Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2025/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı ev köçürülmə və manəenin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində inşa olunmuş 4 otaqlı evə köçürülməsi və cavabdeh tərəfindən onun həmin evdə yaşamağısına hər hansı maneə yaratmasına qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ilin avqust ayının 6-dan cavabdehin atası X5 ilə faktiki nikaha daxil olaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsinə gəlin gəlmişdir. Həmin tarixdən 14 il müddətində həmin evdə yaşamışdır. Əri, X5 ilə həmin evdə birgə təsərrüfat aparmışlar. Cavabdeh analıq etmişdir. 27 iyul 2012ci ildən isə X5 ilə rəsmi nikaha daxil olmuşdur. Evin kommunal xidmətləri onun adınadır. Ərinin ölümündən sonra cavabdeh onu söyüb döyməyə başlamış və onu14 il ərzində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində yaşadığı 4 otaqlı evdən döyərək qovmuş, onu orada yaşamağa buraxmamışdır. Ərizəsinə əlavə etdiyi Xəzər RİH-nm Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində qeydiyyatsız yaşayır. Həmçinin ərizəsinə əlavə etdiyi qonşuları X9 və X1 notarial qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, həqiqətən həmin yaşayış sahəsində yaşayır, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli çıxarışından görünür ki, əri X3 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, fotoşəkildən görünür ki, Cavabdeh yumruqla onu vurub xəsarət yetirmişdir. Həmçinin ərizəyə əlavə olunan Xəzər RPİ-nin 3cü Polis bölməsinin təhqiqatçısı Namiq Binnətovun 14 iyul 2021-ci il tarixli qərarından görünür ki, barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Cavabdeh onun evdə yaşamağıma maneçilik yaradır, onu 14 il yaşadığı evdən qovmuşdur. Onun əşyaları da hazırda həmin evdədir. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, iş üzrə cavabdehin atası X2 arvadı olmuşdur. Onlar 2008-ci ilin avqust ayının 6-da faktiki olaraq ailə qurmuşlar və həmin tarixdən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində olan fərdi yaşayış evinə gəlin gəlmişdir. Nikahlarını isə 2012-ci ildə rəsmiləşdirmişlər. Ərinin ilk evliliyindən 4 oğlu vardır. O, uşaqlara analıq etmiş, onları böyütmüşdür. Əri işləməmiş, uşaqları saxlamaq üçün atasıgildən süd məhsullarını götürüb evə gətirmiş və uşaqlara yedizdirmiş, özü parnik əkib becərmiş, təsərrüfatla məşğul olmuşdur. Tərəvəz və göyərti yetişdirərək əldə edilən pula evin tələbatlarını ödəmişdir. Ogey uşaqlarının toylarının təşkilində, evlərin verilməsinə, gəlin gətirilməsində böyük rol olmuşdur. Ərinin daim iş yeri olmamış, o, hərdən bir neçə günlük işləmiş və tələbatını ödəmək üçün pulu özünə sərf etmişdir. Mübahisəli evdə yaşadığı 13 il ərzində çox əziyyətlərlə üzləşmişdir. Əri öləndən sonra ərinin oğulları atasının yas mərasimi üçün pul xərcləmək istəməmişlər və yas mərasimi üçün heç bir ödəniş etməmişlər. Yas məclisinin təşkili tamamilə onun üzərinə düşmüşdür. Ərinə məxsus köhnə avtomobili təcili olaraq satmış və əldə olunan pulu yas üçün yaranmış borcun ödənilməsində xərcləmişdir. Cavabdeh çox əsəbi biri olmaqla, epilepsiya xəstəsidir. Hər xırda hadisənin üstündə onu və öz arvadını nalayiq sözlərlə təhqir etmiş və şəxsiyyətlərini alçaltmışdır. Bundan başqa cavabdeh evdə olan bir çox əşyanı yararsız hala gətirmiş: 3 televizor və internet modemini və digər balaca əşyaları sındırmışdır. Hazırda isə cavabdeh onun döyüb evdən qovmuş və həmin evdə yaşamasına maneəçiliklər törədir. İş üzrə cavabdeh onu 2021-ci ilin iyul ayında baş vermiş münaqişə zamanı döyərək evdən qovmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, iddiaçını evdən heç kim qovmamış, o özü evdən çıxıb getmişdir. Onun tərəfindən döyülməsi barədə deyilənlər yalandır. Həmçinin bildirmişdir ki, iddiaçı, atasının arvadı olmuş və onlar uzun müddət Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində olan dörd otaqlı fərdi yaşayış evində yaşamışlar. Hazırda həmin evdə o özü yaşayır, həmin evin yerləşdiyi torpaq sahəsində olan digər fərdi yaşayış evində qardaşı yaşayır. Atası öləndən sonra evdə münaqişə baş vermiş və iddiaçı bundan sonra evi tərk etmişdir. Hazırda isə həmin evin bir otağında iddiaçının yaşamasına etiraz etmir. Hətta iddiaçıya təklif etmişdir torpaq sahəsini satsın və əldə olunan puldan ona 10000 manat məbləğində kompensasiya versin, iddiaçı isə razılaşmamışdır. Əlavə olaraq bildirmişdir ki, iddiaçının təklifi ilə o, iddiaçının bacısı qızı ilə ailə qurmuş, lakin iddiaçının ailələrinə müdaxiləsi nəticəsində ayrılmışlar. Bu səbəbdən də iddiaçı ilə aralarında olan münasibət pozulmuşdur. Evin yerləşdiyi torpaq sahəsi atasına məxsusdur, evin isə sənədi yoxdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 750736 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı xx.xx.2012- ci ildə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 971546 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Abşeron Rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli əmrdən xx.xx.1990-ci il tarixli çıxarışın surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinn xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarın tələblərinə uyğun olaraq X3 fərdi ev tikmək üçün 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Xəzər rayon İcra hakimiyyəti Başçısının Binə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 917 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, həmin arayış verilmiş İddiaçı qlzlna ondan ötrü ki, o, həqiqətən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində qeydiyyatsız yaşayır. İş materiallarında olan saldosundan görünür ki, “Azəriqaz” İB-də ünvan 1 ünvan kimi qeydə alınmış **********00480 kodlu abonent İddiaçıdır. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PB-nin polis kapitanı Namiq Binnətov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, X4 bədəni üzərində olan xəsarətlərin sayı, yetirmə mexanizmi, yetirmə aləti və yetirmə müddətinin xx.xx.2021-ci il tarixə uyğun olubolmamasını müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizasının təyin edilməsi qərara alınmışdır. Mübahisənin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı, iş üzrə cavabdehin atası Məmmədxan Əliyev ilə 2008-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində inşa olunmuş 4 otaqlı evə gəlin gəlmiş, nikahları 2012-ci ilin iyul ayının 27-də rəsmiləşdirilmişdir. Əri, Məmmədxan Əliyev xx.xx.2018-ci il tarixdə ölmüş, iddiaçı 2021-ci ilin iyul ayınadək həmin evdə yaşamışdır. Hazırda həmin evdə iş üzrə cavabdeh yaşayır. Evin hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı, cavabdehin atası ilə 2008-ci ildə nikah münasibətlərinə girməklə ailə qurduqlarından tərəflər arasındakı münasibətlər 2000-ci ilin sentyabr ayından sonra yaranmışdır. Ona görə də, mübahisəyə onların münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehin də evə dair hal-hazırda hər hansı bir hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hər hansı bir hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikililərə köçürülməsi üçün qanuni maneə yoxdur. Cavabdeh iddiaçının könüllü olaraq evdən çıxıb getməyini bildirsə də bu işin araşdırılmış halları ilə təsdiqini tapmır. Eyni zamanda məhkəmə, iş üzrə cavabdehin iddiaçının mübahisə predmeti olan evdə yaşamasına dair etirazının olmaması ilə yanaşı işin faktiki digər hallarını nəzərə alaraq həmçinin qeyd edir ki, iddiaçının əri olmuş iş üzrə cavabdehin atası Məmmədxan Əliyev öldükdən sonra tərəflər arasında olan münasibətlər getdikcə pozulmuş və iddiaçı münaqişə nəticəsində həmin evi tərk etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi mərhum Məmmədxan Əliyevə məxsus olmaqla iş üzrə tərəflər onun vərəsələri sayılır. Onlar mərhumun ölümündən sonra həmin evin yerləşdiyi torpaq sahəsini, o cümlədən üzərində olan evdə yaşamaqla faktiki olaraq sahiblik etmişlər. Bununla da mübahisə predmeti olan tikili gələcəkdə miras əmlakın kütləsinə daxil olması mümkün görünür ki, bu isə iddiaçının da mərhumun vərəsəsi kimi həmin tikiliyə hüququnun yaranmasına gözlənti hüququnu mümkün edir. Həmçinin müəyyən olunur ki, iddiaçı evi könüllü surətdə deyil, münaqişə səbəbindən tərk etmiş, hazırda isə həmin evdə yaşaya bilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində inşa olunmuş 4 otaqlı evə köçürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya həmin evdə yaşamasına hər hansı bir maneənin yaratmasına qadağan edilməsi hissəsi də təmin edilməlidir. Belə ki, iddia tələbinin bu hissəsi evə köçürülmə tələbi ilə qarşılıqlı əlaqəli olduğundan cavabdeh tərəfindən mübahisə predmeti olan evdə iddiaçının yaşamasına törədiləcək maneə də qadağan edilməlidir. Belə ki, hazırki vəziyyətdə iş üzrə tərəflərin mübahisə predmeti olan tikiliyə hər hansı bir hüquqları olmamaqla, həmin evdə digər tərəfin yaşamasına törədilən maneə də əsassız və qanuna uyğun deyil. Beləliklə göstərilənləri ümumilişdirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində inşa olunmuş 4 otaqlı evə köçürülməli və cavabdeh tərəfindən iddiaçıya həmin evdə yaşamasına yaradılan hər hansı bir maneə qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində inşa olunmuş 4 otaqlı evə köçürülsün və Cavabdeh tərəfindən iddiaçıya həmin evdə yaşamasına yaradılan hər hansı bir maneə qadağan edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2025/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2025/2022
25.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver