Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-224/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 «a», 15 saylı mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 «a», 15 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur. İş üzrə cavabdeh X1 Tofik Vaqif oğlunun arvadı olmuş, bu ünvanda yaşamış, aralarındakı nikah məhkəmə qaydasında pozulduqdan əvvəl yaşadığı ünvanı 2015-ci ilin may ayında tərk edərək Ramana qəsəbəsində atasının evində yaşamaqla orada təsərrüfat aparır. İddiaçı2 yeni ailə qurmuşdur və birgə mülkiyyətlərində olan bu 2 otaqlı mənzildə yaşayır. Cavabdehin geri qayıtmaq, bu ünvanda yaşamaq fikri yoxdur. 2013-cü ilin 04 aprelində İddiaçı2 cavabdehlə qanuni nikaha daxil olub, cavabdeh 2014-cü ilin dekabr ayında mübahisəli mənzilə pasport qeydiyyatına alınıb, xx.xx.2016-cı il tarixdə onların nikahı məhkəmə qaydasında pozulub, mübahisəli mənzili isə faktiki olaraq 2015-ci ilin may ayında tərk etmişdir. Qeyd olunanlara əsasən, cavabdehin ünvan 1 «a», 15 saylı mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin və İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş ünvan 1 «a» ünvanında yaşayan şəxslər tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, X2 həmin ünvanda yaşamır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 «a», 15 saylı mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X4 arasında olan rəsmi nikah pozulmuş, bu barədə xx.xx.2016-cı il tarixli 71 saylı qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 «a», 15 saylı mənzil 1/3 hissədə olmaqla İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 112 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 ünvan 1 «a» ünvanında qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı1 keçmiş gəlini olan cavabdeh ünvan 1 «a», mənzil 15 ünvanında müvafiq olaraq qeydiyyatda olsa da, 2015-ci il tarixdən orada yaşamır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan münasibət 2013-cü ildən sonra yarandığı üçün mübahisənin həllinə Mənzil Məcəlləsinin 30. maddəsinin müddəaları tətbiq olunmaqla, mübahisə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, iddiaçının oğlu ilə cavabdeh arasında nikah münasibətlərinə xitam verildiyi üçün məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə hesab edir ki, iddiaçılar yaşayış sahəsinin mülkiyyətçisi olmaqla, Cavabdeh ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs deyildir və ona görə də, cavabdeh iddiaçı olan mülkiyyətçinin ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin evə istifadə hüququ itirilmiş hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, Cavabdeh ünvan 1 «a», 15 saylı mənzildə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 «a», 15 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-224/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-224/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver