Məhkəmə qərarları › İş №2(003)-2266/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2266/2023

03.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2266/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh və onun nümayəndəsi (vəkili) X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, övladları İddiaçı2 və X7 Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 övladları İddiaçı2 və X9 ilə birlikdə uzun illərdir ki, Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evində yaşamışlar. Belə ki, xx.xx.2002-ci il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahları Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin 2(078)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Rəsmi nikah məhkəmə qaydasında pozulduqdan sonra Cavabdeh ailəsi ilə birlikdə illərdir ki, yaşadıqları, birgə inşa etdikləri fərdi yaşayış evinə onları buraxmır. Onların həmin evdə yaşamaqlarına maneə yaradır. Halbuki, 2020-ci il tarixində Ramana qəsəbəsi, Südçülük savxozu ərazisində yerləşən sözügedən fərdi yaşayış evini Cavabdeh ilə birgə tikmişlər, tikintisi üçün birgə əziyyət çəkmişlər. Sözügedən iki mərtəbəli fərdi yaşayış evinin tikilib başa çatması zamanı o da əmək sərf etmiş, evin tikilib başa çatması zamanı birgə çalışmışlar. Hətta, övladı İddiaçı2 orta məktəbdə oxuduğu müddətdə paralel olaraq işləmiş, əmək haqqısını da məhz evin tikintisi üçün xərcləmişdir. Göründüyü kimi, evin tikilməsində əziyyətləri olmuşdur, belə olan halda hər birinin həmin evdə yaşamağa hüquqları vardır. Cavabdeh onları Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən fərdi yaşayış evində yaşamaqlarına maneə olur, hər vəchlə fərdi yaşayış evində yaşamaqlarının qarşısını almağa çalışır. Hətta, həmin fərdi yaşayış evində yaşamaq istədikdə onları evə buraxmaması səbəbindən mübahisə yaranmış, onları qovmuşdur, bundan sonra tərəflərindən hüquq mühafizə orqanına müraciət olunmuşdur. Belə olan halda, pozulmuş hüquqlarının bərpa edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, İddiaçı1, eyni zamanda övladları İddiaçı2 və X5 Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evinə köçürülmələri qanunauyğun hesab edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında iddia tələbinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evini cavabdehlə birgə nikahda olarkən 2020ci il tarixdə inşa etmişlər. Evin tikilməsi zamanı onun da maddi dəstəyi olmuşdur. Belə ki, Ramana qəsəbəsində özünə məxsus torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evini 40000 manata satmış və əldə edilən vəsait hesabına mübahisəli evi tikmişlər. Bununla yanaşı həmin evin tikilməsi zamanı oğlu-digər İddiaçı2 da maddi köməkliyi olmuşdur. Göründüyü kimi mübahisəli ev birgə nikah dövründə onların da dəstəyi olmaqla tikilsə də, hazırda cavabdeh onları mübahisəli evdə yaşamağa icazə vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, orta məktəbdə oxumasına baxmayaraq əmək müqaviləsi əsasında işləmiş və əldə etdiyi gəlir hesabına mübahisəli evin tikilməsinə köməklik etmişdir. Hazırda atası-Cavabdeh həmin evdə yaşamağa onlara maneə olur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən 300 kv.metr torpaq sahəsi onun adına etibarnamə əsasında verilmişdir. Öz qazancı hesabına həmin torpaq sahəsində 2020-ci ildə bir birindən təcrid olunmuş 2 ev tikmişdir. İddiaçı onunla rəsmi ayrılıqdan sonra övladları ilə birlikdə həmin torpaq sahəsində olan 50 kv.metrlik evdə yaşamışlar. Hazırda iddiaçı digər – 130 kv.metr sahəsi olan fərdi yaşayış evini əldə etmək istəyir, ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin aralarında olan münaqişə son həddədir və iddiaçı həmin evə köçürülərsə ciddi hadisələr baş verə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili X12 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-437/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı1 arasında 04 iyul 2002-ci il tarixdə Babək rayon VVADQ şöbəsində bağlanmış və 163 nömrə ilə qeydə alınmış nikah pozulmuş, iş üzrə tərəflərin uşaqları - 21 iyul 2009-cu il təvəllüdlü X9 anası İddiaçı1 yanında saxlanılmış, 21 fevral 2023-cü il tarixdən hesablanmağa başlayaraq, Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında aliment tutularaq, 21 iyul 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası İddiaçı1 ödənilmiş və iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh ilə X13 arasında 04 iyul 2002-ci il tarixdə Babək rayon VVADQ şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 163 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Şahsuvarova" soyadı verilmişdir. İş üzrə tərəflərin xx xxxxxxx 2002-ci il tarixdə İddiaçı2 adlı və 21 iyul 2009-cu il tarixdə X9 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan 15 noyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, X10 adından DƏDRX-nin ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən məxsus olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsinin 300 kv.m-nin icarə hüquqlarına dair zəruri sənədləri toplamağı tikinti işləri aparmağı, təyinatı üzrə istifadə etməyi, icarə müqaviləsi bağlamağı 19 iyun 2062-ci il tarixədək X1 Aslan Kazım oğluna etibar edilmişdir. İş materiallarında olan Sabunçu RPİ-nin 12-ci PŞ-nin 24 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evdə yaşayan vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Cavabdeh müəyyən edilərək İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunmuşdur. Həmin qərardan görünür ki, izahatı alınmış vətəndaş İddiaçı1 izahatında əri Cavabdeh dəfələrlə övladlarının onu döyməsinin şahidi olduğunu, mübahisələrinin səbəbinin maddiyyat ilə əlaqədar olduğunu, dəfələrlə onu döyüb xəsarət yetirdiyini, ailəyə heç bir maddi yardım göstərmədiyini, pul yığaraq özünə avtomobil almağı tələb etdiyini, lakin ev üçün heç bir maddi köməklik etmədiyini, Aslanın "Nur" çörək zavodunda sürücü vəzifəsində işlədiyini, onun bankdan kredit götürüb özünə avtomobil almağı bəhanə etdiyini, lakin bu günə qədər avtomobil almadığını, aldığı əmək haqqının krediti ödədiyini, övladlarının atalarından gündəlik xırda pul istədiyi zaman onlara kobudluq etdiyini, verilən suallara cavab olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə avtomobilin yan güzgüsü ilə sinəsindən vurduğunu bildirmişdir. Araşdırma gedişində izahatı alınmış vətəndaş Cavabdeh izahatında 32 ildir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında yaşadığını, Gülşən ilə birgə nikahdan iki övladının dünyaya gəldiyini, mütəmadi olaraq mübahisələrinin olduğunu, lakin verilən suallar zamanı onu döymədiyini, sadəcə olaraq əsəbi olub avtomobilin güzgüsünü yerə atdığı zaman Gülşənə dəydiyini bildirmişdir. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı2 oğıu 03 sentyabr 2020-ci il tarixindən 26 noyabr 2020-ci il tarixinə qədər "xxxx" MMC-də satıcı vəzifəsinə çalışmışdır. İş materiallarında olan 07 iyul 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı1, Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən (çıxarış **********) 250 kv.m torpaq sahəsini və həmin torpaq sahəsi üzərində tikilmiş 3 otaqlı fərdi yaşayış evini – X4 40000 manata satmış və həmin məbləği tam olaraq almışdır. İş materiallarında olan Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 217 nömrəli, 14 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən də Babək rayon Zeynəddin kəndində nikahdan əvvəl aldığı torpaq sahəsində yaşayış evi tikmiş və Bakı şəhərinə köçəndən sonra həmin həyətyanı sahədə olan evi və həyətyanı sahəni X2. Beləliklə, işin faktiki hallarından müəyyən edildiyi kimi iş üzrə tərəflər 04 iyul 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin nikahdan tərəflərin xx xxxxxxx 2002-ci il tarixdə İddiaçı2 adlı və 21 iyul 2009-cu il tarixdə X9 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-437/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bununla yanaşı işin mübahisəsiz hallarından görünür ki, tərəflər birgə nikah dövründə olarkən Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evi 2020-ci il tarixdə inşa edilmişdir. Həmin ev tikilən zaman cavabdehlə yanaşı iddiaçıların hər ikisi vəsait xərcləmişdir. Belə ki, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, evin tikilməsi ərəfəsində İddiaçı1 torpaq sahəsi və həmin torpaq üzərində tikilmiş 3 otaqlı fərdi yaşayış evini satmışdır, həmçinin İddiaçı2 oğıu 03 sentyabr 2020-ci il tarixindən 26 noyabr 2020-ci il tarixinə qədər "xxxx" MMC-də satıcı vəzifəsinə çalışmışdır. Qeyd edilənlərə əsasən məhkəmə ilk olaraq qeyd edir ki, İddiaçı1 evin tikilməsi ərəfəsində başqa bir torpaq sahəsini satması, eləcə də digər İddiaçı2 müəyyən bir müddət əmək müqaviləsi əsasında işləməsi nəticəsində əldə edilmiş vəsaitin birgə nikah dövründə evin tikilməsinə xərclənməsi ağlabatan mülahizə kimi qəbul edilməlidir. Göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evi özbaşına tikili olmaqla, tərəflərin birgə nikah dövründə tikilmiş və iddiaçılar da həmin evin tikilməsi zamanı vəsait xərcləmişlər. Eləcə də tərəflər arasında nikah pozulana qədər iddiaçılar mübahisəli evdə yaşamışlar. Lakin hazırda cavabdeh iddiaçılara həmin evdə yaşamağa maneə törədir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev iddiaçı Gülşən Şahsuvarovla Cavabdeh birgə nikah dövründə - cavabdeh eləcə də iddiaçı Gülşən Şahsuvarovla yanaşı digər iddiaçı Ərşad Şahsuvarun da vəsaiti hesabına tikilmiş, faktiki olaraq mövcuddur və hazırda yaşayış sahəsi kimi istifadə olunur. İddiaçılar istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçıların evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan halda iddiaçıların da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə İddiaçı1 övladı - X9 ilə birlikdə, eləcə də digər İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək İddiaçı1, övladları-İddiaçı2 və X15 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış evinə köçürülməlidirlər. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı2 və İddiaçı1 övladı- X9 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Südçülük savxozunda yerləşən ümumi sahəsi 130 kv.metr olan tikiliyə köçürülsünlər. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar