixdə ev şəraitində dünyaya gəlmişdir. Uşaq tibb müəssisəsindən kənarda, yəni ev şəraitində dünyaya gəldiyi üçün ona doğum haqqında şəhadətnamə verilməsindən Xəzər rayon Qeydiyyat Şöbəsi imtina etmişdir. Hazırda ərizəçi onun 01 aprel 2005-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağını dünyaya gətirməsi faktının məhkəmə qaydasında müəyyən edilməsini tələb edir. İş materialları, ərizəçinin izahatı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, Ərizəçi qızının 01 aprel 2005-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı dünyaya gətirməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin o da müəyyən edilmişdir ki, hazırda həmin uşaq sağlamdır və odur ki, uşağın doğum faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə, Ərizəçi qızının 01 aprel 2005-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması faktı müəyyən olunmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qızının 01 aprel 2005-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması hüquqi əhməiyyətli faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi qızının 01 aprel 2005-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar