Məhkəmə qərarları › İş №2(003)-2244/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2244/2022

21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2244/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1970-ci ildən 1996-cı ilədək müxtəlif vəzifələrdə işləməyi ilə əlaqədar əmək stajının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1993-cü ildə işğal ilə əlaqədar o Füzuli rayonundan məcburi köçkün vəziyyətinə düşmüşdür. Qeydiyyatı Füzuli şəhərinədir. Hazırda isə məlum hadisələrlə əlaqədar olaraq ailəsilə birlikdə ünvan 1 ünvanda məskunlaşmışdır. Hazırda təqaüd yaşı tamam olduğu üçün təqaüdə çıxmalıdır. 1993-cü ildə Ermənistanın təcavüzü ilə bağlı onlar da Füzuli şəhərinin digər sakinləri kimi mülkləri, evləri, evlərindəki əşyalarını atıb yurdundan didərgin düşdülər. Qəfil köçkünlüklə bağlı şəxsi sənədlərini, o cümlədən əmək kitabçasını da götürə bilməmişdir. Odur ki, əmək kitabçası olmadığı üçün işlədiyi dövrlər üzrə əmək stajını yaşa və əmək stajına görə təqaüd təyin edən aidiyyəti quruma Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə təqdim edə bilmir. Onun 1993-cü ilə qədər işlədiyi işlər, vəzifələr üzrə əmək stajının faktı kimi məhkəmə tərəfindən müəyyən ediməsi gərəkdir. 1970-ci ildə əmək fəaliyyətinə Füzuli rayon Yol Tikinti İdarəsində işçi kimi başlamışdır. 1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1974-1976-ci illərdə Bakı Kredit Texnikumunda təhsil almışdır. 1976-cı ildən 1992-ci ilə qədər Füzuli rayon İstehlak Cəmiyyətində əmtəəşünas kimi işləmişdir. 1992-1993-cü illərdə Füzuli rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir. 1993-cü ildə Füzuli rayon Kimya Bazasında gübrə sexində çalışmış, bu sex sağlamlıq üçün zərəli hesab olunurdu. 1997-ci ilədək burada işləmişdir. Əmək fəaliyyətinin təsdiqi üçün hüquqi əhəmiyyətli olan bu faktları təsdiq edən əmək kitabçasını və digər sənədləri əldə edə bilmir. Bu faktları məhkəmə iclası zamanı təsdiq edə biləcək şahidlərim var iş yoldaşları var. Onlar məhkəmə iclasına dəvət edilsələr gəlib izahat verə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin ediməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iddianın əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı əhəri Xəzər rayon söbəsi * saylı “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlərinizə əsasən bildirir ki, fond hesabınızda qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyi üçün və 2* il əmək stajı barədə müvafiq məlumat olmadığından yaşa görə əmək pensiya hüququnuz yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xx.xx.2022-ci il tarixli 14/2068 nömrəli məktubda qeyd edilmişdir ki, Ərizəçi xx.xx.1992-ci ildən dekabrın 23-dək Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı **********8 nömrəli xx.xx.2022-ci il tarixli ərizədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi üzrə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Həmin qərarın 13.1-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stafı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbil fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, o zaman mümkündür ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Eyni zamanda belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. İşin faktiki hallarından göründüyü kimi ərizəçi 1970-ci ildən 1996-cı ilədək müxtəlif vəzifələrdə işləməsi faktının müəyyən edilməli olduğunu iddia etsə də, onun həmin vaxtlar ərzində işləməsi ilə bağlı müvafiq olaraq təşkilatlara (arxiv idarəsi, mövcud müəssisələrə və ya hüquqi varislərinə və s.) müraciət etməsi və həmin sənədlərin mövcud olmaması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi 1970-ci ildən 1996-cı ilədək müxtəlif vəzifələrdə işləməsi faktı müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar