Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2399/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə 16 iyul 2020-ci il tarixdə 5 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində 401170 nömrəsi ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 16 iyul 2020-ci il tarixdə 5 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində 401170 nömrəsi ilə nikah qeydə alınmışdır.Nikahlarının qeydə alındığı vaxtdan bir müddət keçdikdən sonra aralarındakı münasibət pozulmuş və onların xarakterləri bir-birinə uyğun gəlməməsi ona məlum olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, cavabdeh onunla ailə qurmaq niyyətində deyil və nikahı formal olaraq bağlanmışdır. Cavabdehlə arasındakı münasibətlər bir müddət normal olsa da sonradan bu münasibətlər dözülməz həddə çatmışdır. Onun fikri qətidir, cavabdehlə barışmaq və nikahlarının davam etməsi mümkün deyil. Ona görə də onunla Cavabdeh ilə 16 iyul 2020-ci il tarixdə 5 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində 401170 nömrəsi ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etməklə izahatında bildirdi ki, onunla Cavabdeh ilə 16 iyul 2020-ci il tarixdə 5 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər.Nikahlarını rəsmiləşdirərkən onlara hər hansı bir təsir olmamışdır. Onların niyyətləri ailə qurmaq olsa da, toy olmayıb, bir yerdə ailə kimi yaşamamışlar, xasiyyətləri uyğun gəlməmişdir. Buna görə də hesab edir ki, nikah etibarsız hesab edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, İddiaçı ilə öz istəkləri ilə nikaha daxil olsalar da, xasiyyətləri uyğun gəlmədiyindən nikah etibarsız hesab edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlilləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 ilə 16 iyul 2020-ci il tarixdə 5 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1731 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov arvada İsmayılova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.3-cü maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmadı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız saylımasını tələb etmək hüququna malikdir. Digər tərəfdən, qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.11.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər 16 iyul 2020-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və nikahlarını 1731 saylı akt qeydi ilə rəsmiləşdirilmişlər. İddiaçı isə nikahın qeydə alınsa da, onların xasiyyətlərinin bir birinə uyğun gəlmədiyi səbəbindən faktiki nikah münasibətlərinə girmədiklərinə əsaslandıraraq nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Eyni zamanda, iddiaçı və cavabdeh bu evliliyin öz iradə ifadələri ilə qurulduğunu, ailə qurmaq niyyətlərinin olduğunu bildirmişlər. Tərəflər niyyətlərini bildirməklə ərizə ilə müraciət etmiş, 16 iyul 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bir müddət keçdikdən sonra xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. Nikahın etibarsızlığını isə faktiki nikah münasibətlərinə girməməklə əsaslandırırlar. Məhkəmə, qeyd edir ki, qanunverici nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir. İşin yuxarıda göstərilən halları təsdiq edir ki, tərəflərin nikahı bağlanarkən iki şəxsin birgə ailədə yaşamaq niyyətləri durmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan əlavə, cavabdehin iddiaçının iddia ərizəsində göstərilənləri etiraf etməsi qanuna ziddir və məhkəmə tərəfindən qəbul edilməməlidir. Belə ki, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ilə 16 iyul 2020-ci-ci il tarixdə 5 saylı Bakı "Asan Xidmət" mərkəzi qeydiyyat şöbəsində 1731 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2399/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2399/2021
09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver