Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1966/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və ona təhvil verilmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və ona təhvil verilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 6 sot torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 6 sot torpaq sahəsi Qala Bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli 139 saylı sərəncamı ilə ona ayrılmış və həmin sərəncama əsasən eyni tarixdə Qala Bələdiyyəsi ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən tərəfindən 2.640.000 (iki milyon altı yüz qırx manat pul) ödənildikdən sonra Bakı şəhəri Əzizbəyov rayonu Yeni massiv küçəsində yerləşən 600 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinin yerləşdiyi yerə dair kadastr planı (plan və ölçüsü də) bələdiyyə tərəfindən rəsmi qaydada təsdiq olunaraq alqısatqı müqaviləsinə əlavə edilmişdir. Torpaq sahəsini alandan sonra dörd tərəfinə bir metr hündürlüyündə daş hasar çəkdirmişdir. Təxminən 15-20 gün bundan əvvəl torpaq sahəsinə gedən zaman orada kənar şəxslər tərəfindən torpaq sahəsinin zəbt olunduğunu və tikinti apardığını görmüşdür. Torpaq sahəsinin kim tərəfindən zəbt olunması ilə maraqlandıqda həmin şəxsin iş üzrə Cavabdeh olduğunu müəyyən etmişdir. Bununla əlaqədar polis orqanlarına müraciət etmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh həmin torpaq sahəsini vətəndaş X1 12 sot olmaqla 4800 manata aldığını bildirmişdir. Həmin 12 sot torpaq sahəsinin vətəndaş X3 Qala Bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli 246 saylı sərəncamı əsasında verildiyi bildirilsə də, həmin torpaq sahəsinin yerləşdiyi yer müəyyən edilməmişdir və buna görə də bu sərəncamın ona ayrılmış 6 sot torpaq sahəsinə heç bir aidiyyəti ola bilməz. Belə ki, onun torpaq sahəsinin yerləşdiyi yer, kordinatları, plan-ölçüsü barədə xəritə də bələdiyyə tərəfindən təsdiq edilərək onunla bağlanmış torpağın alqı-satqı müqaviləsinə əlavə edilmişdir. Cavabdeh torpaq sahəsini X1 aldığını bildirdiyi üçün və X2 adına torpağa dair müvafıq sərəncam olduğu üçün Xəzər RPİ-ni 1-ci PŞ tərəfindən material üzrə cinayət işi başlanması rədd edilmiş və torpaq mübahisəsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də, hesab edir ki, onun mülkiyyətində olan Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 6 sot torpaq sahəsinə dair qanuni hüquqların məhkəmə qaydasında bərpa olunmalı, cavabdeh qanunsuz zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi ona təhvil verilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməklə iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsinə dair sənədlərin arxiv kötüyü yoxdur və həmin sənədlər saxtadır. Belə ki, iddiaçı özü onunla telefon danışıqlarında bildirmişdir ki, torpaq sahəsini 2013-cü ildə almış, lakin onda olan sənədlər isə 2005-ci ilə aidir. Mübahisə predmeti olan torpaq sahəsini o, 2009-cu ildə X1 almış və həmin tarixdən də torpaq sahəsi onun istifadəsindədir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini alanda 3 mişar daşı hündürlüyündə hasar olmuşdur. Hesab edir ki, torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayonu Qala Bələdiyyəsinin sədrinin xx.xx.2005-ci il tarixli 139 nömrəli sərəncamının və xx.xx.2005-ci il tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alğı-satıq müqaviləsinin surətindən görünür ki, İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ona məxsus torpaq sahəsinin zəbt olunmasına dair müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd ediməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, müraciət əsasında aparılmış araşdırma ilə əlaqədar olaraq X5 xx.xx.2005-ci il tarixli, 246 N-li Sərəncamı ilə vətəndaş X3 və X5 xx.xx.2005-ci il tarixli, 139 N-li Sərəncamı ilə vətəndaş İddiaçı həqiqətən torpaq sahələrinin ayrılıb-ayrılmamasının, təqdim edilən sənədlərin Qala Bələdiyyəsinin reyestr kitabında qeydiyyatda olub-olmamasının, həmin torpaq sahələrinin harada yerləşməsinin müəyyən edilməsi məqsədilə Qala qəsəbə Bələdiyyəsinə sorğu göndərilmiş və alınmış xx.xx.2022-ci il tarixli, 1-1/37 saylı cavab məktubunda Qala Bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına keçirilmiş baxış zamanı vətəndaş X3 X5 xx.xx.2005-ci il tarixli, 246 saylı Sərəncamı ilə ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunsa da, lakin vətəndaş İddiaçı hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair heç bir qeydin olmadığı göstərilmişdir. İş üzrə məhkəmə sorğusuna Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilmiş və İddiaçı hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 6 sot torpaq sahəsinin ona ayrılmasını bildirsə də, nə bununla bağlı, nə də həmin torpaq sahəsinin ona ayrılması barədə təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir. Lakin müəyyən edilir ki, iddiaçıya Qala Bələdiyyəsi tərəfindən hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsi ayrılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil olan torpaq sahəsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və ona təhvil verilmə barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və ona təhvil verilmə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1966/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1966/2022
13.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver