Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2458/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh2 Oktay oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X2, Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Oktay oğluna və Cavabdeh1 qarşı qarşı evdən istifadə hüququnun tanınması, evə köçürmə və evdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 Oktay oğluna və Cavabdeh1 qarşı – Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən evdən istifadə hüququnun tanınması, evə köçürülməsi və orada yaşamasına cavabdehlər və digər şəxslər tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. xx.xx.2007-ci ildə Cavabdeh2 Oktay oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və həmin gündən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. xx.xx.2007-ci ildən 2021-ci ilədək daimi olaraq həmin evdə yerləşdirmişdir. 2007-ci ildə o, köçüb həmin evdə yaşasa da, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, orada o, övladları, eyni zamanda cavabdehlər həmin evdə qeydiyyatda olmamışdırlar. Lakin 2011-ci ildə həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və cavabdeh keçmiş qaynanası Cavabdeh1 adına qeydiyyata alınmış, o və ailə üzvləri eyni gündə həmin evə qeydiyyata alınmışdırlar. Lakin 2021-ci ilin iyul ayında sağlamlığında yaranmış problemlərlə əlaqədar müalicə üçün anasının yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə getmiş və cavabdehin atası X3 təkidi ilə cavabdeh Budaqov X19 Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və aralarındakı nikah pozulmuşdur. Nikah pozularkən birgə nikahdan olan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh1 Ramin qızı ataları Cavabdeh2 Oktay oğlunun himayəsinə verilmişdir. Qətnamə ilə razı olmadığından, qətnamədən apellyasiya şikayəti və kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4742/2022 saylı qərarı ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Oktay oğlu ilə birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X16 doğulduğu vaxtdan “Lopatiya psixo fiziki əqli gerilik, mutizm” xəstəliyindən əziyyət çəkir. Oğlunun daimi qulluğa və xüsusi qayğıya ehtiyacı vardır. Cavabdehlər onu xəstə övladını qayğısına qalmağa və onun tələbatlarını ödəməyə imkan vermir. Oğlu nənə və babasının himayəsində yaşasa da, lazımi diqqət və qayğıdan məhrum olmuşdur. Cavabdeh1 xx.xx.1950-ci il təvəllüdlü olmaqla, özünün diqqət və qayğıya ehtiyacı vardır. Xəstə övladı cavabdehlərin himayəsində baxımsız vəziyyətdə qalmışdır. Bu səbəbdən, övladlarının yanına köçüb orada yaşamaq istəyir. Cavabdehə dəfələrlə müraciət edərək, ona övladlarına lazımi diqqət və qayğı göstərməyinə şərait yaradılmasını xahiş etsə də, cavabdehlər buna imkan verməmişdirlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin hal-hazırda onun yaşamağa hər hansı yaşayış sahəsi yoxdur. Qeydiyyatda olduğu və 2007-ci ildən 2021-ci ilədək daimi olaraq yaşadığı evdə yaşamağına Cavabdeh2 Oktay oğlu ona həmin evdə yaşamağa imkan vermirlər. 2021-ci ildən 2023-cü ilədək cavabdehlər aralarında çoxsaylı məhkəmə prosesləri olduğundan, dəfələrlə müxtəlif iddialarla məhkəməyə müraciət edildiyindən, hal-hazırki vaxtadək evə köçürmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etməyə imkanı olmamışdır. Lakin hal-hazırda övladlarının yaşadığı evə köçərək onlarla birlikdə yaşamaq istəyir. Hesab edir ki, onunla Cavabdeh2 Oktay oğlu arasında Bakı şəhəri, Xəzər rayonu, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı münasibətlər 2007-ci ildə yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsi tətbiq edilməlidir. Həmin maddənin tələbinə əsasən iddiaçının da, cavabdehlə bərabər həmin evdən istifadə hüququ yaranmışdır. Onun Bakı şəhəri, Xəzər rayonu, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən evdən istifadə hüququnun tanınması, evə köçürülməyi və orada yaşamağına cavabdehlər Cavabdeh2 Oktay oğlu, Cavabdeh1 və digər şəxslər tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, uşaqlarını atıb getməmişdir. Xəstə olduğuna görə atasının yanına getmiş, gedərkən qızını da özü ilə aparmışdır. Sonradan qızı tasının yanına qayıtsada onu həmin evə buraxmamışlar. O, hal-hazırda uşaqları ilə ünsiyyətdə ola bilmir. Əvvələr yaşadığı evə köçürülərsə uşaqları ilə də ünsiyyət saxlaya bilər. İş üzrə Cavabdeh2 Oktay oğlunun nümayəndəsi və vəkili Vəkil iddiaya yazılı etirazını bildirirək, iddianın rədd edilməsini xahiş etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh2 Oktay oğluna və onuna anası Cavabdeh1 qarşı “evdən istifadə hüququnun tanınması, evə köçürmə və evdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia qaldırmışdır. Hal-hazırda İddiaçı iddia tələbi üzrə 2(003)-2458/2023 saylı mülki iş icraatdadır. İddiaçı Budaqova (Nəbiyeva) Şəbnəm Aydın qızı ilə xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X16 və xx.xx.2010-cu il tarixdə Cavabdeh1 Ramin qızı anadan olmuşdur. İddiaçı qarşı “nikahın pozulması və uşaq tələbi”nə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı isə ona qarşı “uşaqların onun yanında saxlanması və aliment tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-462/2021 saylı qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh2 Oktay oğlu ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə, 329 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh1 Ramin qızının ataları Cavabdeh2 Oktay oğlunun yanında saxlanılması, İddiaçı X11 qarşı uşaqların yanında saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 578/2022 saylı qətnaməsinə əsasən qarşı tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-462/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən narazı olan İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4742/2022 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Tərəflər bir yerdə yaşadıqları dövrdə İddiaçı xəstə oğlu Oktaya baxa bilmədiyini, işləmək istədiyini dəfələrlə dilinə gətirmişdir. Bu səbəbdən o, xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 184 saylı evi heç bir kənar təsir olmadan, özbaşına, sərbəst şəkildə tərk edərək, atası evinə getmiş və bir daha geri qayıtmamışdır. İddiaçı evdən planlı şəkildə gedən zaman ailəyə məxsus pul vəsaitini, qızıl-zinət əşyalarını və eyni zamanda 2008-ci ildə valideynləri tərəfindən oğlu X11 hədiyyə edilmiş sepi və ərəbcə “Allah” sözü yazılmış qızıl klonu da özü ilə aparmışdır. Lakin iddiaçı iddia ərizəsində 2021-ci ilin iyul ayında səhhətində yaranmış problemlərlə bağlı yaşadığı evi tərk edərək ata evinə getdiyini göstərmişdir. 2020-ci ildə İddiaçı qarşı nikahın pozulması və uşaqların onun yanında saxlanılmaları tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı uşaqların onun yanında saxlanılmaları və aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə prosesi zamanı İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladları Oktay və Esvira ilə ünsiyyətdə olmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, guya 3 ay əvvəl döyülərək evdən qovulmuş və hal-hazırda uşaqlar ona göstərilmir. Göründüyü kimi, İddiaçı yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 184 saylı evi 2021-ci ilin iyul ayında deyil, xx.xx.2020-ci il tarixdə tərk etmişdir. Evdən getməsini gah xəstə olması, gah da döyülməsi ilə əlaqələndirir (bu barədə tutmuş çox saylı məhkəmə iclaslarında heç bir möhtəbər sübut təqdim edə bilməmişdir). Əsl həqiqətdə Şəbnəm nə xəstə olub, nə də döyülmüşdür. Onun evdən getməsinə səbəb: xəstə oğlu Oktaya baxmaq, qulluq etməkdən yorulması, işləmək istəyi olmuşdur (son zamanlar Şəbnəm bu sözləri tez-tez təkrarlayırdı). Bir daha qeyd edir ki, o, yaşadığı evi heç bir kənar təsir olmadan, özbaşına, sərbəst şəkildə tərk etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-3520/2020 saylı qərardadı ilə İddiaçı övladları xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh1 Ramin qızı ilə ünsiyyətdə olmasına edilən maneələr ona, qadağan edilməklə, mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qərara alınmasına baxmayaraq, uşaqlar hər dəfə anaları İddiaçı ilə ünsiyyətdə olmaqdan qəti surətdə imtina etmişlər, hətta onu görmək belə istəməmişlər. Belə olan təqdirdə, onun uşaqlarla bir yerdə yaşaması qeyrimümkündür. Əgər o, övladlarını, xəstə Oktayı düşünsəydi 3 il 1 ay bundan əvvəl onları onun üstünə atıb getməzdi. Bəli, oğlu Oktay Xəstə uşaqdır, onda əqli gerilik vardır. Bu günə kimi, onun müalicəsini davam etdirir. Övladlarına lazımi diqqət və qayğı göstərilməsinə şərait yaradılmasına dair iddiaçı tərəfindən ona və anası Cavabdeh1 heç bir müraciət olmamışdır. Məhkəmə qərarlarına əsasən, uşaqların onun himayəsində saxlanılması qət edilmişdir. Övladlarına lazımi diqqət və qayğı göstərir, onlara yüksək səviyyədə baxır, tələbatlarını ödəyir. Oktayın müalicəsini davam etdirir. Yuxarıda göstərdiyi kimi, Xəzər rayon İcra şöbəsində uşaqlar hər dəfə anaları İddiaçı ilə ünsiyyətdə olmaqdan qəti surətdə imtina etmişlər, hətta onu yaxınlarına belə buraxmırlar. İddiaçı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Abşeron küçəsi, 184 saylı evi 2021-ci ilin iyul ayında deyil, xx.xx.2020-ci il tarixdə, yəni 3 il 1 ay əvvəl tərk etmişdir. xx.xx.2022-ci il tarixdə keçmiş həyat yoldaşı İddiaçı nümayəndəsi və vəkili X12 və digər hal şahidlərinin iştirakı ilə özünə məxsus bütün əşyalarını yaşadığı evdən aparmışdır. Bu barədə müvafiq akt tərtib edilmiş, İddiaçı bütün əşyalarını – mebel dəstlərini, qab-qaşıqlarını, soyuducusunu və digər əşyalarını təhvil aldığını, heç bir iradının və şikayətinin olmadığını aktda göstərmişdir (lakin o, iddia ərizəsində bu barədə heç nə qeyd etməmişdir). Hal-hazırda yaşadığı evdə ona aid heç bir əşya yoxdur. 3 il 1 aydır ki, uşaqları Oktay və Esvira onun himayəsindədir. Onların normal yaşaması üçün hər cür şərait yaradılmışdır. X25 əqli inkişafında gerilik vardır. O, həkim qeydiyyatındadır. Mütəmadi olaraq müalicəsini davam etdirir. Övladları nəinki anaları İddiaçı ilə bir yerdə yaşamaq, hətta onu görmək belə istəmirlər. Hal-hazırda İddiaçı keçmiş həyat yoldaşıdır, onun hər hansı hüququnun mövcud olmadığı üçün ona və anasına məxsus evə köçürülməsi mülkiyyət hüququnun pozulması deməkdir. İş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X13 iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. İş üzrə Cavabdeh1 iddiaya yazılı etirazını bildirirək, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə istifadə hüququnun tanınması, evə köçürülmə və evdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia tələbi üzrə 2(003)-2458/2023 saylı mülki iş icratdadır. İddiaçı Cavabdeh2 ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh1 Ramin qızı doğulmuşdur. Sonradan tərəflər arasındakı münasibətlər pisləmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-462/2021 saylı qətnaməsinə əsasən, tərəflər arasında nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh1 Ramin qızının atası Cavabdeh2 yanında saxlanılması qət edilmişdir. Məhkəmə uşaqların mənafeyini, onların atalarına bağlılığını, yaşını, xəstəliyini və məcburi şəkildb atasından alınaraq anasına veriləcəyi təqdirdə keçirə biləcəyi mənəvi-psixoloji sarsıntını, habelə bu məzmundakı qətnamənin icrası mümkün olmayan akta çevriləcəyini nəzərə alaraq, uşaqların ata himayəsinə verilməsini məqsədə müvafiq hesab etmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 ilə İddiaçı arasında nikah pozulduğu halda nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2010cu il təvəllüdlü Cavabdeh1 Ramin qızının atası Cavabdeh2 yanında saxlanılması azyaşlıların mənafeyi baxımından məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 11/142 saylı rəyinə əsasən, xx.xx.2008-ci il təvəllüdlü X8 əqli inkişafında gerilik əlamətləri müəyyən olunmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, hər iki uşaq atası Cavabdeh2 bağlıdır, anası İddiaçı qarşı bağlılıqları yoxdur. Qeyd edilənlər, İddiaçı övladlarını atıb getməsi, onlarla maraqlanmaması məhkəmə prosesləri zamanı öz sübutunu tapmışdır. Qeyd edilənlərlə yanaşı İddiaçı hazırda köçürülməsini istədiyi evi öz istəyi ilə, heç bir məcburiyyət olmadan tərk etmişdir. İddiaçı iddia ərizəsində də bildirmişdir ki, 2021-ci ilin iyul ayında sağlamlığında yaranmış problemlə əlaqədar olaraq müalicə üçün anasının yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə getmişdir. İddiaçının bu etirafından da göründüyü kimi, iddiaçı evi öz istəyi ilə tərk etmişdir, ona qarşı zorakılıq hərəkətləri edilməmişdir. xx.xx.2022-ci il tarixində isə iddiaçı Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən evdən özünə məxsus olan bütün əşyalarını götürmüş, bu barədə müvafiq akt tərtib edilmiş və iddiaçı heç bir iradının və şikayətinin olmadığını bildirmişdir. Özünə məxsus olan bütün əşyaları götürməklə iddiaçı qeyd edilən evdə yaşamaq niyyətinin olmadığını açıq nümayiş etmişdir ki, bu hal da məhkəmə tərəfindən xüsusilə nəzərə alınmalıdır. Lakin qeyd edilən akt və iddiaçıya məxsus olan əşyaların könüllü şəkildə, cavabdehlərə məxsus olan evdən aparılması barədə iddia ərizəsində heç bir şey qeyd edilməmişdir. İddiaçı iddia ərizəsində əlavə olaraq bildirir ki, xx.xx.2008-ci il təvəllüdlü X17 doğulduğu vaxtdan “lopatiya psixo fiziki əqli gerilik, mutizm” xəstəliyindən əziyyət çəkir. Oğlunun daima qulluğa və xüsusi qayğıya ehtiyacı vardır, cavabdehlər onu xəstə övladının qayğısına qalmağa və onun tələbatlarını ödəməyə qoymur. Oğlu nənə və babanın himayəsində yaşasa da, lazımi diqqət və qayğıdan məhrum olmuşdur. Xəstə övladı cavabdehlərin himayəsində baxımsız vəziyyətdə qalmışdır. Bu səbəbdən o, övladının yanına köçüb orada yaşamaq istəyir. Qeyd edilənlərlə bağlı bildirir ki, iddiaçının dediklərinin həqiqətlə yaxından, uzaqdan əlaqəsi yoxdur və iddiaçı məhkəmədə yanlış fikir formalaşdırmağa çalışır. Onun dediklərinin əksinə ona və oğluna, eyni zamanda həyat yoldaşı Oqtay Budaqov xəstə nəvəsinə lazım olandan artıq qayğı göstərir. Nəvəsinin hətta şəxsi gigiyenası, müalicə ilə o və yoldaşı yaxından məşğul olur. Bunu etiraza əlavə etdiyim sənədlər də sübut edir. İddiaçının dediklərinin əksinə, iddiaçı öz xəstə övladının müqəddəratı ilə maraqlanmamış, xəstə övladını saxlamaq kimi məsuliyyətli vəzifədən boyun qaçırmışdır. Ona ümumiyyətlə maraqlı olmamışdır ki, uşaq nə yeyir, nə içir, nə geyinir, nə ilə məşğul olur. Nəticədə hər iki nəvəsi də uzun müddət anası tərəfindən qayğı görmədiyindən, anaları ilə görüşməkdən imtina etmişdir. Bu hal dəfələrlə təkrarlanmışdır və uşaqların emosional psixi vəziyyətinə pis təsir etmişdir, iddiaçı uşağın xəstə olmasından sui istifadə edərək, guya uşaqların mənafeyi məsələsini önə çəkərək sadəcə evə köçmək istəyir. Onun evə köçmək istəməsinin amalı, uşaqlar deyil, məhkəmə qətnaməsi əsasında uşaqların saxlanması üçün müəyyən edilmiş və cavabdehə ödənilməli olan alimentdən ödəməkdən yayınmaqdır. Belə ki, iddiaçı tərəfindən Cavabdeh2 hər ay hər bir uşaq uşağın saxlanması üçün sabit məbləğdə 120 manat olmaqla, cəmi 240 manat aliment ödəməlidir. Lakin o aliment öhdəliklərindən yayınır və hal hazırda iddiaçının 1440 manat aliment borcu mövcuddur. Bunu AR Ədliyyə Nazirliyi Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişi də sübut edir. Tələbin qeyd edilən hissəsi ilə bağlı bildirir ki, tələb əsassızdır. Belə ki, iddiaçının evə köçdüyü dövrdə , yəni 2007-ci ildə ev özbaşına tikili statusu daşıyırdı və daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmamışdır. Yəni 2011-ci ilədək ev üzərində heç kəsin mülkiyyət hüququ tanınmamışdır. İddiaçının vaxt baxımından mübahisəli evə istifadə hüququnun yaranıb yaranmamasını iki hissəyə bölmək lazımdır. Ev üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı vaxta qədər, yəni 2007-ci ildən 2011ci ilədək olan dövrlə bağlı ilk olaraq bildiririk ki,“Mülkiyyət hüququnun tanınması” deyiləndə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırlmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının əhəmiyyəti hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsindən ibarətdir. Ona görə də nə qədər ki, mülkiyyət hüququ qeydiyyatdan keçməyib dövlət həmin hüququ tanımır. Üzərində mülkiyyət hüququ olmayan evə istifadə hüququ yarana bilməz. İsitfadə hüququ 3 formada mövcud ola bilər; Mülkiyyət hüququnun tərkib hissəsi kimi ( Mülki Məcəllə, maddə 152.3), Mülkiyyət hüququ ilə yanaşı əşya hüququ kimi (Mülki Məcəllə, maddə 158.1.2), Mülkiyyətdə olan mənzildə yaşamaq imkanını nəzərdə tutan mənzil hüququ kimi (Mənzil Məcəlləsi, maddə 30), Üzərində mülkiyyət hüquq olmayan ev üzərində hər hansı əsasla istifadə hüququnun yaranması nəzəri baxımdan mümkün deyil, istifadə hüququ mülkiyyət hüququ ilə üzvi surətdə bağlıdır. Beləliklə, İddiaçı evdən istifadə hüququ mövcud olmadığından o, istifadə hüququnun tanınmasını tələb edə bilməz. Mövcud olmayan hüququn müdafiəsi və realizəsi mümkün deyil. Ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı vaxtdan sonrakı, yəni 2011-ci ildən sonrakı dövrlə bağlı bildiririk ki, tərəflər arasında evlə bağlı (mülkiyyət hüququnun tərkib hissəsi kimi istifadə hüququ) hüquq münasibəti 2010-cu ildən sonra yarandığından hazırki mübahisənin həllinin qanuni əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Cavabdeh2 ilə İddiaçı arasında nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-462/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Yəni tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu o deməkdir ki, hətta İddiaçı mübahisəli mənzilə istifadə hüququ olsaydı belə, ailə münasibətlərinə xitam verildiyindən mübahisənin həlli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsiri altına düşəcəkdi. Qeyd edilən halla bağlı yekun olaraq bildirir ki, iddiaçının mübahisəli evə istifadə hüququ yoxdur, olsaydı belə həmin hüquq ailə münasibətlərinə xitam verilməsi səbəbindən saxlanılmayacaqdı. Qeyd edilən hissədə tələb əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə köçürülmə barədə iddiaya baxan zaman formalaşmış məhkəmə təcrübəsinə əsasən ilk 2-ci hala gəldikdə iddiaçı bildirir ki, İddiaçı hazırda köçürülməsini istədiyi evi öz istəyi ilə, heç bir məcburiyyət olmadan tərk etmişdir. İddiaçı iddia ərizəsində də bildirmişdir ki, 2021-ci ilin iyul ayında sağlamlığında yaranmış problemlə əlaqədar olaraq müalicə üçün anasının yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə getmişdir. İddiaçının bu etirafından da göründüyü kimi, iddiaçı evi öz istəyi ilə tərk etmişdir, ona qarşı zorakılıq hərəkətləri edilməmişdir. Göründüyü kimi, iddiaçı yaşadığı yerdən məhrum edilməmişdir və öz istəyi ilə evi tərk edərək getmişdir. Bu halın ən bariz sübutu etiraza əlavə edilmiş aktdır. Belə ki, xx.xx.2022-ci il tarixində iddiaçı Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən evdən özünə məxsus olan bütün əşyalarını götürmüş, bu barədə müvafiq akt tərtib edilmiş və iddiaçı heç bir iradının və şikayətinin olmadığını bildirmişdir. Özünə məxsus olan bütün əşyaları götürməklə iddiaçı qeyd edilən evdə yaşamaq niyyətinin olmadığını açıq nümayiş etmişdir ki, bu hal da məhkəmə tərəfindən xüsusilə nəzərə alınmalıdır. 3-cü hala gəldikdə isə göründüyü kimi, məhrumetmə yoxdur və mövcud olmayan məhrumetmənin qanuniliyi də müzakirə oluna bilməz. Ona görə də 3-cü halın mövcud, olub-olmaması aydınlaşdırılmamalıdır. Əlavə olaraq məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, İddiaçı ilə Cavabdeh2 arasında nikah pozulmamışdan öncə iddiaçının öz istəyi ilə mübahisəli evdən çıxması, 3 ildən artıq müddət də başqa yerdə yaşaması, özünə məxsus olan bütün əşyalarını akt əsasında aparması artıq onun mübahisəli mənzilə olan hüquqlarını aradan qaldırmışdır. Bir hal da nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində 2021-ci ildə sağlamlığında yaranmış problemlə əlaqədar olaraq müalicə üçün anasının yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə getdiyini qeyd edir. Lakin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 3520/2020 saylı qərardadının surətindən də göründüyü kimi İddiaçı 3 ay əvvəl, yəni 2020-ci ilin avqust ayında döyülərək evdən qovulduğunu qeyd edir və uşaqlarla ünsiyyətə dair qərardad çıxarılmasını xahiş edir. Qeyd edilən qərardadda göstərilənlərlə hazırki iddiada qeyd edilənləri müqayisə etdikdə aydın olur ki, iddiaçının tələbi yalan üzərində qurulub. İddiaçı gah döyülərək evdən qovulduğunu, gah xəstəliyi ilə bağlı evi tərk etdiyini qeyd edir. İddia ərizəsinə evi tərk etdiyi vaxtı 2021-ci il kimi qeyd edir, lakin uşaqla ünsiyyət hüququnun bərpa edilməsi ilə bağlı iddianın təmini tədbirinə dair qərardadda 2020-ci ilin avqust ayında guya döyülərək evdən qovulduğu mövqedən çıxış edir. Qeyd edilən tələb əsassızdır. Belə ki, iddiaçının bu tələbi iddia ərizəsinin faktiki halları ilə uyğun gəlmir. İddiaçı iddiasında 2021-ci ilin iyul ayında sağlamlığında yaranmış problemlə əlaqədar olaraq müalicə üçün anasının yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə getdiyini qeyd edir. Eyni zamanda bir müddət sonra mübahisəli mənzildən özünə məxsus olan bütün əşyalarını aparır. İddiaçının qeydlərindən açıq görünür ki, iddiaçının evdən istifadə etmək, arada yaşamaq niyyəti yoxdur. Eyni zamanda qeyd edilən tələb ilk iki tələbə bağlıdır. Şəxsin mənzilə istifadə hüququ tanındığı, şəxs mənzilə köçürüldüyü təqdirdə, bu zaman ona evdən istifadə edilməsinə mane olunduqda iddiaçı bu tələbi qaldıra bilər. Mövcud olmayan hüquqpozuntusunun aradan qaldırılması ilə bağlı iddia absurddur. Bildirir ki, mübahisə predmeti olan mənzil xüsusi paylı mülkiyyət hüququ ilə Cavabdeh1, X5, X9 və Cavabdeh2 Oktay oğluna məxsusdur. İddiaçının mübahisəli evə köçürülməsi ilk olaraq digər mülkiyyətçilərin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Belə ki, cavabdehlər də daxil olmaqla digər mülkiyyətçilərin öz mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə etmək, həmin əmlaka sahiblik etmək, əmlaka dair sərəncam vermək hüququ var. Məhkəmə nəzərə almalıdır ki, mənzilə dair heç bir hüququ olmayan iddiaçının hüquqlarının bərpası mülkiyyətçilərin hüquqlarını pozulması və məhdudlaşdırlması ilə nəticələnməməlidir. Yekun olaraq hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Məhz bu səbəbdən iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı uzun müddətdir ki, mübahislə mənzildə yaşamır, iddiaçı həmin yerdə yaşamaq üçün özünə məxsus olan əşyaları aparmışdır, tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir. Ona bunu etməyə heç kim mane olmamışdır. Yəni iddiaçı özünə məxsus olan əşyaları və s. aparmaqla artıq mübahisəli mənzildə yaşamaq niyyətinin olmadığını nümayiş etdirmişdir ki, bu hal da məhkəmə tərəfindən xüsusilə nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə istifadə hüququnun tanınması, evə köçürülmə və evdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş edir. Məhkəmə iclasında X15 və X14 mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdirlər. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X3 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı onun oğlunun keçmiş arvadıdır. İddiaçı 2021-ci ildə öz xoşu ilə evi tərk edərək anasının yaşadığı evə getmişdir. İddiaçı mübahisəli mənzildən özünə məxsus cehiz əşyalarınıda götürüb aparmışdır. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsindən göstərmişdir ki, İddiaçı onun baldızının qızıdır. Şəbnəm Cavabdeh2la ailə qurduqdan sonra onlara məxsus evə gəlin köçmüş, birgə nikahlarından 2 övladları olmuş, lakin övladının biri əqli cəhətdən qüsurlu olmuşdur. Şəbnəm anası gilə gəlsə də, çox oturmamış, övladlarının yanına qayıtmışdır. Lakin Şəbnəmin ayrılmamışdan qabaq xəstəliyi yarandığını eşitmiş, bu səbəbdən də, müalicə üçün anası evinə getmişdir. Anası evinə gedərkən qızını özü ilə aparmış, lakin qızı məktəbli olduğu üçün onu atasının yanına qaytarmağa məcbur olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X1 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-462/2021 saylı qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh2 Oktay oğlu ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə, 329 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh1 Ramin qızının ataları Cavabdeh2 Oktay oğlunun yanında saxlanılması, İddiaçı X11 qarşı uşaqların yanında saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-578/2022 saylı qətnaməsinə əsasən Nəbiyeva Şəbnəm Aydın qızın apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 462/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4742/2022 saylı qərarından görünür ki, cavabdeh Nəbiyeva Şəbnəm Aydın qızının kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-578/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanda yerləşən ev Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə **********97-10301 saylı reystr nömrəsi ilə, daşınmaz əmlakın dövlət reyestrində 157 saylı reyestr kitabının 14430 nömrəli vərəqində qeydiyyata alınmış, hüquq sahibləri Cavabdeh1, X3, X4 və Cavabdeh2 Oktay oğlunun ümumi birgə pay hüququ müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyət başçısının xx.xx.2010-cu il tarixli, 447 saylı sərəncamının görünür ki, Buzovna qəsəbəsi, 741 saylı sahədə vətəndaş Cavabdeh1 tikdiyi 1 mərtəbəli, kürsülü, 5 yaşayış otağı sahəsi-77,6 m2, köməkçi sahə-162,2 m2, açıq eyvan-69,1 m2, torpaq sahəsində təsərrüfat otağı-45,2 m2, qaraj-təsərrüfat otağı-51,0 m2, təsərrüfat otağı-42,0 m2, təsərrüfat otağı-6,1 m2, ayaqyolu-2,0 m2, talvar-27,2 m2, hovuz-talvar-16,5 m2, toyuq hini-33,0 m2, cəmi torpaq sahəsi-1200,0 m2-dən ibarət olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması və Bakı şəhəri XDS İK-nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş Cavabdeh1 adına reyestrdən çıxarış və texniki pasport verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan JN-9507D, kod 00301016 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1, X7, X9 və Cavabdeh2 Oktay oğluna Azizbəyov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 451239 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Oktay oğlu ilə İddiaçı arasında qeydə alınmış nikah qeydi xx.xx.2022-ci il tarixdə xitam verilmiş və xx.xx.2023-cü il tarixdə 153 nömrəli nikahın pozulması haqqında akt qeydlər kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı özünə məxsus cehiz və digər əmlaklarını mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanından qarşılıqlı razılıq əsasında götürmüşdür. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184-də qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına, tədqiq edilən sənədlərə, o cümlədən tərəflərin izahatlarında öz əksini tapan bu və ya digər hallara əsasən müəyyən olunur ki, tərəflər xx.xx.2007-ci il tarixdə birgə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarında xx.xx.2008-ci il tarixdə Oktay və xx.xx.2010-cu il tarixdə Esvira adlı uşaqları anadan olmuşdur. Lakin aralarında qeydə alınmış nikah məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər xx.xx.2007-ci il tarixdən rəsmi olaraq nikah münasibətlərinə daxil olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşamağa başlamışlar. Həmin fərdi yaşayış evinin tərəflərin nikaha daxil olmasından əvvəl cavabdehlərin vəsaitləri hesabına inşa edilməsi mübahisələndirilmir. Lakin iddiaçı 2021-ci ilin iyul ayından həmin mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yaşamış, bu müddət ərzində həmin evə geri dönməmiş və məhkəmədə bununla bağlı iddia qaldırmamışdır. Digər tərəfdən münasibətləri pozulduqdan sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə könüllü olaraq özünə məxsus cehiz və sair əmlaklarını mübahisəli ünvandan götürmüşdür. İddiaçı yalnız indi, təqribən üç il sonra evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən evdən xəstəliyi ilə əlaqədar çıxmış, sonradan özünə məxsus əmlaklarını könüllü surətdə götürmüş, mübahisəli yaşayış evini tərk etdikdən sonra anasına məxsus evdə yaşamışdır. İş materiallarından müəyyən edilmişdir ki, JN-9507D, kod 00301016 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh1, X7, X9 və Cavabdeh2 Oktay oğluna Azizbəyov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən fərdi yaşayış evi MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə **********97-10301 saylı reystr nömrəsi ilə, daşınmaz əmlakın dövlət reyestrində 157 saylı reyestr kitabının 14430 nömrəli vərəqində qeydiyyata alınmış, hüquq sahibləri Cavabdeh1, X3, X4 və Cavabdeh2 Oktay oğlunun ümumi birgə pay hüququ müəyyən edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 184 ünvanında yerləşən yaşayış evi xx.xx.2011-ci il tarixdən cavabdehlər Cavabdeh1 adına özəlləşdirilmiş, Cavabdeh2 Oktay oğlu, digər şəxslər X14 və X4 ümumi birgə mülkiyyət hüquqları tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərarda qeyd edilən mövqe ilə göstərilmişdir ki, M.Bəylərov münasibətlərin yarandığı 2001-ci ildə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməsi iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair mülkiyyətçi ilə digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin faktiki hallarından görünür ki, cavabdehin özünün mübahisəli evə istifadə hüququ olmuş, lakin onun istifadə hüququna xitam verilmişdir. Çünki o, mübahisəli fərdi yaşayış evindən uzun müddətdir könüllü surətdə çıxmış, mübahisəli evdə yaşamamış, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Cavabdeh2la boşandıqdan sonra öz istəyi ilə özünə məxsus cehiz və sair əşyalarınıd həmin evdən götürmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı həmin evdə yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Onun anasının evində yaşaması da işin araşdırılmış halları baxımından mübahisəsizdir. Onun mübahisəli yaşayış sahəsi ilə daimi bağlılıq saxlamaq niyyəti olmamış, öz hərəkət və iddiaları ilə evi müvəqqəti tərk etmədiyi aşkar olaraq müəyyən olunmuşdur.Odur ki, iddiaçının uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də, iddiaçının mübahisəli mənzildə istifadə hüququ yaranmış olsa belə, bu hüquqa xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı nikah pozulduqdan sonra istifadə hüququna xitam verildiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdeh münasibətdə də təmin edilə bilməz. Belə ki, mülki iş üzrə İddiaçı Cavabdeh1 münasibətdə digər ailə üzvüdür. Bu səbdən də, iddia həmin hissədə də, əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində yer alan 89-cu maddəyə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiasının hüquqi əsası olmadığına görə onun cavabdehlərə qarşı irəli sürdüyü hazırkı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 Oktay oğluna və qeyrilərinə qarşı evdən istifadə hüququnun tanınması, evə köçürmə və evdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2458/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2458/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver