Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2069/2021 20.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, ev 10 A, 18 saylı mənzil onun xüsusi mülkiyyətindədir və o, həmin mənzilin mülkiyyətçisidir. Həmin ünvanda hal-hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evi alqı-satqı müqaviləsi əsasında əldə etmişdir.O, bu yaxınlarda ASAN Xidmətə yaşayış yerindən arayış almaqdan ötrü müraciət etdikdə ona məlum olmuşdur ki, sözügedən mənzildə ona məlum olmayan şəxslər pasport qeydiyyatındadır. O, hal-hazırda cavabdehləri tapa bilmir və onların harada yaşaması ona məlum deyil. Hal-hazırda cavabdehlərin əvəzinə də kommunal xidmət haqlarını ödəmək onun üçün maddi çətinlik yaradır. Qeyd olunanlara əsasən, cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə 6 ildir qonşudur. İddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Orada iddiaçı və ailəsindən başqa adam yaşamır. Cavabdehləri həmin evdə görməyib. Digər şahid X1 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə qonşudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2015-ci il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, ev 10 A, 18 saylı mənzili İddiaçı satmışdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən 14.09.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yerindən arayış haqqında 12.02.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Notariat işindən və alqı-satqı müqaviləsindən görünür ki, cavabdehlər mübahisəli mənzilin satılmasına razılıq ərizələri vermişlər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında müvafiq olaraq qeydiyyatda olsa da mənzil satıldıqdan sonra orada yaşamamış, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, ev 10 A, 18 saylı mənzildən istifadə hüquqları barədə onlarla həmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehlərin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və ona görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ mövcud deyil. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, ev 10 A, 18 saylı mənzildən istifadə hüquqlarının mövcud olmamasını və onların həmin mənzildə yaşamamasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olmadığı halda həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, ev 10 A, 18 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi ilə yanaşı, onların həmin mənzildən qeydiyyatdan çıxarılması da qanunamüvafiq və əsaslıdır. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, ev 10 A, 18 saylı mənzilə dair istifadə hüquqlarının olmaması müəyyən edilməli, həmçinin, hazırki qətnamənin cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması nəzərə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilməsin. Bu qətnamə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2069/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2069/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver