Məhkəmə qərarları › İş №2(003)-2491/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2491/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2491/2020 03.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızının, Cavabdeh və onun vəkili Alik Rəfixanovun iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızının Cavabdeh qarşı evə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 15 saylı evə köçürülmələri, cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onların qardaşıdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 15 saylı ev üzərində anaları Səkinə Əzizxan qızı, Cavabdeh və İddiaçı1 pay hüququ müəyyən edilmişdir. Sonradan anaları öz payını İddiaçı2 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən həmin evdən 4/18 hissədə İddiaçı2 Xalıq qızının, 7/18 hissədə Cavabdeh, 7/18 hissədə İddiaçı1 pay hüququ müəyyən edilmişdir. Sözügedən ev hal-hazırda onların mülkiyyətində ola-ola cavabdeh evdə yaşamalarına imkan vermir. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 15 saylı evə köçürülmələrinə zərurət yaranmışdır. Lakin cavabdeh orada yaşadığından onların evə girmələrinə imkan vermir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçılar ailə qurub köçmüşlər öz evləri vardır və mübahisəli evdə yaşamırlar. Evin 2 otağını öz hesabına təmir etdirmişdir. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, ümumi sahəsi 117.0 kv.m, yaşayış sahəsi 73.7 kv.m, köməkçi sahəsi 43.3 kv.m olan 2 otaqlı 15 saylı fərdi yaşayış sahəsi ilkin olaraq xx.xx.1997-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir, 7 saylı DNK-nın xx.xx.1997-ci il tarixli 2V-4-252 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/3 hissəsi Səkinə Əzizxan qızının, 1/3 hissəsi Cavabdeh və 1/3 hissəsi X2 adlarına qeydiyyatdan keçmişdir. 7 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 2V-1-72 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Səkinə Əzizxan qızının vəfatından sonra 4/18 hissəsi İddiaçı2 Xalıq qızının adına qeydiyyatdan keçmişdir, 2/18 hissəsi isə Səkinə Əzizxan qızının adına açıq qalmışdır. 7 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 2V-1-72 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Səkinə Əzizxan qızının adına qalan 2/18 hissəsi Cavabdeh və İddiaçı1 adlarına qeydiyyatdan keçmişdir. Hazırda 4/18 hissəsi İddiaçı2 Xalıq qızının, 7/18 hissəsi Cavabdeh, 7/18 hissəsi İddiaçı1 mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 00077985 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi 15A saylı fərdi yaşayış evi İddiaçı2 Xalıq qızının 4/18 hissədə, Cavabdeh 7/18 hissədə, İddiaçı1 7/18 hissədə paylı mülkiyyətlərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçılar mübahisəli evin paylı mülkiyyətçiləridir, onların həmin evə köçmələri üçün hüquqi əsasları vardır. Lakin cavabdehin onları mübahisəli mənzilə buraxmaması nəticəsində mülkiyyətlərində olan mənzilə köçə bilmirlər. Odur ki, iddia qeyd olunan hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıların mübahisəli mənzilin paylı mülkiyyətçiləri olmaqla oradan maneəsiz istifadə hüquqları vardır və bu hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də, cavabdehin iddiaçılara evdən istifadə etməsinə maneə yaratması sonuncuların mənzilə olan hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi “maneənin aradan qaldırılması”na dair hissədə də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızı Bakı şəhəri, Xəzər rayonu, İ.Muradov küçəsi, 15 saylı evə köçürülməli və evdən istifadə ilə bağlı məhdudlaşdırıcı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in216-220və360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq qızı Bakı şəhəri, Xəzər rayonu, İ.Muradov küçəsi, 15 saylı evə köçürülsünlər və evdən istifadə ilə bağlı məhdudlaşdırıcı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar