Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2090/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5530 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nümayəndə onunla rəsmi nikahda olmaqla həyat yoldaşıdır. Onlar xeyli müddət Rusiya Federasiyasında yaşamışlar. Cavabdehə məxsus evin onlara satılmasından ötrü yaxından tanıdığı olan Cavabdeh tərəfindən müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 5530 manat məbləğində pul göndərmişdir. Lakin cavabdeh pulu almasına baxmayaraq, evi onlara deyil, digər şəxsə satmış, verdiyi pulu isə mənimsəmişdir. Dəfələrlə pulu cavabdehdən geri tələb etməyinə baxmayaraq, pulu geri qaytarmamışdır. Cavabdehin onu aldadaraq pulunu mənimsəməsi barədə həyat yoldaşı tərəfindən şikayət ərizəsi ilə Şirvan şəhər Polis Şöbəsinə müraciət edilmişdir. Şirvan şəhər Polis Şöbəsindən ünvanlanmış 18.12.2020-ci il tarixli məktubda müraciətin mülki xarakterli olduğu qeyd edilərək məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən, cavabdehdən 5530 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etmişdir ki, o, həyat yoldaşı ilə Rusiyada yaşamış, üst-üstə gəlsən cəmi 2 ay mübahisəli evdə yaşamışdır. Rusiyadan həyat yoldaşı tərəfindən cavabdehə fərqli vaxtlarda pul vəsaitləri göndərilmişdir. Cavabdeh həmin puldan cəmi 1000 manatını geri qaytarmışdır. Qeyd olunanlara əsasən, cavabdehdən 5530 manat pul və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etmiş və izahatını onunla əsaslandırmışdır ki, 2017-ci ildə pul lazım olduğu üçün evini satmaq qərarına gəlmişdir.Qardaşı qızı Nümayəndə yazığı gəldiyi üçün həmin evdə kirayə qalmaqlarına icazə vermişdir. İddiaçı ona hər ay kirayə pulu göndərib. Sonradan iddiaçı ona evin satılmağını təklif etmiş və razılığa gəlmişlər ki, evi qardaşı qızına satsın, pulu da hissə-hissə ödəsinlər. Evi 26500 manata razılaşmışlar, lakin sonradan iddiaçı ilə sevincin münasibətləri pozulmuş və iddiaçı artıq ev üçün pul göndərməməyə başlamışdır. Onda Sevinclə danışmışdır ki, 2000 pul versin və hesablaşsınlar. O, 2000 pulu qaytarıb evi başqasına satmışdır. 2017-2019-cu illərdə Sevinc həmin evdə yaşayıb, əşyaları da orada qalmışdı. O, iddiaçıya 2000 manat pul qaytarıb. Hesab edir ki, iddiaçının ona göndərdiyi puldan iki illik kirayə haqqı və qaytardığı 2000 manat çıxılmaqla ondan pul tutulmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən və onun tərcüməsindən görünür ki, İddiaçı ilə Nümayəndə Sabirulla qızı 30.09.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İş materiallarında olan Şirvan Şəhər Polis İdarəsinin 18.12.2020-ci il tarixli məktubundan görünür ki, Nümayəndə şikayət ərizəsinə baxılmış, ona mülki ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin hallarından və iddia tələbindən görünür ki, tərəflər şifahi razılaşmaya əsasən hissə-hissə ödəməklə 26500 manata evin alqı-satqısına dair razılığa gəlmişlər. Lakin sonradan həmin ev cavabdeh tərəfindən başqa şəxsə satılmış, iddiaçı cavabdehə evin alqı-satqısı üçün göndərdiyi 5530 manat pul vəsaitinin sonuncudan tutulmasını xahiş etmiş, lakin pul vəsaitinin həmin məbləğdə olmasına dair öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan bank köçürmələrinə dair məlumat çıxarışlarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda cəmi 208.600 RUBL pul göndərilmişdir. Məhkəmə, iddiaçı tərəfindən cavabdehə göndərilmiş pul məbləğinin 208.600 RUBL məbləğində qəbul edilməsini işin hallarına uyğun sayır. Bundan əlavə, iddiaçı tərəf həmin pul məbləğinin 1000 manat hissəsinin onlara qaytarıldığını etiraf etmiş, cavabdeh iddiaçıya 2000 manat pul vəsaiti qaytardığını bildirsə də, öz etirazını əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, işin hallarından görünür ki, tərəflər arasında hər hansı bir müqavilə bağlanmamış, cavabdeh ona göndərilən pul vəsaitini mülkiyyətində olan evə dair kirayə haqqı olaraq qəbul etmiş, iddiaçı tərəf də 2 ay həmin evdə yaşadığını etiraf etmişdir. Məhkəmə, həmin ərazidə əmlak kirayəsinə dair müxtəlif internet saytlarında yerləşdirilən elanlara əsasən (https://www.emlak.az və s.) evin aylıq kirayə haqqının 200 manat qəbul edilməsini, iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaitinin iki aya görə 400 manatının həmin evdə yaşamaqlarının haqqı olaraq qəbul edilməsini işin hallarına uyğun sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəlləsinin 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarına və mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilən 208.600 RUBL, yəni Azərbaycan manatının hazırda olan məzənnəsi ilə 4735 manat pul vəsaitinin 1000 manatının ona qaytarıldığını, 400 manat məbləğinin isə mübahisəli evdə iki ay yaşamağının haqqı olaraq qəbul edildiyini nəzərə alaraq, iddia tələbi qismən, yəni 3335 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, ondan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə vurulmuş 3335 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3335 (üç min üç yüz otuz beş) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2090/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2090/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver