Məhkəmə qərarları › İş №2(003)-2015/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2015/2022

19.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2015/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Malik Musayev küçəsində yerləşən 24 saylı evə dair istifadə hüqularının itirilmiş hesab edilməsi və onların həmin evdən azyaşlı uşaqları X5, X4 ilə birlikdə çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onun qardaşlarıdır. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Malik Musayev küçəsində yerləşən 24 saylı ev və həmin evin yerləşdiyi torpaq sahəsi atası X1 miras qalmışdır. Həmin miras əmlaka dair vərəsəlik qaydasında hər birinin 1/3 hissədə payı tanınmış və bu barədə Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Daha sonra aralarında olan razılaşma əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107 kv.m olan fərdi yaşayış evinin və 0.1886 ha torpaq sahəsinin bölüşdürülməsi barədə notarial qaydada təsdiq edilmiş bölgü sazişi bağlanılmışdır. Həmin bölgü sazişinə əsasən Cavabdeh1 payı - 0.0695 ha torpaq sahəsi, Cavabdeh3 payı - 00657 ha torpaq sahəsi, onun payı isə - A tikilisi və 0.0534 ha torpaq sahəsi təşkil etmişdir. Bundan sonra payı Dövlət reyestrində qeydiyyata alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. Odur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Malik Musayev küçəsində yerləşən 24 saylı ev onun mülkiyyətidir. Həmçinin aralarında olan şifahi razılaşmaya əsasən iş üzrə cavabdehlər qısa müddətdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Malik Musayev küçəsində yerləşən 24 saylı evdən qeydiyyatdan çıxmaqla, evi tərk etmələri barədə öhdəliklər götürmüşlər. Lakin buna baxmayaraq, onlar həmin evi tərk etməkdən imtina edirlər. Bu hal isə onun mülkiyyət hüququnu pozmuşdur. Ona görə də onların həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi evdən çıxarılmaları barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh3 iddia tələbini etiraf etməyərək bildirdi ki, mübahisəli ev onun atasına məxsus olub. Atasında onlara torpaq sahəsi və mübahisəli ev qalmışdır. Həmin mənzil onların yəni, qardaşı və iddiaçı arasında razılığa əsasən bacısına qalmışdır. Ona və qardaşına atasından miras qalmış torpaq sahəsi ayrılmışdır. O, ona miras payı kimi düşən torpaq sahəsini satmaq istəyir. Həmin torpaq sahəsi satıldıqdan sonra həmin evdən çıxacaqdır. Lakin hal-hazırda onun yaşamağa başqa yeri yoxdur. Həmin evdə o, qardaşı, arvadı, qardaşının arvadı, özünün və qardaşının azyaşlı uşaqları ilə yaşayır. Digər cavabdeh olan qardaşı Cavabdeh1 artıq özünə məxsus torpaqda özünə ev tikmişdir. Hazırda evdən çıxarılmağına razı deyil. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh4 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, mübahisəli mənzilə miş və izahatında bildirmişdir ki, o, mübahisəli evə 2007-ci ildə gəlin köçmüşdür, hal-hazırda həmin evdə yaşayır. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 mart 2022-ci il tarixli bölgü sazişinin surətindən görünür ki, Cavabdeh1 0.0695 ha torpaq sahəsi, Cavabdeh3 0.0657 ha torpaq sahəsi, İddiaçı A tikilisi və 0.0534 ha torpaq sahəsi olmaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107 kv.m. olan fərdi yaşayış evinin və 0.1886 ha torpaq sahəsinin bölgüsü aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 24 saylı evə dair Cavabdeh1, İddiaçı və Cavabdeh3 istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 24 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 24 saylı fərdi yaşayış evinə dair İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli texniki pasport verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, həmçinin 2011-ci il təvəllüdlü X5 və 2008-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materialları və işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən olunur ki, X2 vərəsələri İddiaçı, Cavabdeh1, Cavabdeh3, həmçinin gəlinləri Cavabdeh2 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 1 ünvanında yaşamış, İsrafil Əhmədov 2013-cü ildə vəfat etdikdən sonra vərəsələri arasında bölgü sazişi bağlanmış, həmin ünvan üzrə Cavabdeh1 0.0695 ha torpaq sahəsi, Cavabdeh3 0.0657 ha torpaq sahəsi, İddiaçı A tikilisi və 0.0534 ha torpaq sahəsi olmaqla qarşılıqlı razılığa əsasən mülkiyyət hüquqları müəyyən edilmişdir. Lakin hazırkı vaxtadək cavabdehlər azyaşlı uşaqları ilə birlikdə sözügedən ünvanda yerləşən A tikilisində qeydiyyatda olmaqla yaşamaqdadırlar. Hazırda iddiaçı, mülkiyyətində olan A tikilisi və 0.0534 ha torpaq sahəsindən ibarət ünvan 1 ünvanından cavabdehlərin istifadə hüququna xitam verilərək çıxarılmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bölgü sazişi bağlamaqla mübahisəli tikiliyə olan bütün əmlak hüquqlarından imtina etmişlər. Hazırda onların həmin tikilidən istifadə etməsi iddiaçının öz əmlakından istifadəsinə maneə yaradır, mülkiyyət hüquqlarını pozur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında daşınmaz əmlakın bölgüsünə dair Saziş bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, müİkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mübahisəli mənzildə istifadə hüquqları saxlana bilməz. Odur ki, iddia həmin hissədə təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququna xitam verilməli və onlar həmin mənzildən çıxarılmalıdır. İddia tələbindən həmçinin görünür ki, iddiaçı, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 24 saylı evə 2008-2009-cu illərdə gəlin köçərək hal-hazıradək orada yaşayan Cavabdeh2 və Cavabdeh4 istifadə hüququna xitam verilərək azyaşlı uşaqları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissəsini araşdıraraq, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Çünki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin əvvəlki mülkiyyətçisi və hazırda olan mülkiyyətçi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da sonunculrın qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də iddia tələbi cavbdehlər Cavabdeh2 və Cavabdeh4 istifadə hüquqlarının itirilməsi hissəsində təmin edilməməlidir. Digər tərəfdən, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mənzilin əvvəlki mülkiyyətçisi və hazırda olan mülkiyyətçisindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh2 və Cavabdeh4 mübahisəli evdən istifadə hüquqları yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Göründüyü kimi, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından Cavabdeh2 və Cavabdeh4 mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi əsassızdır. Lakin, buna baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh4 istifadə hüquqları mövcud olmadığından mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə onun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməz. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 24 saylı evdən (mənzil) çıxarılmalıdır. Məhkəmə, cavabdehlərin azyaşlı uşaqları 2011-ci il təvəllüdlü X5 və 2008-ci il təvəllüdlü X3 həmin yaşayış sahəsindən çıxarılması tələbinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırkı iş üzrə də uşaqların ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və ataları olan cavabdehlərin (Cavabdeh1, Cavabdeh3) istifadə hüquqlarına xitam verildiyindən, o cümlədən anaları olan digər cavabdehlərində (Cavabdeh2 və Cavabdeh4) həmin yaşayış sahəsindən çıxarılması qənaətinə gəlindiyindən onların da həmin evdə yaşamaqları üçün qanuni əsaslar qalmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 24 saylı evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 azyaşlı uşaqları X5, X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 24 saylı evdən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar