Məhkəmə qərarları › İş №2(003)-2479/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2479/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2479/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, və Cavabdeh2 qarşı "istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, və Cavabdeh2 qarşı "istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi ev 10 “A”, 15 saylı mənzilində istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 10 “A”, mənzil 15-i xx xxxxxx 2003-cü il tarixdə X1 Bakı şəhəri 7 saylı notariat kontorunda rəsmiləşdirməklə almışdır. Alqı–satqı müqaviləsinə əsasən adına 30/12341 saylı, xx xxxx 2003-cü il tarixli qeydiyyat vəsiqəsi almışdır. O, evi aldıqdan sonra həmin ailə üzvləri evdə yaşamamışdır. Cavabdehlərin anası evi ona satdıqdan sonra həmin vaxtdan öz əmlaklarını da götürüb bu evdən köçmüşlər. Hal-hazırda həmin evin mülkiyyətçisi iddiaçıdır. Cavabdehlər sözügedən evi ona satdıqdan sonra şifahi öhdəlik götürmüşlər ki, evdən tez bir zamnada qeydiyyatdan çıxacaqlar. Lakin uzun müddət keçməsinə baxmayaraq Cavabdehlər hələ də, onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxmamışlar. Belə olan halda, onun mülkiyyət hüquqları məhdudlaşır. Cavabdehlər formal olaraq qeydiyyatda qalmışlar. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan arayışdan göründüyü kimi cavabdehlər Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi ev 10 “A”, 15 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında cavabdehlərin faktiki yaşayış yerləri barədə məlumat olmadığından məhkəmə bildirişi ünvan üzrə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 155 saylı Mənzil Kommunal İstismar Sahəsinə göndərmiş və həmin orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehlərin həmin ünvanda yaşamamaları bildirilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi ev 10 “A”, 15 saylı mənzili İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 156374 saylı xx xxxx 2003-cü il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi ev 10 “A”, 15 saylı mənzili xx xxxx 2003-cü il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri haqqında xx xxxx 2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, keçmiş sakinlər iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, xx xxxxxx 2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi ev 10 “A”, 15 saylı mənzili İddiaçı satmışdır. Mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 hazırda həmin mənzildə qeydiyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, “Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzildə qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. İddiaçıya məxsus mənzil uzun müddət ərzində başqa ünvanda yaşayan cavabdehlərin yaşayış yeri sayılmadığından, eləcə də, yalnız öz yaşayış yerini müəyyən müddətə tərk etmiş şəxslər yaşayış yerini itirmədiyindən, cavabdehlərin isə iddiaçıya məxsus evi müəyyən müddətə deyil, iddiaçıya satılması ilə bağlı daimi yaşamaq üçün başqa ünvana köçüb getməsi ilə əlaqədar tərk etdiyi, bununla da qeydiyyatda olduğu həmin evdən istifadə hüquqlarını itirməsi tam təsdiq olunduğundan, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi ev 10 “A”, 15 saylı mənzilə olan istifadə hüquqları xx xxxxxx 2003-cü il tarixdə alqı-satqı müaviləsinin bağlandığı tarixdə artıq itirilmişdir. Yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi ev 10 “A”, 15 saylı mənzilinə olan istifadə hüquqları alqı-satqı müqaviləsinin bağlandığı xx xxxxxx 2003-cü il tarixdə artıq itirildiyindən, həmin hüququn itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmədə iddiaçı tərəf cavabdehlərin istifadə hüququnun itirilməsi barədə tələb irəli sürməsini onların həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi”nə dair iddia tələbi təmin olunmasın. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi ev 10 “A”, 15 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar