Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-223/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızının, Cavabdeh iştirakı ilə İddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızının Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0.0483 kv.m torpaq sahəsində yerləşən qanunsuz tikilmiş 2 mərtəbəli yarımçıq tikilidən və yaşayış sahəsindən azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1na məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 0,0483 kvm torpaq sahəsi 01.09.2021-ci il tarixində ünvan ariat kontorunda bağlanan Daşınmaz əmlakın bağışlanması müqavilsi əsasında ona hədiyyə verilib. Həmin ünvanda yerləşən yarıtikilidə qardaşı X12 2013-cü ildən Cavabdeh ilə ailə həyatı qurduqdan sonra qeydiyyatsız yaşayıblar. 2020-ci ildə onların nikahları pozulub. Hal hazırda qardaşı X2 yaşayır və orada qeydiyyatdadır. Cavabdeh 2021-ci ilin mart ayında Nəsimi rayon məhkəməsində qaldırdığı, yaşayış yerindən istifadə etmək iddiası məhkəmə tərəfindən qəbul edilməmişdir. Buna baxmayaraq o hələ də həmin evdə yaşayır, ev iddiaları irəli sürür və heç kəsi evə buraxmır. İstər qardaşı X12 ailəli olduğu müddətdə, istərsə də boşandıqdan sonra kiçik qardaşı 2 Qarabağ müharibəsi qazisi X10 Cavabdeh tərfindən aqressiv münasibət görərək evə buraxılmamışdır. Dəfələrlə Cavabdeh qardaşı X6 şər ataraq, əsassız şəkildə polisə şikayət etmişdir. X1 2009-cu ildən Almaniyada yaşayır və hər zaman bu konfliktin razılıq yolu ilə həll olunmasına çalışmışdır. Lakin Cavabdeh heç bir şərtlə razılaşmamış, evin yalnız ona məxsus olduğunu iddia etmişdir. Bu ilin avqust ayının 22-dən bir ay müddətində X1 Azərbaycana gəlmişdir, lakin öz evinə gedə bilməmişdir. Bir dəfə cəhd etmiş, onda da Cavabdeh qapını açmamışdır. Sonradan telefon zəngi ilə həmin vaxt guya evdə olmadığını bildirmişdir. Hal-hazırda qardaşı 2-ci Qarabağ müharibəsi qazisi X10 və o sözü gedən mülkiyyətin hüquqi sahibi olaraq ayrılıqda kirayə evlərdə yaşamağa məcburdurlar. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0.0483 ha (Dövlət reyestrindən çıxarışa əsasən) torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən (evdən) əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, evin yerləşdiyi torpaq sahəsi əvvəllər anasına məxsus olmuş və evin tikintisi üçün anasının vəsaiti xərclənmişdir. Belə ki, anası Almaniyada olduğuna görə atasına etibarnamə göndərmişdir və atası həmin etibarnamə əsasında torpaq sahəsinin bir hissəsini, yəni 3 sotunu satmışdır. Əldə olunan pula isə evin tikintisi başlanmışdır. 2014-cü ilin aprel ayında həmin etibarnamə ləğv olunmuşdur. Daha sonra isə hissə-hissə olmaqla anası evin tikintisi üçün Almaniyadan pul göndərmişdir. Pulun anası tərəfindən göndərilməsi ilə bağlı qəbzlər saxlanılmamışdır. Belə ki, gələcəkdə belə bir mübahisənin olması ilə bağlı düşüncələri olmamışdır. Cavabdeh krediti özünə cehiz almaq üçün götürmüşdür. Cavabdeh sosial yardım almaqla dolanmış, heç bir yerdə işləməmiş və ev tikmək üçün imkanı olmamışdır. Burda yaşamağa maddi durumları pis olduğundan qardaşı ilə birlikdə Rusiya Federasiyasına getmiş, bir müddət orada yaşamışlar. Cavabdeh gəlin gələnə kimi evin karkası tikilmişdir, damı vurulmuşdur. Cavabdeh gəlin gələndən sonra 2014-cü ilin yanvar ayınadək bir müddət qardaşı ilə birlikdə kirayədə yaşamışlar, bir müddət isə dayısına məxsus evdə yaşamışlar. 2014-cü ilin yanvar ayından sonra isə cavabdeh qardaşı ilə birlikdə bir otağı təmir etdikdən sonra orada yaşamağa başlamışlar. Cavabdeh qardaşı ilə birlikdə 8-9 il orda yaşamışlar, boşandıqdan sonra qardaşı orada yaşamamışdır. Hazırda da ev tam təmirli deyil. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçının qardaşı ilə 2013-cü ildə ailə həyatı qurmuşdur. Həmin evə gəlin gələndə yarımtikili vəziyətdə olmuş və evin təmirini keçmiş əri ilə birlikdə etmişlər və o, da öz vəsaitini xərcləmişdir. Evi 9 il ərzində əri ilə birlikdə yaşadıqları müddətdə təmir etdirmişlər. Evin təmirində qaynanası tərəfindən yalnız kombinin alınmasında və yerləşdirilməsində köməklik edilmişdir. Əri böyrəyindən 2 dəfə əməliyyat olunmuş, işləməmişdir. Ona görə ona sosial yardım verilmişdir. Sosial yardım aldıqları müddətdə qeyri-rəsmi 8 ay işləmişdir. 2019-cu ilədək iddiaçının qardaşı ilə həmin evdə birgə yaşamışdır. O, həmin evdə yaşamağa başlayanda ev yarımtikili olmuş, yoldaşı ilə birlikdə yaşadıqları müddətdə tamamlamışlar. Evin tikintisində yalnız onunla yoldaşının vəsaiti xərclənmiş, başqa şəxslərin vəsaiti xərclənməmişdir. Evin döşəmə və tavanının taxtalarını o almışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Cavabdeh qardaşının keçmiş arvadı olmuş, bir müddət Rusiya Federasiyasında yaşamış, ordan qayıdandan sonra həmin evdə yaşamışlar. Torpaq sahəsi onların olmuş, həmin həyətdə 2008-ci ildə evin tikilməsi başlanılmış və həmin vaxt o, Almaniyaya getmişdir. Evin tikilməsi anasının vəsaiti hesabına əmələ gəlmişdir. Anası onunla birlikdə Almaniyada olub, evin tikilməsi üçün anası pulu ona vermiş, köçürmə əməliyyat etməklə pulu qardaşına ya da bacısının adına hissə-hissə göndərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, iddiaçının xalasıdır. Torpaq sahəsini bacısına o vermişdir. Bacısı evin tikilməsi üçün yaxınlıqda yerləşən qardaşının həyətində olan qaraja tikinti materialları alıb yerləşdirmişdir. Torpaq sahəsinə bacısı daş alıb tökəndən sonra əri Yaşara pul vermiş, özü isə Almaniyaya getmişdir. Ev 2009-cu ildə tikilmişdir. Evin taxdadan pəncərələri alınmışdır. Bacısı Almaniyada olan zaman isə evin təmir işlərində əlavə xərclər üçün pul göndərmişdir. Həmin evə 1-2 dəfə getmiş, həmin zaman mətbəx və 1 otaq hazır olmuşdur. Cavabdeh əri ilə birgə həmin evdə yaşamışlar. Mətbəxin döşəməsi, tavanı vurulmuş və mebeli quraşdırılmışdır. Zalın döşəməsi tavanı vurulmuş divarına isə divar kağızı vurulmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, o, iddiaçının qonşusudur. Həmin mübahisəli evdə işləmişdir. Təxminən 3-4 il əvvəl iddiaçının anası Reyhan xanım ondan telefon vasitəsi ilə əlaqə saxlayaraq xahiş etmişdir ki, evdə santexnik işləri görsün. Buna görə lazımi materialların siyahısını yazıb vermiş, materialları isə Rəşad almışdır. Həmin işə görə isə ona 800 manat əmək haqqı Rəşad tərəfindən verilmişdir. 2 mərtəbəli evin kombi sistemini quraşdırdığını, evin 1-ci mərtəbəsində zal, mətbəx sanitar qovşağı, 2-ci mərtəbəsində isə 2 otağın olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, evi iddiaçının anası tikmişdir. Cavabdeh gəlin gələndən sonra iddiaçının anası ilə birlikdə evi tam təmir etmişlər. İddiaçının anası təxminən 2008-2009-cu ildə Almaniyaya getmiş və oradan bildiyinə görə təmir üçün pul göndərmişdir. Cavabdeh gəlin gələndə evin damı vurulmuş, ilk növbədə 6 ay Yaşarın evində yaşamış, sonra isə əri ilə birlikdə əldə etdikləri vəsaiti və iddiaçının anasının köməkliyi ilə təmiri tamamlamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, ustadır və cavabdehin evində təmir işləri görmüşdür. Belə ki, təxminən 4 il əvvəl evdə pilləkənin yığılması işlərini görmüş və ona ilk dəfə 1800 manat cavabdehin yeznəsi Ağasəlim vermiş, daha sonra isə 1600 manat və pilləkən təhvil veriləndə isə 300$ ABŞ dolları iddiaçının anası vermişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 01.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinin 0.0483 ha hissəsi Əhədova (Hacıyeva) Aynurə Yaşar qızına X5 tərəfindən bağışlanmışdır. İş materiallarında olan Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinin 0.0483 ha hissəsi Əhədova (Hacıyeva) Aynurə Yaşar qızının adına 09.09.2021-ci il tarixdə hüquqi qeydiyyat keçmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə daxil olan tikilinin hüquq müəyyənedici sənədi yoxdur (tikili-özbaşına tikilidir). Həmin tikilinin yerləşdiyi torpaq sahəsi (Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsidə yerləşən 0.0483 ha torpaq sahəsi) əvvəllər iddiaçının X1na məxsus olmuş, hazırda isə Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İş üzrə Cavabdeh iddiaçının qardaşı ilə 2013-cü ildə nikaha daxil olmuş (Cavabdeh məhkəmə iclasında bildirdiyinə əsasən). Cavabdeh iddiaçının qardaşı ilə ailə quranda mübahisə predmeti olan tikili inşa edilmiş halda olmuş, Cavabdeh iddiaçının qardaşı ilə bir müddət, yəni 2019-cu ilədək birlikdə həmin tikilidə yaşamışlar və yaşadıqları dövrdə tikilidə təmir işləri aparılmışdır. İş üzrə cavabdeh hal-hazırda həmin tikilidə yaşayır, iddiaçının isə həmin tikilidən və tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə etməsinə icazə vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsaəsn özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisə predmeti olan evdə yaşaması və həmin tikilidə müəyyən təmir işlərin aparılmasında iştirak etməsi halları onun həmin evdə daimi olaraq yaşamalı olması üçün əsas ola bilməz. Belə ki, hazırki mübahisə predmeti olan tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsindədir və iddiaçı mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmaqla orada hər hansı tikilini tikmək üçün hüquqi əsası vardır. Belə ki, sözügedən tikili özbaşına tikili olsa da, gələcəkdə yalnız üzərində tikinti işləri aparılmış torpaq sahəsinin mülkiyyətçisi kimi İddiaçı adına rəsmiləşdirilə bilər. Bu baxımdan onun həmin tikiliyə olan hüquqları əmlak hüquqları (sahiblik və istifadə hüquqları) vardır. Tikiliyə, onun qanuni sahiblik və istifadə hüququ olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdir. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və orada yerləşən tikilidən digər şəxsin (cavabdehin) çıxarılmasını tələb etməkdə haqlıdır. Tikilinin hazırda torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmaması qarşılığında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və orada olan tikilidən digər şəxsin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehin, mülkiyyət hüquqları olan iddiaçının iradəsi ziddinə orada yaşaması qanuni və əsaslı hesab edilə bilməz və onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar. Eyni zamanda cavabdehin tikilinin təmirində iştirak etməsi halı həmin tikiliyə münasibətdə hüququnun yaranması kimi qiymətləndirilməsini məhkəmə qanuna uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək Cavabdeh iddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızına məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0.0483 ha (Dövlət reyestrindən çıxarışa əsasən) torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən (evdən) əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızına məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0.0483 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən (evdən) əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-223/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-223/2022
11.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver