Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2377/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu, övladı 21 iyul 2010-cu il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 18 noyabr 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 21 iyul 2010-cu il təvəllüdlü X1 doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışdır, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Onların arasında dəfələrlə mübahisə yaranmışdır. 2022-ci ilin aprel ayından ayrı yaşayırlar. Belə ki, cavabdeh onların birlikdə yaşadıqları fərdi yaşayış evindən iddiaçını və övladını döyərək zorla çıxarmışdır, iddiaçı yalnız əynindəki paltarı ilə çıxmağa məcbur olmuşdur. Hazırkı tarixədək iddiaçının bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, iddiaçıya məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda iddiaçının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Qeyd edir ki, birgə təsərrüfat apardıqları dövrdə evin ikinci mərtəbəsini əsaslı təmir etmişlər, təmirdə iddiaçı və onun valideynlərinin maddi dəstəyi daha çox olmuşdur. Həmçinin qeyd etmişdir ki, o, şəhid ailəsidir. Belə ki, iddiaçının qardaşı X5 2-ci "Qarabağ müharibəsi"də şəhid olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 2008-ci ildə nikaha daxil olaraq mübahisəli evə gəlin köçmüşdür. Birgə nikah dövründə gəlin gəldiyi evdə birgə pul hesabına evdə artırmalar etmişdir. Həmin evə dair reyestrdən çıxarış yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, o, İddiaçı ilə 18 noyabr 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 21 iyul 2010-cu il təvəllüdlü X1 doğulmuşdur. Birgə nikah dövründə evin artırmalarını (ikinci mərtəbə) təmir ediblər. Evin çıxarışı yoxdur, lakin ev onların deyil, atasınındır. Həmin evdə onlardan başqa, qardaşı da ailəsi ilə birlikdə yaşayır. İddiaçı mübahisəli yaşayış evini tərk edib gedərkən bütün əşyalarını da aparmışdır. İddiaçı indi atasının evində yaşayır. Onun iddiaçı ilə birgə nikah dövründə onun atası mübahisəli yaşayış evinin ikinci mərtəbəsini inşa etdirmişdir. Tərəflər arasında ər-arvad münasibətləri yenicə pozulmuşdur. Belə olan halda tərəflərin mübahisəli evdə bir yerdə yaşamaları mümkün deyil. Odur ki, mübahisəli evə köçürülmə barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, iddiaçı və cavabdeh ilə təxminən 8 ilə yaxın qonşuluqda yaşamışdır. Aliyə Tamerlan ilə ailə qurandan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Bildiyinə görə mübahisəli ev Tamerlanın atasının evidir, amma evin sənədi yoxdur. Onlar evi təmir ediblər. Onları yaxşı ailə kimi tanıyır. Məhkəmədə şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, iddiaçı və cavabdeh ilə təxminən 8 ilə yaxın qonşuluqda yaşamışdır. Onları yaxşı ailə kimi tanımışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iddiaçı Aliyə onun xalasının nəvəsidir. Aliyə Tamerlan ilə ailə qurandan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Hazırda Aliyə və Tamerlan boşanıblar. Aliyə atasına məxsus evdə valideynləri və iki bacısı ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri üzrə qeydiyyata alınmış hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, 30 saylı fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ–nin 3-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfləri, şahidi dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPMin) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 18 noyabr 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 21 iyul 2010-cu il təvəllüdlü X1 doğulmuşdur. 2022-ci ilin aprel ayından ayrı yaşayırlar. İddiaçı cavabdehlə birgə nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yaşamışlar. Birgə nikah dövründə evdə təmir-bərpa işləri, artırmalar aparılmışdır. Cavabdeh onların birlikdə yaşadıqları fərdi yaşayış evindən iddiaçını və övladını çıxarmışdır. İddiaçıya məxsus əşyalar hazırda həmin evdə yerləşir. Fərdi yaşayış evi tərəflərdən heç birinin adına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. İddiaçı mübahisəli evdə yaşamamasını, cavabdehin onu evdən çıxarması və həmin ünvana qayıdıb yaşamasına imkan verməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca vəəlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. MM-in 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. MM-in 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamışşəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. MM-in 152.5-ci maddəsinəəsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 20-ci maddəsinin birinci abzasına əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqlrı mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Qanunvericiliyin tələbinə əsasən daimi yaşayışüçün yararlı, ayrıca sahə olan mübahisəli ev yaşayış sahəsi sayılır və iddiaçının daimi (və ya daha çox) yaşadığı ev olaraq onun yaşayış yeridir, onun cavabdehin həmin ünvanda yaşamasına imkan verməməsi səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməsi isə yaşayış yerini itirməsi üçün əsas deyil. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ona mənsub əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək yalnız mülkiyyətçinin hüququ olduğundan, cavabdehin isə mübahisəli evə dair mülkiyyətçi hüquqları yaranmadığından, mübahisəli mənzil iddiaçının və mənafeyi üstün tutmalı və daha yaxşı təmin edilməli olan uşağının yaşayış yeri sayıldığından, cavabdehin uzun müddət həmin evdə yaşamış və başqa yaşayış sahəsi olmayan iddiaçının həmin evə köçməsinə maneə olması qanunsuz olmuşdur. Odur ki, iddiaçı uşağı ilə birgə həmin evə köçürülməli, iddia tələbi təmin edilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı övladı 21 iyul 2010-cu il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2377/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2377/2022
19.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver