Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2268/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı miras əmlaka payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsinə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək atası X1 1-ci növbə vərəsəsi olması nəzərə alınması, onu vərəsə kimi tanıyaraq mənzilə görə ona düşən paya müvafiq olaraq vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Məhkəməyə iddia ərizəsi kimi deyil, ərizə formasında təqdim edilmiş ərizədə ərizəçi (iddiaçı), öz soyadını, adını, ata adını və saxlanıldığı yeri qeyd etsə də, şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları, həmçinin tələbinin yönəldiyi şəxs və ya orqanı göstərməmişdir. Həmçinin qeyd olunur ki, ərizədə atadan qalmış miras əmlakla bağlı 1-ci növbə kimi vərəsəsi olması tanınaraq payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinin irəli sürülməsinə baxmayaraq İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları və onları təsdiq edən sübutların siyahısını ərizədə göstərməmiş və müvafiq sənədləri ərizəyə əlavə etməmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa riayət olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstəriləndən başqa tələb qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən ibarət olmasını nəzərə alaraq bildirilir ki, mülki qanunvericiliyə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras əmlakın açıldığı yer üzrə notariat orqanı tərəfindən verilir. Hazırda isə ərizəçi tərəfindən miras əmlakın qəbul edilməsinə dair notariat orqanına müraciət etməsi və onun bu müraciətinə imtina edilməsi barədə hər hansı bir sənəd ərizəyə əlavə edilməmişdir. Bu hala əsasən isə müəyyən edilir ki, ərizəçi (iddiaçı) tərəfindən tələb üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməmişdir. Belə olan halda isə Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin qeyd olunur ki, həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırda isə ərizəyə müvafiq qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya dövlət rüsumunun ödənilməsindən azad edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilən əsaslarla iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı miras əmlaka payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsinə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər.. Hakim Emin Məmmədli İş № 2(003)-2268/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı miras əmlaka payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsinə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdən sonra məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:45-də başlandı. İş materiallarını nəzərdən keçirdikdən sonra iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul etdim. Prosessual hərəkət saat 09:55-də qurtardı. Protokol xx.xx.2025-ci il tarixdə tərtib olundu. Hakim Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-2268/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2268/2025
24.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver