Məhkəmə qərarları › İş №2(003)-2060/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2060/2022

28.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2060/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili X2 iştiakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba küçəsi 117 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi 117 saylı ev mənim xüsusi mülkiyyətindədir və ailə üzvlərilə birlikdə həmin evdə yaşayır. Cavabdeh X14 onun X32un həyat yoldaşıdır. Onlar xeyli müddət Qazaxıstan Respublikasında yaşamış və 2015-ci ildə Azərbaycana qayıtmışlar. Evləri olmadığı üçün o öz evindən onlara otaq ayırıb vermiş və müvəqqəti yaşamalarına icazə vermişdir. X32 14 yanvar 2017-ci ildə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra cavabdeh müntəzəm olaraq onları incitmiş, evdə dava-dalaş salmış, hətta anası Durna Qasımovanı döymüş və bu cinayət əməlinə görə Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli hökmü ilə məhrum edilmişdir. Lakin cavabdeh bu cəzadan da nəticə çıxarmamış və onlarla yola getmir. Belə şəraitdə cavabdehlə bir evdə yaşaması qeyri-mümkündür və onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh tərəfindən 5000 manat kompensasiya verilməklə ona məxsus evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etmiş olduğu etiraza uyğun izahat verərək bildirdi ki, ona qarşı evdən çıxarılma tələbinə dair iddianı qəbul etmir. Belə ki, iddiaçının ərizəsində göstərdikləri faktların heç biri həqiqəti əks etdirmir. Belə ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olmamışdan əvvəl o, həmin evə gəlin köçmüşdür. Həmin vaxt bütün cehiz əşyalarınıda ora gətirmişdir. Sonradan həyat yoldaşı ilə işləmək üçün Qazaxstana getmişlər. İddiaçı ərizəsində qeyd edir ki, 2015-ci ildə yaşamaq üçün ona həmin evdə digər yerləri olmadığı müvvəqəti yaşamağa otaq verib. Bu necə ola bilər ki, iddiaçı həmin vaxt mülkiyyəti olmayıb. Həmin vaxt ev qanunsuz tikili olub. Sadəcə olaraq evin yerləşdiyi torpaq sahəsi iddiaçının anası olan X23 rayonu İH-nin xx.xx.1993-cü il tarixli, 580 saylı sərəncamı ilə tərəvəzçilik südçülük sovxozunda fərdi-yaşayış evinin tikintisi üçün ayrılıb. Bu torpaq sahəsində yalnız həmin sovxozda işləyən işçilərə verilməsi nəzərdə tutulub. İddiaçının anası isə həmin vaxt Naxçıvan MR-nın Şərur royanu Dəmirçi kəndində qeydiyyatda olmuş və o, həmin sovxozda işləməmişdir. Bakı şəhəri Xəzər rayonu Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli, 2(003)-7489/2016 saylı qətnaməsi ilə iddiaçılar X9 və X10 (iddiaçının valdeyinləri) ona, atası X6, qardaşı X11 və iki azyaşlı qızları Könül və Günəşə qarşı evdən çıxarılma tələbi ilə iddia qismən təmin edilmiş atası İsmayılın və qardaşı Fəzailin çıxarılması qərara alınmış, onun və iki az yaşlı qızlarına münasibətdə isə iddia bu hissədə təmin edilməmişdir. Atası və qardaşının həmin evdə yaşamaqlarına gəldikdə isə həmin torpaq sahəsini onun həyat yoldaşı Ağa almış və evi o tikmişdir. Yəni birgə nikah dövründə tikilmiş evdir. Məhkəmə qətnaməsi hazırda qanuni qüvvədədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2(003)300/ 2018 saylı qətnaməsi ilə yenə də X17 və X19 ona və iki azyaşlı qızlarına qarşı evdən çıxarılma və digər evə keçirilmə tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(003)-300/2018 saylı qətnaməsinin təsviri hissəsində qeyd edilir ki, məhkəmənin 23 yanvar 2018-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh və iki azyaşlı qızlarının faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması hissədə iş üzrə icraata xitam verilmişdir. İstinad olunanlardan tam aydın olur ki, artıq iş üzrə cavabdehlərin mübahisə edilən evdən çıxarılmalarına dair işin icraatına xitam verilmişdir, qərardad qüvvədədir. İndiki mübahisədə isə mübahisə predmeti, olan evin qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınıb və evə çıxarış verilib, yəni əvvəlki iddiaçılarla indiki iddiaçının mübahisələrdirdiyi ev eyni ev olmaqla onların və cavabdehlərin yaşayış yeridir və buna artıq qüvvədə olan məhkəmə qətnamələri və qərardadı ilə hüquqi qiymət verilib. Onların evdən çıxarılmağına dair artıq indiki mübahisəyə qədər hüquqi qiymət verilib. Məhkəmə iclasında cavabdeh İddiaçı vəkili X4 iddianın rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, evin torpağının dəyəri bir sotu 7000 manatdır. Faktiki olaraq torpaq sahəsi 0,65 ha-dır. Evin dəyərini də hesablasaq 70000 manat edir. Uşaqlara verilən kompensasiya ilə heç bir şey etmək olmaz. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X18 və X17 cavabdehlər Cavabdeh, X12, X15, X25 və X20 qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilərək, X12, X15 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmaları təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-300/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X17, X18 cavabdehlər Cavabdeh, X21, X20 qarşı “evdən çıxarılma və digər evə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi, ev 113 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ev 117 İddiaçı mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun 11 noyabr 1993-cü il tarixli 78/k saylı əmri ilə iddiaçının anası X13 Buzovna qəsəbəsi 117 ünvanında 0,010 ha həyətyanı torpaq sahəsi ayrılmış, Abşeron Rayon İcra hakimiyyətinin 770 saylı 22 noyabr 1993-cü il tarixli sərəəncamı ilə verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçının ailəsi həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Daha sonra iddiaçının ailəsi torpaq sahəsini və fərdi yaşayış evini 0,0357 ha sahəsini X1, 06 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı X22 qeyd edilən torpaq sahəsini və fərdi yaşayış evini X3 almışdır və bu barədə aşınmaz əmlakın dövlət reyestrindən cıxarış almışdır. Cavabdeh iddiaçının qardaşı X27 ilə 04 mart 2011-ci ildə nikahları bağlanmış, həmin evə gəlin gəlmiş və həmin ildə ərinin işi ilə əlaqıədar Qazaxıstan Respublikasına gedərək orda yaşamışlar. Cavabdeh 2015-ci ildə əri və uşaqları ilə Bakıya qayıtmişlar, qayıtdıqdan sonra iddiaçının ailəsi tərəfindən mübahisə predmetinə aid olan evə yerləşdirilmişdir. Bundan əvvəl iddiaçının atası və anası X17, X18 hazırki iş üzrə Cavabdeh, X21, X20 qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılma və digər evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X17, X18 cavabdehlər Cavabdeh, X21, X20 qarşı “evdən çıxarılma və digər evə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin iddiaçılar X18 və X17 cavabdehlər Cavabdeh, X12, X15, X25 və X20 qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X12, X15 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmaları təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmçinin məhkəmənin qəbul etmiş olduğu qətnamələrdən müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi mübahisə olan dövrdə (2016-2018-ci illərdə) mülkiyyət olaraq dövlət reyestrində qeydə alınmamışdır. Hazrıda iddiaçının tələbi Cavabdeh ona məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba küçəsi 117 saylı evdən çıxarılmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına göstərilmişdir ki, “Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir».” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına göstərilmişdir ki, “qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, beynəlxalq hüquq aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Avropa İnsan hüquqları Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına göstərilmişdir ki, “Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. İddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir.” Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi cavabdehin mübahisəli evə nə ora gəlin köçən dövrdə, nə də sonrakı dövrlərdə istifadə hüququ yaranmamışdır və dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğunudan iddiaçı bu hüququndan istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək onun müstəsna hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia üzrə iddiaçı tərəfindən Cavabdeh təklif edilmiş 5000 manat kompensasiya məğləği ağlabatan məbləğdir. Belə ki, həmin məbləğlə cavabdeh və onun azyaşlı uşağı eyni şəraitli evlə özlərinin yaşamaq hüquqlarını müəyyən müddət ərzində təmin edə biləcəklər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba küçəsi 117 saylı evdən 5000 manat komensasiya verilməklə çıxarılmadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat kompensasiya verilməklə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba küçəsi 117 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar