Məhkəmə qərarları › İş №2(003)-2070/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2070/2022

19.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2070/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh1nın iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı (3-cü şəxs X5) yaşayış sahəsindən çıxarma barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı cavabdehin ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Bolluq sahə torpaq sahəsində yerləşən 3 otaqdan ibarət tikilidən çıxarılmaqla, qeyd edilən torpaq sahəsi və 3 otaqdan ibarət tikilinin ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən X5 3-cü şəxs qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 13 may 1990-cı il tarixdə 1729 saylı Abşeron rayonu X1 əsasən Binə qəsəbəsində, Bolluq sahəsində yerləşən fərdi yaşayış evi tikilməsi üçün 0.02 ha torpaq sahəsi ayrılaraq istifadəsinə verilmişdir. Torpaq sahəsi ona verildikdən sonra onun mərhum atası X6 tərəfindən 2001-ci ildə orada 3 otaqdan ibarət ev tikməklə dörd tərəfdən hasar çəkməklə orada abadlıq işləri görmüşdür. Bundan sonra, o, 2004-cü ildə cavabdehin atası X3 ilə qeyri-rəsmi olaraq nikaha daxil olub ailə qurmuşdur. Ailə qurduqdan sonra cavabdehin atası onun yaşadığı evə gələrək birlikdə yaşamışdır. Cavabdehin atası xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra uşaqları mərhumu Lerik rayonunda dəfn ediblər. Bundan sonra, cavabdeh xx.xx.2022-ci il tarixdə yaşadığı evə gələrək onu zor gücü ilə yaşadığı evdən çıxarmışdır. O, cavabdehə bütün bunların səbəbini soruşduqda ona bildirmişdir ki, bu ev onun atasına məxsusdur. Hal-hazırda o, məcburiyyət qarşısında öz atasının evində yaşayır. O, evdən qovulmağı barədə 3-cü Polis Bölməsinə müraciət etdikdə ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdeh hal-hazırda 3 otaqdan ibarət evini və evinin içərisində olan bütün əmlakını ondan alıb onu evə buraxmır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o cavabdehin atası ilə mübahisəli evdə yaşamışdır. Cavabdeh özüdə son 7-8 ili onlarla birlikdə yaşamışdır. Cavabdehin atası ölməmişdən bir müddət əvvəl o, mübahisəli evi tərk edib qardaşının yanına getmişdir. Həmçinin izahatında bildirdi ki, mübahisəli əmlaka dair sənədi əmrdən çıxarışdır, başqa sənədi yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı ilə onun atası qeyri-rəsmi nikahda olublar. Mübahisəli evin iddiaçıya aidiyyəti yoxdur. Ev atasının qohumu olan X4 ayrılmış torpaqda inşa olunmuşdur. İddiaçı oraya sonradan köçüb, hələ atası rəhmətə getməmişdən əvvəl oranı öz istəyi ilə tərk edib. O, atası və cavabdeh həmin evdə birgə yaşamışlar. İddiaçının ondan evdən çıxmasını tələb etməyə subyektiv hüququ yoxdur. İş üzrə 3-cü şəxs qismində cəlb olunmuş X5 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 13 may 1990-cı il tarixdə 1729 saylı Əmrindən çıxarışın surətinə əsasən İddiaçı Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0.02 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əzizbəyov rayonu X2 xx.xx.2005-ci il tarixli 35 nömrəli Sərəncamının surətindən görünür ki, X4 Binə qəsəbəsində ev tikmək üçün 200 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Əzizbəyov rayonu Binə bələdiyyəsinin Sədri ilə X5 arasında Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə Binə qəsəbəsi ərazisində X4 ayrılan sahənin sxemi və baş plandan çıxarışı əlavə olunmuşdur. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh1 mərhum atası X3 ilə qeyri-rəsmi nikah münasibətlərində olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Bolluq sahə torpaq sahəsində yerləşən 3 otaqdan ibarət tikilidə birlikdə yaşamışlar. Fərrux Sövdümovun ölümündən bir müddət əvvəl tərəflər arasında münasibətlər kəskinləşərək pozulmuş, iddiaçı mübahisəli evi tərk etmişdir. Hazırda iddiaçı, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Abşeron rayonu X1 əsasən ona ayrıldığını, evin ona məxsus olduğunu, cavabdehin və atasının onun evinə sonradan gəldiyini əsas gətirərək, cavabdehin evdən çıxarılmasını və evin ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı iş üzrə iddiaçının ona qaytarılmasını tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında yaşayış sahəsindən çıxarma tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı, həmin mənzilin tikintisinin cavabdehin atası ilə faktiki nikah münasibətlərindən əvvəl onun tərəfindən həyata keçirildiyini qeyd etsə də, bu hala dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbləri baxımından yanaşaraq məhkəmə qeyd edir ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) aiddir ki, hazırki işə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona qarşı hər hansı zor tətbiq edilmədən mübahisəli fərdi yaşayış evini tərk etmiş və yaşama zərurətinin aradan qaldırılması üçün mövcud olan valideylərinə məxsus yaşayış sahəsində yaşamağa getmişdir. Məhkəmə göstərilənlərdən əlavə olaraq iddiaçının mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsinin fərdi ev tikilməsi üçün ona ayrılmasına dair izahatına münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə ona 0,02 hektar torpaq sahəsi ayrılmasına dair Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 13 may 1990-cı il tarixdə 1729 saylı Əmrindən çıxarışın surətini təqdim etsə də həmin çıxarışın əslini və ayrılmış torpaq sahəsinin harada yerləşməsinə dair çizgi planını təqdim etməmişdir. Yəni qeyd olunan çıxarış surət olmaqla yanaşı həmin torpaq sahəsinin Sovxozun hansı hissəsində ayrılması barədə də məhkəməyə sübut təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli evin inşa edildiyi torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq digər şəxsə, yəni cavabdehin qohumu olan Elşən Novruzova ayrılmış və ev həmin torpaq sahəsi üzərində inşa edilmişdir. İşin hallarından görünür ki, iddiaçı cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Bolluq sahə torpaq sahəsində yerləşən 3 otaqdan ibarət tikilidən çıxarılması, tikilinin boşaldılaraq ona təhvil verilməsini xahiş etsə də, mübahisəli ünvana dair onun hər hansı hüququnun olması təsdiq olunmamış, əksinə torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq digər şəxsə ayrıldığı müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı mübahisəli tikilinin mülkiyyətçisi deyildir. Ona görə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar işdə iştirak edən şəxslərin izahatları, məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunmadığından, iddiaçının mövcud iddiası əsassızdır. Beləki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli tikilinin (qarajın) üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız mübahisəli tikilinin (qarajın) məhz ona məxsus olduğunu və ya tikili (qaraj) ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən tikilinin (qarajın) üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi tikiliyə (qaraj) dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tikiliyə dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ümumilikdə göstərilən halları nəzərə almaqla hesab edir ki, iddiaçının tələbi əsassızdır və buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 qarşı (3-cü şəxs X5) yaşayış sahəsindən çıxarma barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar