Məhkəmə qərarları › İş №2(003)-2004/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2004/2023

13.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2004/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi və evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi, döngə 2, ev 1, 10 saylı mənzildən istifadə hüququnun itirilməsinə və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi, döngə 2, ev 1, 10 saylı mənzil onun xüsusi mülkiyyətindədir və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarışı vardır. Cavabdeh onun gəlini olmuş, oğlu X1 Cavabdeh arasında olan nikah Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh oğlu ilə arasında olan nikah pozulduqdan sonra bütün əmlaklarını götürərək evdən çıxmış, öz valideynlərinin yanında yaşamağa başlamışdır. Cavabdehin hazırda onun mənzilində heç bir istifadə hüququ yoxdur. Belə ki, cavabdeh oğlu ilə 31 yanvar 2014-cü il tarixdə nikaha daxil olmuş, həmin nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Cavabdehlə aralarında istifadə hüququ ilə bağlı münasibətlərə 01 sentyabr 2001-ci il tarixdə hüququ qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Həmçinin qanunun tələbinə görə onunla cavabdeh arasında evdən istifadə hüququna dair notaariat qaydada bağlanmış müqavilə olmalıdır. O, dəfələrlə cavabdehə onun evindən çıxmasını tələb etsə də o, buna heç bir məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 oxşar izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, hazırda iddiaçının oğlu mübahisəli mənzildə yaşamır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirdi ki, cavabdeh hazırda Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi, döngə 2, ev 1, 10 saylı mənzildə az yaşlı övladı ilə birlikdə yaşayır və onun başqa yaşayış yeri yoxdur. Cavabdehə mübahisəli mənzildə yaşamaq üçün 2 il möhlət istəyir. Mənzildən sonra özü çıxacaqdır. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi, döngə 2, ev 1, 10 saylı mənzil xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1131/2019 saylı qətnaməsindən görünür ki, X1 Cavabdeh arasında olan 31 yanvar 2014-cü il tarixdə nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi, döngə 2, ev 1, 10 saylı mənzildə Cavabdeh, X3, xx.xx.2014-cü il təvəllüdlü X2 qeydiyyatdadırlar. İşin hallarından və iddia tələbindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi, döngə 2, ev 1, 10 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir və buna dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarışı vardır. İddiaçı hazırda məhkəməyə müraciət edərək Cavabdeh mənzildən istifadə hüququnun itirilməsinə və evdən çıxarılması xahiş edir. İddiaçı öz tələbini onunla əsaslandırır ki, cavabdehin hazırda onun mənzilində heç bir istifadə hüququ yoxdur, cavabdeh oğlu ilə 31 yanvar 2014-cü il tarixdə nikaha daxil olmuş, həmin nikah xx.xx.2019-cu il tarixdə pozulmuş, onunla cavabdeh arasında evdən istifadə hüququna dair notaariat qaydada müqavilə bağlanmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi, döngə 2, ev 1, 10 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh iddiaçının oğlu ilə 31 yanvar 2014-cü il tarixdə nikaha daxil olmuş, həmin nikah xx.xx.2019-cu il tarixdə pozulmuş, cavabdeh hal-hazırda həmin mənzildə yaşayır.. Göründüyü kimi, mübahisəli mənzillə bağlı hüquq münasibəti 2014-cü ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. http://e-qanun.az/files/code/data/0/c_c_9.htm Məhkəmə hesab edir ki, işin bu cür halında mövcud iddia tələbi xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil cavabdehin qayınanası, yəni iddiaçının mülkiyyətində olduğundan, o cümlədən cavabdeh mənzilin mülkiyyətçisindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qeyd edilən evin mülkiyyətçilərinin digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli evdən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Lakin, buna baxmayaraq Cavabdeh istifadə hüququ mövcud olmadığından mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə onun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməz. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh mübahisəli mənzildən çıxarılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblikhüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmişimkanıdır. 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərədə mənsub ola bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi, döngə 2, ev 1, 10 saylı mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazınınəsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-cimaddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi, döngə 2, ev 1, 10 saylı mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar