Məhkəmə qərarları › İş №2(003)-244/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-244/2022

21.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-244/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Məmmədov Pərvin Aftandil oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, faktiki sahibliyi və istifadəsində olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə inşa etdiyi evə məcburi köçürülməyi, həmçinin həmin evdə yaşamasına cavabdeh və digər şəxslər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin atasıdır. O, Orxanın anası Miyasət xanımın dayısı oğlu Mirqalim ilə dost olub. Mirqalim 1989cu ilin axırında şəhərdən onları köçürüb Qala qəsəbəsinə bir dost kimi. Bir ay orada yaşayıblar. Mirqalimin toyuq saxladığı hin var idi, heç kim istifadə etmirdi, oranı yaşayış üçün yararlı hala salıb orada yaşamağa başlamışlar. Onlar köməkləşib hinin üstünü qaldırıb, böyründə bir dənə 4 metr otaq tikmişlər. Otağın üstünə şifer vuranda yoldaşının qardaşı da kömək edib təmənnasız. Həyət açıq idi, hasar yox idi. Torpağın heç bir sənədi yox idi. Qaz-işıq qəbzi onun adınadır. 1992-ci ilin ortalarına qədər orada yaşayıblar. Yoldaşı şəraiti olmadığına görə yaşaya bilməyib, uşaqlarla anasının evinə gedib, ailə münasibətləri bitib. 1995-ci ildə boşanıblar. Bir il sonra evlənib həmin evdə yaşamağa davam edib. Mirqalim buna etiraz etməyib. O, orada təxmini 2002-ci ilə qədər orada yaşamağa davam edib. 2003-cü ildən yeni həyat yoldaşı ilə Yasamal rayonunda yataqxanada yaşamağa başlayıblar. O, evinə həftədə 2-3 dəfə gəlib-gedib qalmış, baş çəkmişdir. 2017-ci ildə oğlu olan cavabdeh gəlib xahiş etmişdir ki, həyətində icazə ver ev tikim. O, oğlunu həyətə gətirib yarısını verdiyini deyib, ev tikməyə icazə vermişdir. İndi cavabdeh onu həyətə buraxmır. İşıq indiyə qədər onun adınadır. o, 1990-cı ildən etibarən faktiki sahibliyində və istifadəsində olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə inşa etdiyi evdə qeydiyyatsız olaraq yaşayır. Həmin vaxtdan bu zamanadək həmin evi idarə etmişdir. Orada təsərrüfatla məşğul olmuş, ağac və digər bitkilərə qulluq etmiş, orada təmir işləri aparmışdır. Sonradan sahibliyində və istifadəsində olan həyətyanı sahədə oğlu Cavabdeh ev tikməyə razılıq vermişdir. Bu səbəbdən yaşadığı evin də açarlarını oğluna təhvil vermişdir. Bir müddət sonra cavabdeh ona öz evinə daxil olmağa maneə yaratmağa başlamış və hazırkı zamanda da 1990-cı ildən sahibliyi və istifadəsində olan evdən istifadə etməyə maneə törədir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi, faktiki sahibliyi və istifadəsində olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə inşa etdiyi evə məcburi köçürülməyi, həmçinin həmin evdə yaşamasına cavabdeh və digər şəxslər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onun atasıdır. Ata-anası 1995-ci ildə boşanıblar. Atası Gülalı dayısının evində qeydiyyatdadır. Ata-anası evi olduğu vaxtlar mübahisəli həyətdəki köhnə tikilidə yaşayıblar. Köhnə tikili anasının pulu ilə tikilib. Mübahisəli evi o tikib, atasının evlə heç bir əlaqəsi yoxdur. 5 ildir evi tikib, atası bir dəfə də ora iddiası olduğunu deməyib. Evə və torpağa dair sənəd yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun baldızının yoldaşı olub. Miyasət ilə Gülalının Qala qəsəbəsində balaca evləri var idi. Evi Mirqalimdən almışdılar. Ev pay verilməyib, Gülalı elə bilirdi ki oranı ona pay veriblər. Miyasətin anası torpağı qızına almışdı. Digər şahid X2 ifadəsində bildirmişdir ki, mübahisəli ünvanda tərəflərin qonşusudur. 7- 8 aydır eşitmişdir ki, uşaqları ilə mübahisəsi var, ona görə evinə gəlmir. 1978-ci ildən orada yaşayır. Gülalı 1989-cu ildən Qalada mübahisəli ünvanda yaşayır. Evləri yaxındır, eyni məhəllədə. Gülalı əvvəl birinci ailəsi ilə yaşayırdı, indi ikinci ailəsi ilə, məktəb olmadığına görə şəhərə gediblər, həftədə 2-3 dəfə gəliblər. İddiaçı torpağı kimdən alıb bilmir. İndi cavabdeh ev tikib orada, 7-8 aydır köçüb. Orxanın ailəsini tanımır. Gülalı orada daimi yaşayanda gedişgəlişləri olub. Gülalı ikinci həyat yoldaşı ilə Yasamalda yataqxanada yaşayır. Köhnə tikilini Mirqalim adlı qonşu ilə Gülalı tikirdi. Mirqalim iddiaçının birinci həyat yoldaşının qohumu idi. Digər şahid X3 ifadəsində göstərmişdir ki, şahid Bahar xanım onun qardaşının yoldaşıdır. İddiaçını 1992-ci ildən qonşu kimi tanıyır. İddiaçını 6-7 aydır görmür. Ondan əvvəl iddiaçı Qala qəsəbəsində yaşayırdı, şəhərə də gedib-gəlirdi, orda da qalırdı. O, digər şahid bahar Aslanovanın ifadəsindəki xüsusatları təsdiq etmişdir. Digər şahid X4 ifadəsində göstərmişdir ki, tərəflərlə 1997-ci ildən qonşudur. Mübahisəli ünvanda tərəflərin qonşusudur. O, iddiaçı Gülalının mübahisəli ünvanda yaşadığının şahidi olub. Axır vaxtlar Gülalı köçüb gedib, lakin arada gəlib-gedir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. İş materiallarına əlavə edilmiş Qala Bələdiyyəsinin 21.10.2021-ci il tarixli 657 nömrəli arayışından görünür ki,Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində 200 kv.m. əmlaka və 700 kv.m. torpaq sahəsinə Qala Bələdiyyəsi üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, həmin ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbə İ.Ə.D üzrə nümayəndəsinin 16.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 1990-cı ildən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə qeydiyyatsız yaşayır. İşin araşdırılan halları ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh anası Miyasət xanım ilə rəsmi nikaha daxil olmuş, ailə qurduqdan sonra 1990-cı ildə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahə ünvanında yerləşən istifadəyə qismən yararlı yaşayış evinə köçmüş və həmin evdə birgə təsərrüfat aparmış, onu yaşamağa yararlı hala gətirmiş, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş, 1992-ci ildən Miyasət xanım uşaqları ilə birlikdə həmin evdən getmişdir. İddiaçı yeni ailə quraraq 2002-ci ilə qədər həmin yaşayış evində yaşamışdır. Hazırda cavabdeh mübahisəli ünvanda inşa etdirdiyi fərdi yaşayış evində yaşayır. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahə ünvanında yerləşən yaşayış evləri müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evlər hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Bununla yanaşı, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, mövcud vəziyyətdə cavabdeh tərəfin iddiaçının mübahisə predmeti olan özbaşına tikilidə yaşamasına etiraz etmək, onun həmin tikilidə yaşamasına mane olmağa və ya onu həmin tikilidən çıxarmağa subyektiv hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi ünvanda yerləşən iki otaqlı köhnə yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin tikilidə yaşadığından və tikilini tikməyə və yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahə ünvanında yerləşən iki otaqlı köhnə yaşayış evinə köçürülməli, iddiaçının həmin evdə yaşamasına maneə yaradılması cavabdeh və digər şəxslərə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahə ünvanında yerləşən iki otaqlı köhnə yaşayış evinə köçürülsün. İddiaçının həmin evdə yaşamasına maneə yaradılması cavabdeh və digər şəxslərə qadağan edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar