Məhkəmə qərarları › İş №2(003)-2338/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2338/2024

05.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2338/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən çıxarılma, evin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi, İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – Abşeron rayon donuz kökəltmə üzrə əmr - 135 çıxarış 12 iyul 1990-cı il qərarı əsasında aldığı, ona məxsus 0,03 ha fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsində tikdiyi evdən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və evin boşaldaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon donuz kökəltmə üzrə 135 nömrəli 12 iyul 1990-cı il tarixli 1224 nömrəli əmrlə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarı əsasında Savxoz Həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 nömrəli evinə kənar şəxslərin girərək evi aldıqlarını bildirdi. Naxçıvan Muxtar Respublikasından gələrək ona məxsus evə kimin gəlməsi, evi kimin satması, evinin kim tərəfindən zəbt olunmasını araşdırmaq üçün evə gəlmişdir. Evə girişdə müvəqqəti qoyduğu qapının sökülməsi, yerində darvaza qoyulmasını görmüşdür. Darvazanı sökərək, çətinliklə Cavabdeh1 tapıb darvazasını aparmasını, evin ona məxsus olmasını bildirmişdir. Sənədləri, qonşuları yanında dindirdikdə Cavabdeh1 aldadıldığını bildi. Buna görə də Cavabdeh1 və onun kimi bir neçə şəxsi aldadaraq ev satan şəxsi məhkəməyə verdi. Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin 1(011)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünü Azərbaycan Respublikasının Ali Məhkəməsi də qüvvədə saxlayaraq Cavabdeh1ı aldadaraq satan şəxslərə cəza vermişdir. Hökmün 4-cü səhifəsində cavabdeh - Cavabdeh1 ona satılan torpaq sahəsi sənədlə qeyd olunan yerdə olmadığını, aldandığını, həmən torpağı tikili ilə birlikdə satıldığını, orada olan hasar və tikilini özünün tikmədiyini göstərmişdir. Eyni zamanda aldanmasına peşman olmasını və zərərinin geri qaytarılmasını tələb etmişdir. Xəzər Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 aldadan şəxslərin həbsi və ona vurulan zərərin ödənmədiyinə görə Cavabdeh1 və həyat yoldaşı Xəzər Rayon Məhkəməsinə onlara aldadılaraq satılan evinə köçürülmələri, həmən yaşayış evinə qanunsuz müdaxilənin qarşısının alınması barədə iddia verdikdən sonra, yeni qoyduğu qapını qıraraq evə yenidən girmişlər, bu dəfə isə işin məhkəmədə olmasını, məhkəmə qərarından sonra ancaq çıxacaqlarını, özlərini əks halda yandıracaqlarını, özlərinə xəsarət yetirəcəkləri ilə onu hədələməyə başlamışdırlar. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaları təmin olunmamış və qanuni qüvvəyə minmişdir. Artıq cavabdehlər onlara evin məxsus olmamasını bilsələr də sanki onları mən aldatmışam kimi evdən çıxmırlar. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, mübahisəli evi öz zəhməti hesabına tikmişdir. Həmin evi tikən zaman cavabdehlər orda olmamışdır. Evdə olmamağından istifadə olunaraq, cavabdehlə evə daxil olmuşdurlar. Onların həmin evin tikilməsində heç bir zəhməti və vəsaiti yoxdur. Buna görə də, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, məhkəmə araşdırması zamanı iddiaçının iddiasında istinad etdiyi əmrin saxta olması müəyyən edilmişdir. Onun cavabdehlərə qarşı iddia irəli sürməyə subyektiv hüququ çatmır. Ancaq iddiaçının həmin evə çəkdiyi xərci tələb etmək hüququ vardır. Buna görə də, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayır. İddiaçı onunla qonşudur. 2012-ci ildə iddiaçı oranı 20000 manata almışdır. 3 ildi eşidib ki, İsgəndərin evini zəbt ediblər. Ev təmirsiz olmaqla qapı-pəncərəsi, hətta qapısı yox idi. Cavabdehləri tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı tanıyır. Cavabdehləri isə tanımır. Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayır. Mübahisəli evi İsgəndər tikmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudur. Evlərinin arasında 300-400 metr ara məsafəsi var. O, həmin evi tikmişdir. Çünki, evin tikinti işlərində işləmişdir. Cavabdehləri isə tanımır. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixdə 135 saylı Əmrindən xx.xx.1990-cı il tarixli 428 saylı çıxarışın surətinə əsasən X7 Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. -10. AR-İİ№ 609053 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X11 12 iyul 1990-cı il tarixli 426 saylı Əmrlə ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda 0,03 ha torpaq sahəsinin üzərindəki hüquqlarını xx.xx.2092-ci il tarixədək Cavabdeh2 vermişdir. -Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixdə 135 saylı Əmrindən xx.xx.1990-cı il tarixli 428 saylı çıxarışın surətinə əsasən X1 Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - İddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 0,03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına cavabdeh İddiaçı tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5155/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4657/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5155/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4 məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda (Cəlil Məmmədquluzadə küçəsində kanalın üstü adlanan ərazidə) yerləşən fərdi yaşayış evi iddiaçının faktiki sahibliyində və istifadəsində olmuş, lakin onun fərdi yaşayış evində olmadığı, yəni əmlakın bağlı olmasından istifadə edilərək, həmin əmlak saxta sənədlər əsasında cavabdehlərə satılmış və cavabdehlərdə həmin evdə yaşamağa başlamışdırlar. Hazırda iddiaçının iddia tələbinin əsasını cavabdehlərin ona məxsus özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılmaları təşkil edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yəni, qanunverici tərəfindən iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda (Cəlil Məmmədquluzadə küçəsində kanalın üstü adlanan ərazidə) yerləşən fərdi yaşayış evin özbaşına tikili olması işin mübahisəsiz halıdır. İddiaçı hazırda cavabdehlərin çıxarılmasını tələb etdiyi evin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evinin onun tərəfindən tikilməsini, cavabdehlərin hər hansı hüquqi əsas olmadan ona aid evə qanunsuz daxil olaraq yaşadıqlarını göstərir və onların sahibliyinin qanunsuz olmasını iddia edir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli fərdi yaşayış evinə yerli baxış keçirilmiş və baxış zamanı mübahisəli fərdi yaşayış evinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda (Cəlil Məmmədquluzadə küçəsində kanalın üstü adlanan ərazidə) yerləşməsi, fərdi yaşayış evinin bir mərtəbəli olmaqla, tam təmirli olmaması, yaşayış üçün tam yararlı olmaması müəyyən edilmişdir. Yerli baxış zamanı yerli baxışda iştirak edən Orucov abnar bildirmişdir ki, mübahisəli evi aldıqdan 2 ay sonra İddiaçı onlara yaxınlaşaraq həmin evin ona məxsus olduğunu bildirmişdir. O, evdə müəyyən təmir işləri aparmışdır. Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinin tələblərinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin maddənin məzmunundan göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. Deməli, özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblik hüququna olan hər cür pozuntu qadağan edilir. Qanunvericiliklə özbaşına tikiliyə sahiblik hüququ tanınmaqla həmin hüquqa malik olan şəxsin öz sahibliyini hər cür qanunsuz pozuntudan müdafiə etmək hüququ təsbit edilir. Bu halda ilk əvvəl iddiaçının özbaşına tikili üzərində sahiblik hüququna malik olubolmaması müəyyən edilməlidir. Bu halda, məhkəmə tərəfindən aydınlaşdırılmalı məqamlardan biri tikiliyə sahiblik hüququnu kimin və necə əldə etməsi, ümumiyyətlə iddiaçının həmin əşya üzərində belə bir hüquqa (sahiblik hüququna) malik olub-olmamasıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının özbaşına tikili üzərində sahiblik hüququ mövcuddur. Belə ki, məhkəmə iclasında iştirak edən şahidlər mübahisəli fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi halını təsdiq etmişdirlər. Bu baxımdan məhkəmə hesab edir ki, istər qanuni qüvvəyə minmiş hökm və qətnamə ilə, istərsə də, şahid ifadələri ilə mübahisəli fərdi yaşayış evini iddiaçı öz şəxsi vəsaiti hesabına tikərək ərsəyə gətirməsi, tikilidən sahiblik və istifadə hüququ əldə etmişdir. Məhkəmə qeyd edir ki, işdə preyudisial əhəmiyyət daşıyan yekun məhkəmə aktları mövcuddur. Belə ki, xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, ...Məcəllənin Bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015- ci il tarixli Qərarı). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda (Cəlil Məmmədquluzadə küçəsində kanalın üstü adlanan ərazidə) yerləşən fərdi yaşayış evinin saxta sənədlər əsasında onlara satılmasından tam xəbərləri olmuşdur. Həmin iş üzrə cavabdeh olan Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 nömrəli, xx.xx.2022ci il tarixli hökmü ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən zaman bu halı təsdiq etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X7 verilmiş ittihama əsasən, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb, etibarından suiistifadə edib aldadaraq, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12.000 (on iki min) manat pulu almış və həmin tarixdə Cavabdeh1 hüquqverən rəsmi sənədi, yəni X4 adından xx.xx.1990-ci il tarixli 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə, aldadıb ələ keçirərək, zərərçəkmiş şəxs Cavabdeh1 ümumilikdə 12.000 (on iki min) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən görünür ki, məhkəmə iclasında X11 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Cavabdeh1 adlı şəxsi də eyni üsulla aldatmışdır. Belə ki, öz adına olan Abşeron Rayon X14 üzrə əmrdən çıxarışın surətini təqdim etmiş və aldadaraq, həmin şəxsin 12.000 manat pulunu ələ keçirmişdir. 2022-ci ilin fevral ayının axırlarında Anar adlı şəxs sosial şəbəkədə yerləşdirilən elanda makler Eminin mobil nömrəsinə zəng vurmuş, Emin də Arifin nömrəsini vermişdir ki, onunla əlaqə saxlaya bilsin. Beləliklə torpaq sahəsi almaq istəyən Anar adlı şəxs onunla əlaqə saxlamış və o, həmin şəxsə Binə qəsəbəsi Donuzkökəltmə Sovxozunda 0,03 ha torpaq sahəsi olduğunu bildirmışdır. Sonra Anar adlı müştəri ilə Ariflə birlikdə “Əhmədli” metrostansiyasının yaxınlığında görüşmüş və həmin torpaq sahəsinə gedib baxmışdır. Həmin torpaq sahəsinin hasarı tikilmiş və içərisində tikilmiş ev də olmuşdur. Anar torpaq sahəsini və tikilini bəyəndikdən sonra, qiymətini 12.000 manata razılaşmışlar və bundan sonra birlikdə Xətai rayonunda yerləşən 18 saylı notariat ofisinə gedib, orada ona 12.000 manat pul vermişdir. Sonra da Arifin makler kimi xidmət haqqını ödəmişdir. Beləliklə, maddi cəhətdən sıxıntı keçirdiyindən, saxta sənədlərdən istifadə edərək, özünə məxsus olmayan torpaq sahələrini müxtəlif şəxslərə satmışdır. Emin və Arif adlı şəxslər onun dələduzluq yolu ilə müştərilərə torpaq sahəsi satmağını bilməmişlər. Belə ki, Emin onun üçün torpaq sahələrini sosial şəbəkələrdə elan vermək üçün köməklik etmiş, Arifi isə makler kimi tanımış, maşını olduğuna görə onunla hərəkət etmiş və aldığı puldan Arifə də vermişdir. Eyni zamanda, Cavabdeh1 satdığı torpaq sahəsi sənəddə onun adına göstərilmiş, lakin həmin torpaq sahəsi sənəddə qeyd olunan yerdə olmadığını, Anarı aldadıb həmin torpaq sahəsini tikili ilə birlikdə satdığını, orada olan hasar və tikilini nə özü, nə də Ariflə birlikdə tikmədiyini göstərmişdir. Hökmdən görünür ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Cavabdeh1 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, 8 Noyabr prospektində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Öz evi olmadığından, fəhləliklə özünə topladığı pulla torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün “tap.az” sosial şəbəkəsində elanlarda olan bir ünvan diqqətini çəkmiş və həmin elanda olan telefon nömrəsinə zəng vurmuşdur. Özünü Emin kimi təqdim edən şəxsə torpaq sahəsi almaq istədiyini bildirmiş və sonuncu Arif adlı şəxsin mobil nömrəsini vermişdir ki, həmin nömrə ilə əlaqə saxlayıb danışsın. 2022-ci ilin fevral ayının sonlarında Arif adlı şəxsə zəng vurub, torpaq sahəsinə baxmaq istəyini bildirmişdir. Bunun səhərisi gün “Əhmədli” metrostansiyasının yaxınlığında Ariflə görüşmüş, onun yanında sonradan adını bildiyi Azər adlı şəxs də gəlmişdir. Arif bildirmişdir ki, həmin torpaq sahəsi Azərə məxsusdur, həmin sahəni Azər satır və orada tikilmiş hasar və evi Azərlə birlikdə tikmişdir. Sonra onlarla birlikdə Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozuna getmiş və həmin evi görəndən sonra bəyənmişdir. Orada torpaq sahəsini tikililərlə birlikdə 12.000 manata razılaşmışlar. Ondan sonra birlikdə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisinə getmişlər. Orada 12.000 manatı sayıb Arifə vermiş, sonuncu da pulu yenidən sayıb Azərə vermiş, sonra onlarla birlikdə notariat ofisinə girmiş və orada Azərin adından onun həyat yoldaşı Cavabdeh2 adına etibarnamə təsdiq etdirərək, ona təqdim etmişdir. X12 etibarnamədən başqa Abşeron Rayon X14 üzrə əmrdən çıxarışın surətini də təqdim etmişdir. Bundan təxminən 2 aydan sonra aldığı evin elektrik sayğacını çəkdirmiş, ondan da 3 gün sonra həyətinin darvazası olmadığına görə alıb yerinə qoymuşdur. Bir neçə gündən sonra aldığı evin əvvəlki sahibi onu axtarıb tapmış və o, özünü İddiaçı kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin şəxs ona torpaq sahəsinin sənədini göstərmiş və məlum olmuşdur ki, həqiqətən də həmin torpaq sahəsi İddiaçı məxsusdur. Onda başa düşmüşdür ki, Azər və Arif adlı şəxslər onu aldadaraq, 12.000 manat pulunu ələ keçirmişlər. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə təqsirləndirilən şəxs Azər Novruzova qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Hökmdən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 2012-ci ildə Binə qəsəbəsi, X14 ərazisində özünə 0,03 ha torpaq sahəsini tanışı Asəf adlı şəxsdən 3000 ABŞ dolları pul verərək almışdır. Asəf həmin torpaq sahəsinə dair ona sənəd vermişdir. 2013-cü ildə həmin torpaq sahəsində özünə 9x12 metr ölçüdə ev tikmiş, lakin sonradan maddi imkanı olmadığından təmir işlərini görə bilməmişdir. O, ara-sıra gedib həmin evə baş çəkmişdir. Qonşular da onun xahişinə görə evə nəzarət etmişlər. 2022-ci ilin aprel ayında qonşuluqda yaşayan Baloğlan adlı şəxs zəng edərək bildirmişdir ki, onun evinə işıq sayğacı quraşdırırlar. O, da bundan xəbərsiz olduğunu demişdir. Baloğlandan həmin sayğacı kim quraşdırdığını soruşmuş, sonuncu demişdir ki, işıq idarəsinin əməkdaşlarıdır və həmin şəxslər Cavabdeh1 adlı şəxsin olduğunu demişdirlər. Bundan başqa, Baloğlan bildirmişdir ki, hətta hasarın dəmir darvazası da kiminsə tərəfindən qoyulmuşdur. Onun isə bunların heç birindən xəbəri olmamışdır. Hökmdən göründüyü kimi, X2 Anar Nəcəf oğlunu aldadaraq Binə qəsəbəsi Donuzkökəltmə Sovxozunda 0,03 ha torpaq sahəsi “Əhmədli” metrostansiyasının yaxınlığında görüşərək, həmin torpaq sahəsinə baxmış keçirərək, torpaq sahəsinin hasarı tikilmiş və içərisində tikilmiş ev olmasını müəyyən etmişlər və Anar torpaq sahəsini və tikilini bəyəndikdən sonra X18 Orucova 12.000 manata satmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş hökm ilə Cavabdeh1 özbaşına tikili olan Binə qəsəbəsi Donuzkökəltmə Sovxozunda 0,03 ha torpaq sahəsini aldadılma nəticəsində əldə etmişdir. Bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5155/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-4657/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5155/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Qətnamədən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmirbərpa işlərinin aparılmasına cavabdeh İddiaçı tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etmişdirlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında qanuni qüvvəyə minmiş hökm və qətnamə ilə müəyyən edilmiş faktlar mövcuddur və hazırkı tələb preyudisial əhəmiyyət kəsb edir və yenidən araşdırılmamalıdır. Ona görə ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Belə ki, həmin qanuni qüvvəyə minmiş hökmlə özbaşına tikili olan Binə qəsəbəsi Donuzkökəltmə Sovxozunda 0,03 ha torpaq sahəsi Cavabdeh1 aldadılma nəticəsində əldə etməsi, qətnamə ilə isə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına cavabdeh İddiaçı tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə tələblərinin təmin edilməməsi müəyyən edilmişdir. Beləliklə müəyyən edilir ki, üzərində sahiblik hüquqlarını pozulduğunu iddia etdiyi ev iddiaçı tərəfindən inşa edildiyindən və onun həmin evə sahibliq və istifadə hüququ yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda (Cəlil Məmmədquluzadə küçəsində kanalın üstü adlanan ərazidə) yerləşən fərdi yaşayış evi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Cavabdehlər isə saxta sənədələr əsasında sözügedən fərdi yaşayış evini almaqla, orada yaşamağa başlamışdırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Ona görə ki, o, özbaşına tikilini öz vəsaiti tikib ərsəyə gətirmiş, həmin ev üzərində sahiblik və istifadə hüququ əldə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər iddiaçının faktiki olaraq inşa etdiyi, istifadə və sahiblik etdiyi fərdi yaşayış evinə qeyri-qanuni daxil olmaqla, iddiaçının həmin fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüquqlarını pozduqlarından, onlar fərdi yaşayış evindən çıxarılmalı və iddiaçı sözügedən evə köçürülməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda (Cəlil Məmmədquluzadə küçəsində kanalın üstü adlanan ərazidə) yerləşən fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq sonra İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda (Cəlil Məmmədquluzadə küçəsində kanalın üstü adlanan ərazidə) yerləşən fərdi yaşayış evindən çıxarılsınlar və fərdi yaşayış evi boşaldılaraq sonra İddiaçı təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar