Məhkəmə qərarları › İş №2(003)-2255/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2255/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2255/2021 27.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın qaytarılması və kirayə haqqının əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.06.2020-ci il tarixli ilkin alğı-satqı və AN-İ №0763902 nömrəli, 29.06.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrin etibarsız edilərək ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m sahəsi olan mənzilin qaytarılması, eyni zamanda 10 ay müddətində aylıq 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində ödədiyi kirayə haqqı ödənişlərinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 10 ay bundan əvvəl o, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37.05 kv/m olan yaşadığı mənzili satmağa qərara almışdır. İş yeri şəhərdədir və yaşadığı mənzil iş yerindən uzaqda olduğuna, eyni zamanda o ərəfələrdə koronavirusla bağlı gediş-gəliş xərcləri onun üçün artdığına və çətinlik yaratdığına görə mənzili satıb şəhərdə və ya şəhərə yaxın yerdə ev almaq istəmişdir. Mənzilin alqı-satqısı məqsədilə maklerə müraciət etmişdir. Nazim adlı makler, daha doğrusu dəllal mənzilinə Cavabdeh müştəri kimi gətirərək evi qiymətləndirmişlər və evin satış qiymətini 35000 manat məbləğdə olmaqla yarı məbləğin nağd ödənilməsi, geriyə qalan pulun hissə-hissə veriləcəyi barədə razılığa gəlmişlər. Mənzilin satış qiymətinin razılaşması zamanı ailəvi dostları Davud müəllim də iştirak etmişdir. Cavabdehlə mənzilin satış dəyərinin müəyyən edilməsi və ödənilməsi barədə razılaşmalarının şərtlərini Davud müəllim də təsdiq edə bilər. Mənzilin alqı-satqısını həyata keçirmək məqsədilə cavabdeh ilə ilk öncə aralarında Bakı şəhəri, 7 saylı notariusda 18 iyun 2020-ci il tarixli İlkin Alqı-Satqı müqaviləsi bağlamışlar. Qeyd edilən müqavilə ilə ona mənzilin satış qiyməti barədə razılaşdıqları 35000 manat məbləğdən 5000 manatı ödənilmişdir. Daha sonra 29 iyun 2020-ci il tarixində cavabdehlə AN-İ №0763902 nömrəli, 29 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsini bağlamışlar və cavabdeh tərəfindən ona 12000 manat ödənilmişdir. Evin alqı-satqısı üçün razılaşılan 35000 manat məbləğdən 17000 manatı ödənilməsinə baxmayaraq, geri qalan hissənin ödənilməsi barədə danışığa gəldikdə isə cavabdeh tərəfindən söz, verilməsinə rəğmən həmin vəd yerinə yetirilməmişdir. Sonradan Davud müəllimin ona kömək məqsədilə dəfələrlə cavabdehlə telefon danışıqlarına baxmayaraq, cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Göründüyü kimi cavabdeh əvvəldən aralarında olan razılaşmaya əməl etməmiş onun haqqına girərək onu çətin vəziyyətə salmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, artıq 10 aydır ki, o, kirayədə yaşayır. Cavabdehin hərəkətlərindən aşkar görünür ki, onun məqsədi əvvəldən onu aldadaraq mənzilini dəyərindən olduqca ucuz qiymətə və qanunsuz yolla ələ keçirmək olmuşdur. Mərdəkan qəsəbəsində B.Əliyev küçəsi, ev 8, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 37.05 kv/m olan 1 otaqlı mənzilin dəyərinin daşınmaz əmlak bazarında 35000 manatdan ucuz olmadığını nəzərə alsaq alqısatqı barədə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu ortaya çıxır və bu da həmin 18 iyun 2020-ci il tarixli İlkin Alqı-Satqı və AN-İ-№0763902 nömrəli, 29 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrinin Mülki Məcəllənin 339.2.-ci maddəsinin tələblərinə əsasən etibarsızlığına səbəb olur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 18.06.2020-ci il tarixli ilkin alğı-satqı və AN-İ №0763902 nömrəli, 29.06.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrin etibarsız edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m sahəsi olan mənzilin qaytarılması, eyni zamanda 10 ay müddətində aylıq 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində ödədiyi kirayə haqqı ödənişlərinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, cavabdehin məqsədi başdan bəri iddiaçını aldadaraq mənzili dəyərindən olduqca ucuz qiymətə və qanunsuz yolla ələ keçirmək olmuşdur. 18 iyun 2020-ci il tarixli İlkin Alqı-Satqı müqaviləsinin 2-ci bəndində qeyd olunmuşdur ki, “Əgər gələcəkdə müqavilənin şərtlərindən İddiaçı imtina edərsə o zaman Cavabdeh ümumi pulun iki qat mislini ödəməlidir". Qeyd olunan bəndin məzmunundan aydın olur ki, cavabdehin belə tələbi zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələbdir. Yəni ki, iddiaçı müqavilə şərtlərindən imtina edəcəyi təqdirdə cavabdehə müqavilə dəyərinin-17000 manatın iki mislini-34000 manat ödəməlidir. Sual yaranır ki, əgər mənzilin satış qiyməti həqiqətən 17000 manat razılaşdırılmışdısa nəyə görə İlkin Alqı-Satqı müqaviləsinin 2-ci bəndində zərər ümumi pulun iki qat misli, yəni 34000 manat göstərilmişdir. ilkin olaraq 18 iyun 2020-ci il tarixli İlkin Alqı-satqı müqaviləsi ilə 5000 manat ödənilir və bununla iddiaçının inamı qazanılır, eyni zamanda cavabdeh özünü sığortalamaq üçün hər ehtimal müqaviləvəyə “2-ci bənd” əlavə edir. “2-ci bəndin” əlavə edilməsində məqsəd isə odur ki, hələ ikinci alqı-satqı müqaviləsi bağlanmayıb, ola bilsin ki cavabdeh iddiaçıya mənzilin satış qiymətinin razılaşdırılan 35000 manatdan geri qalan 30000 manatı ödəməli olacaq. Ona görə əvvəlcədən İlkin alqı-satqı müqaviləsinə “zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb”, yəni “2-ci bənd” əlavə edir. Daha sonra 29 iyun 2020-ci il tarixində iddiaçıya 12000 manat ödəməklə onu daşınmaz əmlakın ikinci alqı-satqı müqaviləsini bağlamağa razı salır. Cavabdeh əvvəlcədən çox gözəl bilirdi ki, iddiaçı ilə bu şəkildə 5000 manat bir, 12000 manat digər məbləğdə müqavilələri imzalamağa müvəffəq olsa, sabah iddiaçı ondan müqavilədə göstərilməyən məbləğdən əlavə məbləğ tələb edə bilməyəcək. Bu qeyd olunanlardan göründüyü kimi cavabdeh iddiaçının hüquqi savadının olmadığından istifadə edərək əvvəldən planlı şəkildə aldatma yolu ilə mənzili ələ keçirmişdir. Mülki Məcəllənin 420.3-cü maddəsinin tələblərinə əsasən, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır: 420.3.5. zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb). Qeyd edilən maddənin tələblərinə əsasən, 18 iyun 2020-ci il tarixli İlkin Alqı-Satqı müqaviləsinin 2-ci bəndi ilə sübut olunur ki, həmin müqavilə etibarsızdır. İkincisi isə, Mərdəkan qəsəbəsində B. Əliyev küçəsi, ev 8, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 37.05 kv/m olan 1 otaqlı mənzilin dəyərinin daşınmaz əmlak bazarında 35000 manatdan ucuz olmadığı nəzərə alınsa (“MBA LTD” konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən məlum iş üzrə mübahisə predmeti olan mənzilin qiymətləndirilməsi) alqı-satqı barədə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu ortaya çıxır, yəni normal halda heç kim öz mənzilini dəyərindən yarı qiymətinə satmaz. Həmçinin 24 avqust 2021-ci il tarixli məhkəmə iclasında cavabdehə barışıq məqsədilə iddiaçının 17000 manat ödəyib öz mənzilini geri almaq istəyinə razı olub-olmadığı soruşularkən cavabdehin cavabı müsbət olmamışdır. Nəticə olaraq demək olur ki, iddiaçı ilə cavabdeh arasında yaranmış daşınmaz əmlakın alqı-satqı prosesində “aldatma” olmasaydı mövcud müqavilələr bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Daha sonra, məlum iş üzrə X1 və X5 şahid qismində çıxış edərkən öz ifadələrində bildirmişdilər ki: “əvvəldə evin satış qiyməti 35000 manat müəyyən edilmiş, cavabdeh həmin məbləğdən yuxarıda adları qeyd edilən daşınmaz-alqı satqı müqavilələri ilə 17000 manat ödəmiş, geriyə qalan 18000 manatı isə 29 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi bağlandıqdan sonra 1 həftə-10 gün ərzində hissə-hissə ödəyəcəyinə söz verməsinə rəğmən öz vədinə əməl etməmişdir. Məlum mülki iş üzrə istər iş üzrə qətnamə qəbul edilən zaman məhkəmə tərəfindən müqavilə şərtlərini təfsir edilərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi, iş üzrə şahid ifadələri və “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən məlum iş üzrə mübahisə predmeti olan mənzilin qiymətləndirilməsi nəzərə alınsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, evin qiymətini 17000 manata razılaşmışlar. Evin çıxarışı olmadığından ona görə əvvəl 5000 manat beh kimi təklif olunmuşdur, daha sonra isə 12000 manat pulu ödəyib alqı-satqı müqaviləsi bağlamışlar. 10 ay ərzində Mətanət onunla heç bir əlaqə saxlamamış, pul tələb etməmişdir. 17000 manat ona təklif olunacağı təqdirdə evi vermək istəyi yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini etiraf etməməklə onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər aralarında 17000 manat məbləğə razılaşmışlar. Lakin cavabdeh həmin məbləği birdəfəlik ödəmək iqtidarında olmadığından ilkin müqavilə bağlamışlar. Daha sonra isə yekun müqavilə bağlamışlar. Mənzil alınarkən təmirsiz və yaşayış üçün yararsız olmuşdur. Heç bir aldadılma olmamış və müqavilə tərəflərin əsil iradə ifadələrini əks etdirir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, Mətanətlə ailəvi dostluq münasibətləri vardır. 2020-ci ilin iyun ayının əvvəllərində Mətanət evi satmaq qərarına gəlməklə ondan bu barədə məsləhət almışdır. Nazim adlı maklerə müraciət etmişlər. Bir müddət keçdikdən sonra Ramil adlı şəxs anası ilə gəlib evə baxmışdır. İlk əvvəl 37000 manat təklif olunsa da sonunda 35000 manata razılaşmışlar. Onun, Ramilin və onun anasının, Mətanətin və Nazimin iştirakı ilə notariusun yanında 5000 manat beh verilmişdir. Bir müddət keçdikdən sonra isə ikinci müqavilə bağlanılmaqla 12000 manat verilmişdir. Qalan məbləğin isə 1 həftə sonra verilməsinə dair razılaşmışlar. Pulun qaytarılması ilə bağlı o da, Mətanət də cavabdehlə əlaqə saxlanılmaqla tələb etsələr də, heç bir nəticə verməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirdi ki, Davudla birgə işləyir. Pandemiya dövründə Davud ona bildirmişdir ki, yaxın qohumu 35 000 manata ev satır. Notariat ofisində 12000 manat verilərkən o, da orada olmuşdur. Orada Mətanət, Ramil, Nazim Davud və o oğlmuşdur. Qalan məbləğin isə sonra verilməsi barədə razılaşmışlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18.06.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə tərəflər arasında ümumi dəyəri 17 000 manat qiymətləndirilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, 8 saylı evin, 4 saylı mənzilinə görə 5000 manatın İddiaçı ödənilməsi, qalan 12000 manatın isə 24.06.2020-ci il tarixədək sənədlər tam hazır olanadək ödənilməsinin Cavabdeh öhdəliyi olması haqqında bağlanmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 29.06.2020-ci il tarixli AN-İ №0763902 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh 18.06.2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, 8 saylı evin, 4 saylı mənzilinə görə qalan 12000 manatı satıcı İddiaçı notariat ofisində açılmış depozit hesabına ödəmişdir. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal da müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin araşdırılmış hallarından aydın olur ki, tərəflər arasında 18.06.2020-ci il və 29.06.2020-ci il tarixli müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bundan əlavə, işin faktiki halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Eyni zamanda Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İddiaçının, iddia tələbinin onunla Cavabdeh arasında bağlanmış 18.06.2020-ci il və 29.06.2020-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsinə dair hissəsinə dəlili ondan ibarətdir ki, o, adıçəkilən müqaviləni cavabdehin onun aldatması nəticəsində bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin 18.06.2020-ci il tarixli müqavilənin 2-ci bəndinə istinad etməklə “zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşmanın etibarsız hesab edilməsi” dəlilinə münasibətdə qeyd edir ki, müqavilə bağlanılarkən tərəflər öz aralarında müfəssəl razılaşma hüququna malikdirlər. Qeyd edilməlidir ki, müqavilənin şərtlərinin müfəssəl müəyyənləşdirilməsi daha üstündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Həmin Məcəllənin 417.3-cü maddəsinə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi əqdin aldadılma nəticəsində bağlandığı sübuta yetirilmir. Belə ki, tərəflər mənzilin alqı-satqısına dair öz aralarında razılaşmış, notariat orqanı tərəfindən bütün hüquq vəzifələr izah edilmiş, hər iki tərəf də öz iradə ifadəsini bildirməklə əqdi imza etmişlər. Yəni həmin vaxt iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Bununla da, əqdin etibarsızlığına əsas verən qanunvericiliklə nəzərədə tutulmuş hal mövcud olmamışdır. Belə ki, əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması olmamışdır. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, mənzilin satılmasına 34 000 manata razılaşmaları halı yalnız iddiaçı tərəfin izahatı və məhkəmə iclasına dəvət edilmiş şahidlərin ifadələrindən (şahid ifadələrində belə orada iştirak edən şəxslərin dairəsinin müəyyənləşdirilməsində ziddiyyət mövcuddur) ibarət olmaqla başqa rəsmi sənədlərlə sübuta yetirilmədiyindən, məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış 18.06.2020-ci il və 29.06.2020-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, müqavilələr etibarsız hesab edilmədiyindən iddianın ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m sahəsi olan mənzilin qaytarılması, eyni zamanda 10 ay müddətində aylıq 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində ödədiyi kirayə haqqı ödənişlərinin əvəzinin ödənilməsi hissəsi birbaşa 18.06.2020-ci il və 29.06.2020-ci il tarixli müqavilələrlə bağlı olduğundan, təmin edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədi və göstərilənlər işin araşdırılmış halları ilə müəyyən olunmadı və ona görə də iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış 18.06.2020-ci il tarixli ilkin alğı-satqı və AN-İ №0763902 nömrəli, 29.06.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrin etibarsız edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m sahəsi olan mənzilin qaytarılması, eyni zamanda 10 ay müddətində aylıq 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində ödədiyi kirayə haqqı ödənişlərinin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar