Məhkəmə qərarları › İş №2(003)-2079/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2079/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2079/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Aslanov Elxan Tərlan oğlunun, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, özünün oğlu Anarla birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməyi və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 256 saylı müqaviləsi ilə Buzovna Bələdiyyəsinin mülkiyyətində olan Araz küçəsi ilə Nəriman Əliyev küçəsinin kəsişməsində yerləşən 900 kv.m. torpaq sahəsi X1 istifadəsinə verilmişdir. İcarəçi K.Ə.Nuriyeva tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 88.56 kv.m. olan yaşayış sahəsi inşa edilmişdir. İcarəçi 2007-ci ildə istifadəsində olan yaşayış sahəsini və həmin yaşayış evinin yerləşdiyi 552 kv.m. torpaq sahəsini ona satmışdır. Ev alınan vaxtdan o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış və evin bütün kommunal xərclərini ödəmişdir. Onun göstərilən evdə ailəsi ilə yaşadığı qonşularının notarial qaydada təsdiq edilmiş ərizələri ilə təsdiq olunur. 2011-ci ildə onun əri Cavabdeh1 ilə olan nikah qeydi ləğv edilmiş, birgə nikahdan olan oğlu onunla yaşamağa davam etmişdir. Keçmiş əri ilə aralarında olan razılaşmaya görə istifadələrində olan evin bir otağında o oğlu ilə, digər otağında isə əri yaşamağa davam etmişlər. 2019-cu ilin snetyabr ayında cavabdehlər, baldızları onların evinə gəlib onunla mübahisə edərək onu oğlu ilə birlikdı evdən qovmuş və ona məxsus olan ev əşyalarını həyətə atmışlar. Bununla bağlı o, polis idarəsinə müraciət etmişdir. Hazırda oğlu qonşuda, özü də qonşuların, qohumların evində qalır. Qeyd olunanlara əsasən, özünün oğlu Anarla birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməyi və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında rəsmi nikah qeydiyyatı 2011-ci ildə ləğv edilmişdir. 9 il keçəndən sonra iddiaçı tərəfindən ona qarşı haqsız iddia tələbi irəli sürülmüşdür. İddiaçının köçürülməyini istədiyi sahə onun atası X2 məxsus olan evin satılması müqabilində əldə edilmiş pulla alınmışdır. Ev birgə nikah dövründə 2007-ci ildə alınıb. Nikahları pozulsa da, iddiaçı bir neçə ay əvvələdək onlarla birlikdə həmin evdə yaşayıb. O, Tünzaləni özü evdən çıxarmışdır. İddiaçının ondan ev tələb etməsi haqsız və ədalətsizdir. O, 4 aydır ki ailə qurmuşdur. X12 xx xxxxxx 2020-ci il tarixdə bacısı Cavabdeh2 Ağahəsən qızına xəsarət yetirmiş, insanlığa sığmayan hərəkətlər etmiş, Xəzər Rayon Məhkəməsi tərəfindən cərimə ilə cəzalandırılmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə 2007-ci ildən zavodda bir yerdə işləmiş, ailəvi dost olmuş, iddiaçının ərini də uzaqdan tanımışdır. Tünzalə indi kirayə qalır. Nikah pozulduqdan sonra da Tünzalə bir neçə ay əvvələdək mübahisəli evdə yaşayıb, evdən qovulanda gecə oğlu ilə birlikdə onlara gəlmiş, bir neçə gün qalmışlar. Digər şahid X4 ifadəsində bildirmişdir ki, o, mübahisəli evdə Vaqif və Tünzalənin qonşusu olmuşdur. Digər cavabdehlər Səidə və Gülbaharı tanımır. 3-4 aydır Tünzaləni görmür. Tünzalə həmin evdə oğlu və qızı ilə yaşamış, qızı sonradan ailə qurub köçmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şahid ifadəsinə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. İşin araşdırılan halları ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh1 ilə ailə qurmuş, 2007ci ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş, nikahın pozulmasından sonra da iddiaçı həmin evdə yaşamış və bir neçə ay əvvəl həmin evi tərk etməyə məcbur edilmişdir. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Bununla yanaşı, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, mövcud vəziyyətdə cavabdehlər tərəfin iddiaçının mübahisə predmeti olan özbaşına tikilidə yaşamasına etiraz etmək, onun həmin tikilidə yaşamasına mane olmağa və ya onu həmin tikilidən çıxarmağa subyektiv hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin tikilidə yaşadığından və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə iddia tələbinin mənzildən istifadə qaydasının müəyyən olunması hissəsinə münasibətdə qeyd edir ki, mövcud evin inşa olunması barədə müvafiq texniki sənədləri mövcud olmadığından və özbaşına tikinti olduğundan, həmin evdən istifadə qaydalarının müəyyən olunması barədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, iddiaçı mübahisəli mənzilə oğlu Anarla birlikdə köçürülməsini xahiş etmiş, lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 birgə nikahından doğulmuş X6 yetkinlik yaşına çatmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının yetkinlik yaşına çatmış oğlunun mənzilə köçürülməyi ilə bağlı iddia tələbi ilə müraciət etməyə hüququ və saləhiyyəti olmadığından, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar