Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2053/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına məcburi köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ev rəhmətlik babası X1 məxsusdur. O, uşaq yaşlarından həmin evdə yaşamış, hal-hazırda yaşayış yeri üzrə həmin evdə rəsmi formada qeydiyyatdadır. Babasının və nənəsinin sağlığında anası ilə birlikdə həmişə onlara qullu etmişlər. Nənəsi X7 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra babasına daha çox qayğı və qulluq lazım olduğundan anası orada daha uzun müddətli qalmağa başlamışdır. Babası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Rəhmətlik babasının dəfn mərasimini anası başa vurduqdan bir müddət sonra cavabdeh ona və anasına qarşı sərt mövqedə durdu. Belə ki, Cavabdeh ona evə buraxmadı. Cavabdeh evin giriş qapısının kilidini dəyişmiş və ona açar verməmişdir. Cavabdeh babasının sağlığında babasına qarşı çox haqsızlıqlar etmişdir, babasını heç bir əsas olmadan məhkəməyə vermiş, onu yaşlı vaxtında məhkəmə qapılarına salmaqla ona həm mənəvi, həm də maddi ziyan vurmuşdur. Onun yaşayış yeri üzrə qeydiyyatı qanunla həmin evədir, onun orada yaşaması üçün bütün zəruri olan əşyaları, yəni çarpayı və digər gərəkli əşyaları da mübahisə olunan evdədir. Cavadehin ona qarşı qanunsuz hərəkətlərinin qarşısının alması mümküsüzdür, yəni məhkəmədən kənar şəkildə mübahisənin həll edilməsi mümkün olmamışdır. Cavabdehin evin giriş qapısının kilidinin dəyişməsi barədə anası polisə məlumat vermiş, amma polis öz növbəsində heç bir tədbir görməmişdir. Hətta cavabdeh bir az da irəli gedərək anasını polisə vermişdir. Babası həmin evin bütün əşyalarını anasına vəsiyyət etmişdir. Anası babasının həm qanun üzrə, həm də vərəsəlik üzrə vərəsəsidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qızı – iddiaçı uşaqlıqdan mübahisəli evdə yaşamışdır. İddiaçı orta məktəbə Bakıxanov qəsəbəsinə gedib-gəlmiş, 2017-ci ildə orta məktəbi bitirmişdir. İddiaçı yay aylarında həmin evdə qalmışdır. Ev iki otaqlıdır, evdə atası, anası və o qalırdılar. Cavabdeh isə Pirallahı qəsəbəsindəki bağ evində yaşayır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, İddiaçı Narin qızının köçürmə tələbini iddia etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində o, uzun illərdir ki, qeydiyyatsız olmaqla yaşayır. Bunu Xəzər RİHB Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müvafiq arayışı və kommunal xidmətlər üzrə müvafiq rəsmi ödəniş sənədlərindən də aydın şəkildə görmək mümkündür. Yaşadığı fərdi yaşayış evi uzun müddətdir faktiki olaraq onun sahibliyindədir, babasından ona qalmışdır və fərdi yaşayış evini o inşa etmiş, həmçinin, bu müddət ərzində fərdi yaşayış evində əsaslı təmir-tikinti işləri aparmışdır. İddiaçının fərdi yaşayış evində qeydiyyatda olması (sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir) ilə bağlı isə qeyd etdi ki, iddiaçının fərdi yaşayış evində qeydiyyatda olması həmin şəxsə heç bir mülkiyyət hüququnun tanınmasına və istifadə hüququnun verilməsinə dəlalət etmir. İddiaçı Narin qızı onun ailə üzvü deyil, heç bir vaxt onun fərdi yaşayış evində yaşamamışdır. Buna görə də fərdi yaşayış evindən istifadə hüququ yoxdur. O, hal-hazırda Sabunçu rayonu ünvan 3 ünvanında yaşamışlar. İddiaçı Narin qızının köçürmə tələbini iddia etdiyi ünvan 4 ünvanına köçürülməsinin heç bir hüquqi əsası yoxdur, iddia ərizəsində qeyd olunmuş iddia tələbi qanunsuzdur. İddiaçı iddia ərizəsində qeyd olunmuş yaşam uçun zəruri olan bütün əşyalarının onun fərdi yaşayış evində olduğunu qeyd etsə də, həmin əşyalardan sadəcə çarpayısının onun fərdi yaşayış evində olduğunu qeyd edir. Əsas gətirilmiş bu fikirlərdən də iddiaçının fərdi yaşayış evinə köçürülmə tələbinin əsassız və uydurma fikirlərə, əsassız varlanma həvəsinə, cavabdehə maddi olaraq ziyan vurmaq fikirləri ilə hərəkət etdiyini göstərir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 228789 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 037192 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - AZE seriyalı 18591865 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Zirə qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 2772 nömrəli xx.xx.2013-cü il tarixli arayışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ev X1 məxsusdur. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1102 nömrəli xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Xəzər rayonu Zirə qəsəbəsi Sərdarov küçəsi ev 3A ünvanında özünə məxsus evdə qeydiyyatsız yaşayır. - Zirə Bələdiyyəsi tərəfindən verilmiş 128 nömrəli xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Zirə qəsəbəsi Sərdarov küçəsi döngə 2 ev 3A ünvanında yerləşən, istifadəsində olan torpaq sahəsinə və əmlaka görə Zirə Bələdiyyəsində vergi ödəyicisi kimi uçota alınmışdır və həmin ünvanda qeydiyyatsız yaşayır. - X3 və X4 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh və X5 ünvan 10 ünvanında qeydiyyatsız yaşayırlar. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı dayısı olan cavabdehin yaşadığı evə köçmək istəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, evə köçürülmə özlüyündə köçürülən şəxsin mübahisəli evdən qanunvericilikdə nəzərdə tutulmuş istifadə hüququnun yaranmasına səbəb olmasa da, mahiyyət etibarı ilə həmin şəxsin mübahisəli evdən faktiki istifadə etməsini ehtiva edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslində ailənin başqa üzvləri dedikdə, qardaş, bacı, baba, nənə, nəvə, ögey ata, ana, ögey oğul, qız, faktik tərbiyəçilər və onların yetirmələri nəzərdə tutulmuşdur. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi şəxsin yaşayış sahəsinə köçürülməsi üçün о, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri sırasına aid olmalı, keçmiş ailə üzvü ilə mülkiyyətçi arasında isə razılaşma mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin nə keçmiş, nə də ki hazırkı ailə üzvləri sırasına daxil deyildir. Bundan başqa, iddiaçı istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evi hər hansı hüquqmüəyyənedici sənədi olmadığından, özbaşına tikili sayılır. Belə olan halda, iddiaçının mübahisəli fərdi yaşayış evində qeydiyyatda olması onun üçün hər hansı bir hüquqi nəticə yaratmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-2053/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2053/2023
13.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver