Məhkəmə qərarları › İş №2(003)-1969/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1969/2021

18.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1969/2021 18.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evə köçürülmə və cavabdehlərin həmin evdən çıxarılmaları tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 143 saylı evin sol hissəsində olan ikinci mərtəbəsində yerləşən (mətbəxdən girişi olan) iki otağa köçürülməsi və həmin otaqlardan cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 143 nömrəli ev paylı mülkiyyətdə olmaqla 5/6 hissəsi ona məxsusdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli çıxarış ona verilmişdir. Həmin evin 1/6 hissəsi isə qardaşı iş üzrə Cavabdeh1 məxsusdur. Həmin evin böyük hissəsinin ona məxsus olmasına baxmayaraq, cavabdehlər həmin evdə yaşayırlar və ona həmin evdən istifadə etməsinə, orda yaşamasına icazə verməməklə, mülkiyyət hüququnu tapdalıyır. Həmin evin yaşayış üçün yalnız ikinci mərtəbəsi yararlıdır. Əvvəllər o, ailəsi ilə birlikdə evin ikinci mərtəbəsində yerləşən iki otağında yaşamışdır. Evin ikinci mərtəbəsinə qalmaq üçün iki pilləkən mövcüddur. Pilləkənlərin biri evin sol tərəfində, digəri isə sağ tərəfindən yerləşir. Yəni evin ikinci mərtəbəsində yerləşən otaqlardan ikinsində o, öz ailəsi ilə birlikdə yaşamış, digər iki otaqda isə qardaşı Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşamış və istifadə etdikləri otaqlara ayrıca giriş-çıxış olmuşdur (pilləkən olmuşdur). Həmçinin istifadələrində ayrıca mətbəxlər olmuşdur. O, bir müddət oğlu ilə birlikdə orda yaşamamışdır. Hazırda isə müəyyən etmişdir ki, cavabdehlər ona məxsus otaqları zəbt etmişlər və onu həmin evə buraxmırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, mübahisəli mənzil iddiaçının paylı mülkiyyətindədir. O, iddiaçının mənzilə köçməsinə və yaşamasına etiraz edir. Belə ki, onların birgə yaşamaları qeyri-mümkündür. İddiaçı uzun illərdir evdən çıxmış həmin evdə daimi yaşamamış hərdən bir gəlib-getmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29.03.2008-ci il tarixli 2-141/2008 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 143 nömrəli evin 5/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.11.2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29.03.2008-ci il tarixli 2-141/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 05.07.2008-ci il tarixdə verilmiş MH seriyalı № ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində istifadədə olan 0.02251 ha torpaq sahəsində yerləşən 43 saylı 2 mərtəbəli binada yerləşn 128.3 kv.m yaşayış sahəsindən, 57.2 kv.m köməkçi sahədən ibarət 7 otaqlı evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 5/6 hissə, Cavabdeh1 1/6 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 8506 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evin 5\6 hissədə mülkiyyətçisidir, onun həmin evə köçməsi üçün hüquqi əsası vardır. Lakin cavabdehlərin onu mübahisəli mənzilə buraxmaması nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmir. Odur ki, iddia tələbi evə köçürülmə hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin onun istifadəsinə verilmiş otaqlara köçürülməsi və həmin otaqlardan cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması dair hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, əvvəla Cavabdeh1 mübahisəli evin paylı mülkiyyətçisidir və o, öz ailə üzvləri ilə həmin evdə yaşayır. Bununla yanaşı, həmin paylı mülkiyyətdə olan daşınmaz əmlak naturada ayrılmamaqla (qanuni qüvvədə olan qətnamə var real bölgü mümkün deyil) hər hansı bir hissənin bir mülkiyyətçiyə aid olmasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 143-ə köçürülməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 143-ə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar