Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-202/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş- 500 mm-lik magistral neft kəmərinin 23.4-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və hasara bitişik sanitar qovşağından ibarət tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş- 500 mm-lik magistral neft kəmərinin 23.4-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və hasara bitişik sanitar qovşağı tikililəri faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik “Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: “Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Dübəndi- Böyükşor Dş- 500 mm-lik magistral neft kəmərinin 23.4-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında fərdi yaşayış evi, hasar və hasara bitişik sanitar qovşağından ibarət tikililər inşa olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Dübəndi-Böyükşor Dş- 500 mm-lik magistral neft kəmərinin 23.4-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında fərdi yaşayış evi, hasar və hasara bitişik sanitar qovşağından ibarət tikililər inşa etməklə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin pozulmasına dair xəbərdarlıq edilmişdir. Eyni zamanda, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2022-ci il tarixli 10/4281 saylı rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan, Xəzər rayonu Binə qəsəbəsi Donuzçuluq sovxozu ünvanında yerləşən torpaq sahəsi SOCAR İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəəyən edilmişdir ki, cavabdehin əmlakı iddiaçıya məxsus zonada yerləşir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.3. və 67.4. maddələrinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişiklik edilməsi razılaşdırıldıqdan və bu məqsədlə işlənmiş layihə-smeta sənədləri Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması və müvafiq qaydada tikinti işlərinin icrasının başlanmasına yol verilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22ci maddəsində göstərilir ki, bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7. bəndindən görünür ki, boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulur ki, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə hesab edir ki, Cavabdeh tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında fərdi yaşayış evi, hasar və hasara bitişik sanitar qovşağından ibarət tikililər iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı balans və istismarında olan yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 23.4-cü kmdə, kəmərə paralel 1-ci sırada, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və hasara bitişik sanitar qovşağından ibarət tikililər onun hesabına sökülməli, mühafizə zonasından (ərazidən) çıxarılmalıdır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş- 500 mm-lik magistral neft kəmərinin 23.4-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və hasara bitişik sanitar qovşağından ibarət tikililər cavabdehin hesabına sökülsün, mühafizə zonasından (ərazidən) çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri hesabına 100 (bir yüz) manat tutularaq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-202/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-202/2022
16.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver