Məhkəmə qərarları › İş №2(003)-1934/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1934/2023

02.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1934/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtamat yolu Şəhid Samir bulağı ilə üzbəüz yerləşən iki otaqdan ibarət fərdi yaşayış evinə onu və azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Cavabdehlə 2009-cu ildən qeyri-rəsmi nikaha daxil olmuşlar. 1 il sonra isə rəsmi nikaha daxil olmuşlar.cavabdehlə nikahı məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 onun himayəsində yaşayırlar. Birgə nikah dövründə atasının vəsaiti hesabına Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtamat yolu Şəhid Samir bulağı ilə üzbəüz yerləşən iki otaqdan ibarət fərdi yaşayış evi tikmiş və orada yaşamışlar. Təsərrüfatı birgə idarə etmişlər. Hazırda da onun bütün cehiz əşyaları və məişət əşyaları həmin evdədir. Yaşadıqları həmin mənzil sahəsindən cavabdeh onu və iki uşağını qovmuşdur. Eyni zamanda, cavabdeh aliment məbləğini də ödəmir. Hal-hazırda o, iki uşağı ilə birlikdə kirayəçi olaraq yaşayır. Uşaqların dolanmağı, təhsili, geyim və digər ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Nikahlarının ilk 2-3 ilində kirayəçi olaraq yaşamışlar. Daha sonra isə torpaq sahəsi alaraq orada ev tikməyə başlamışlar. 2013-cü ildən etibarən mübahisə predmeti olan evdə yaşamağa başlamışlar. 2015-ci ilin dekabr ayında o, evdən getmiş və rayonda yaşamışdır. Rayonda yaşadığından uzun müddət məhkəməyə müraciət edə bilməmişdir. Ev atasının maddi dəstəyi ilə tikilmişdir. Hal-hazırda cavabdeh həmin evdə yaşayır. Evə dair yalnız bələdiyyə sənədi mövcuddur, hər hansı digər sənəd mövcud deyil. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-25/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan uşaqların analarının himayəsində saxlanmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında elektrik enerjisinin sayğacı Cavabdeh adınadır (abunə kodu: **********40304). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, tərəflər 2009-cu il tarixdən qeyrirəsmi münasibətdə olmuş, 2010-cu il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Rəsmi nikaha daxil olduqdan sonra tərəflər 2-3 il müddətinə kirayəçi olaraq yaşamışlar. İddiaçı mübahisə predmeti olan evin birgə nikah dövründə atasının vəsaiti hesabına alındığını bildirsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Ümumiyyətlə, torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyəti təsdiq edən hər hansı sənədi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. İddiaçı sübut kimi təqdim etdiyi -"xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumatda ünvan “Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi” göstərilmiş olsa da, mübahisəli evin ünvanı “Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtamat yolu” qeyd edilmişdir. Lakin iddiaçı həmin sənəddə göstərilən ünvanın hazırki mübahisə predmeti olan evə aid olduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar