Məhkəmə qərarları › İş №2(003)-200/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-200/2022

10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-200/2022 10.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası DSMF-nin Xəzər rayon şöbəsinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1973-cü il tarixdən 1992-ci ilin may ayının 8-dək olan dövrdə Şuşa şəhər 2 nömrəli internat məktəbində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1973-cü ilin sentyabr ayının 1-dən 1976-cı ilin fevral ayına qədər Şuşa rayon, 2 saylı orta internat məhkəbində laborant vəzifəsində işləmişdir. 1976-cı ilin noyabr ayına qədər həmin məktəbdə riyaziyat müəllimi, 1976-1978ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1978-ci ildən 1992-ci ilə kimi qeyd edilən məktəbdə müəllim işləmişdir. 1986-cı ildən həmin məktəbdə direktor vəzifəsində çalışmışdır. 1992-ci ilin sentyabr ayından hazırkı vaxta kimi Mərdəkanda yerləşən Şuşa 5 saylı orta məktəbdə direktor vəzifəsində işləyir. Şuşa şəhəri işğal olunandan sonra onun əmək kitabçası orada qalmışdır. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi Şuşa rayon Təhsil Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şüşa rayon təhsil şönəsindən alınmış 24.09.2021-ci il tarixli N-02/ 01 saylı arayışda qeyd edilir ki, “Şüşa rayon təhsil şöbəsi 1973-cü ilin sentyabr ayından 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 nömrəli internat məktəbində işləməsinin təsdiq edilməsi ilə bağlı 24.08.2021-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, ermənistan ordusu tərəfindən Şuşa rayonunun işğal edilməsi ilə əlaqədar olaraq bütün arxiv sənədləri işğal altında qalmışdır. Daha sonra ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 1979-cu ilin yanvar ayından 1986-cı ilədək həmin Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində çalışmış, qiyabi təhsil aldığı üçün hər xidmətdə olmuş, daha sonra 1979-cu ilin yanvar ayından 1986-cı ilədək həmin Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. Daha sonra 1986-cı ildən Şuşa şəhər işğal olunanadək 2 N-li internat məktəbinin direktoru kimi çalışmışdır. Lakin onun bu illərdə çalışması nəzərə alınmamışdır. Belə ki, həmin dövrə dair əmək kitabçası müharibə vaxtında orada qalmışdır. Lakin onunla birlikdə həmin dövrdə çalışmış və əmək kitabçaları olan şəxslər buna şahiddirlər. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X6 ərizənin təmin olunmasına etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla məsələn əmək kitab ası ilə təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək staij dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stalının yarısından artıq ola bilməz. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləməri barədə öz sənədlərini təqdim etməlidirlər. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, 1980-ci il tarixdən 3 saylı internat məktəbində hərbi müəllimi işləmişdir. 1981-ci il tarixdən isə Şuşa şəhər 2 N-li internat məktəbində işləməyə başlamış və 1989-cu ilədək həmin məktəbdə işləmişdir. Ərizəçi isə əvvəllər Şuşa şəhər 1 N-li orta məktəbdə işləmiş, 1986-ci ildə isə onun işlədiyi Şuşa şəhər 2 N-li internat məktəbin direktoru təyin edilmişdir. (əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir) Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, o, Şükürlə 1974-cü il tarixdə X1 bir oxumuşdur. 1980-1992-ci il tarixlərdə Şuşa şəhərində yaşamışdır. 1982-ci il tarixdə Şuşa şəhərində əyani-qiyabi orta məktəbində işləmiş, 20.03.1986-cı il tarixdə o Şuşa şəhər 2 N-li internat məktəbə direktor təyin edilmişdir. Həmin vaxtı Şükür Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləmişdir. 1986-cı ilin son aylarında o, direktor vəzifəsindən azad edilmiş və bundan sonra Şuşa şəhər 2 N-li internat məktəbin direktoru vəzifəsinə Şükür təyin olunmuşdur. Şükür Şuşa şəhəri işğal olunanadək həmin məktəbdə direktor vəzifəsində işləmişdir. Belə ki, onlar həmyerli və dost olmuşlar. Ona görə də Şükürün 2 N-li internat məktəbin direktoru vəzifəsində işləməsinin şahidi olmuşdur. (əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir) Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, Şuşa şəhərində yaşdıqları vaxtı ərizəçi Şükürlə qonşu olmuş və onları tanımışdır. Ona görə də ərizəçinin 1986-cı ildən Şuşa şəhər 2 N-li internat məktəbin direktoru vəzifəsində işləməsinin şahidi olmuşdur. Özü isə 1978- 1990-cı illərdə Şuşa şəhər 4 nömrəli orta məktəbdə işləmişdir. 1990-cı ildən isə Şükürün hazırda da direktor işlədiyi Şuşa şəhəri 2 N-li internat məktəbdə işləməyə başlamışdır. (əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir) Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, 1972-ci ildən Şuşa şəhəri işğal olunanadək, yəni 1992-ci ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə fizika müəllimi işləmişdir. Şükür isə 1973-cü ildən tanımışdır. Belə ki, Şükür 1973-cü ildə onun işlədiyi Şuşa şəhər 1 N-li orta məktəbdə lobarant vəzifəsində işə düzəlmiş və 1986-cı ilədək həmin məktəbdə işləmişdir. Şükür 1973-cü ildən 1976-cı ilin sonunadək həmin məktəbdə laborant vəzifəsində işləmişdir. Daha sonra Şükür hərbi xidmətə getmiş və hərbi xidmətdən qayıtdıqdan sonra 1979-cu ildən 1986-cı ilədək məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. O, həmin məktəbdə işlədiyindən bunun şahidi olmuşdur. 1986-cı ilin son aylarında isə Şükür 2 N-li internat məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. (əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir) Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, 1973-cü il tarixdən Şuşa şəhər 1 N-li orta məktəbə pioner baş dəstə rəhbəri təyin olunmuş, ele həmin vaxtda da Şükür həmin məktəbdə lobarant vəzifəsində işə düzəlmişdir. Həmin vaxtdan Şükürü tanımışdır. Həmin məktəbdə Şükür onunla birlikdə 1986-cı ilədək işləmiş, həmin ildə Şuşa şəhər 2 nömrəli internat məktəbinə direktor təyin olunduğundan Şükür məktəbdən çıxmışdır. Özü isə Şuşa şəhər 1 N-li orta məktəbdə ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. Həmçinin bildirmişdir ki, ərizəçi, 1976-cı ilin sonunadək həmin məktəbdə laborant vəzifəsində işləmiş, daha sonra hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra isə 1979-cu ildən 1986-cı ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. (əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir) İş materiallarında olan Şuşa rayon təhsil şöbəsinin ərizəçiyə ünvanladığı məktubundan görünür ki, Şuşa Rayon Təhsil Şöbəsi 1973-cü ilin sentyabr ayından 1992-cı ilin may ayının 8-dək Şuşa şəhər 2 nömrəli internat məktəbində işləməsinin təsdiq edilməsi ilə bağlı 24 avqust 2018-cı il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Ermənistan ordusu tərəfindən Şuşa rayonunun işğal etməsi ilə əlaqədar olaraq bütün arxiv sənədləri işğal altında qalmışdır. Bu səbəbdən də onun 1973-cü ildən 1992-ci iin may ayının 8-dək olan dövrdə Şuşa şəhər 2 nömrəli intemat məktəbində işləməsini təsdiq edən qeydlərin yazılması mümkün deyildir. Odur ki məhkəmə orqaqnlarna müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Rayon Bölməsinin 01.09.2021-ci il tarixli 172 nömrəli arayışından görünür ki, 1956-cı il təvəllüdlü Şuşa rayon sakini Ərizəçi 11.11.1976-cı il tarixdən 05.12.1978-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının ərizəçiyə ünvanladığı 14.01.2022-ci il tarixli yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina olunması haqqında məktubundan görünür ki, əmək kitabçası olmaması ilə əlaqədar əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qərarı təqdim edildikdən sonra ona yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələnin baxılmasının mümkün olacağı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yangın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinə dair Qaydaların 3.2.1 və 3.2.2 bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası ilə, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki işin materiallarından görünür ki, Ərizəçi yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, lakin ona əmək kitabçası olmadığından imtina olunmuşdur. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, hüquqi faktın müəyyən edilməsi ərizəçiyə pensiya təminatının əldə edilməsi üçün lazımdır və o, həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Ona görə də, bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, təqdim olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 1979-cu ilin yanvar ayından 1986-cı ilədək həmin Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləmişdir, ona məxsus əmək kitabçası Şuşa şəhəri işğal edilərkən orada qalmışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün qeyd edilənərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərizəçinin 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 1979-cu ilin yanvar ayından 1986-cı ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 1979-cu ilin yanvar ayından 1986-cı ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar