Məhkəmə qərarları › İş №2(003)-2539/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2539/2021

07.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2539/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və vəkili X3, cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 22.04.2021-ci il tarixli, 130-k saylı əmrinin ləğv edilməsi, işə bərpa edilən müddətədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun vəzifəsinə bərpa edilməyi və Əmək mübahisəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq və hüquqlarının müdafiəsini həyata keçirmək üçün vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərc - 300 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 22.04.2021-ci il tarixli, 130-k saylı əmrinin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 fevral 2007-ci ildən 14 nömrəli Birləşmiş şəhər xəstəxanasının pediatriya (uşaq) bölməsində böyük tibb bacısı işləmişdir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, işəgötürən tərəfindən heç bir intizam tənbehi almamışdır. Pediatriya bölməsinin böyük tibb bacısı kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmasa da, cavabdeh tərəfindən "COVİD-19" yoluxucu xəstəliyinə qarşı peyvəndlənmə tədbirlərinə cəlb edilmiş, 22 aprel 2021-ci ilə 26 nömrəli tam orta məktəbdə sözügedən peyvandləmə zamanı insident yaşanmış və buna görə onu intizam və inzibati məsuliyyətə cəlb etmişlər. Ondan asılı olmayan, başqa sözlə heç bir təqsiri olmayan insidentə görə işəgötürən heç bir araşdırma aparmadan işdən azad olmağına göstəriş vermiş, bununla bağlı cavabdehin 22 aprel 2021-ci il tarixli, 130 nömrəli əmri verilmişdir. Cavabdeh sözügedən əmri verərkən əsas kimi Azərbaycan Respublkkası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini əsas tutmuşdur. 26 nömrəli tam orta məktəbdə "COVİD-19" yoluxucu xəstəliyinə qarşı peyvəndlənmə prosesində pasiyentə peyvəndin vurulmaması və dəyəri 21 manat olan peyvəndin israf olunmasında heç bir təqsiri olmasa da, işdən azad edilməyindən savayı həm də inzibati məsuliyyətə cəlb olunaraq Bakı şəhəri Xəzər rayon məhkəməsinin 24 apel 2021-ci il tarixli, 3(003) 664/2021 saylı qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.1 və 227-ci maddələri ilə təqsirli hesab edilmiş və 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbehə məruz qalmışdır. Həmin qərardan hazırda apellyasiya şikayəti vermişdir. Onun AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilməyi əsassız olmuşdur ona görə ki, əmək fəaliyyəti zamanı AR Əmək Məcəlləsinin sözügedən maddəsinin təsiri altına düşən heç bir əmələ yol verməmişdir. Bundan başqa, cavabdeh işdən azad edilməyinin qanunla nəzərdə tutulmuş qaydalarını pozmuşdur. Belə ki, cavabdeh onu işdən azad edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71 ci maddəsinin 2 və 3-cü bəndlərinin, 80-cı maddəsinin 1 və 2-ci bəndlərinin, 83-cü maddəsinin 1 ci bəndinin və 84-cü maddəsinin 1-ci bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də hesab edir ki, işdən azad edilməyi barədə əmr ləğv edilməli, məcburi proqula görə əmək haqqı ödənilməklə əvəlki iş yerinə bərpa edilməlidir. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdehin 22 aprel 2021-ci il tarixli, 130-K nömrəli əmri Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 ci bəndinin tələblərinə cavab verməmişdir. Ona görə ki, yuxarıda qeyd edilən insident zamanı onun hər hansı qəsdi və ya səhlənkarlığı, etinasızlığı olmamış, bu zaman tərəfindən əmək funksiyasının, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirməməsi halı olmamış, habelə bu hadisə nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmamış və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Cavabdehin 22 aprel 2021-ci il tarixli, 130-K nömrəli əmri Əmək Məcəlləsinin 71-ci maddəsinin 3 cü bəndinin tələblərinə cavab verməmişdir. Ona görə ki, əmrdə cavabdeh onunla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Cavabdeh onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edərkən Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci və 3-cü bəndlərinin tələblərinə riayət etməyərək işdən azad etmə zamanı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Həmkarlar ittifaqı Komitəsinin qabaqcadan razılığını almamış, habelə bununla bağlı Həmkarlar İttifaqı Komitəsinə əsaslandırılmış yazılı təqdimatla müraciət etməmişdir. Cavabdehin işdən azad olunmağı barədəki əmri AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinin tələblərinə cavab verməmiş, sözügedən əsasla işdən azad edilməyi əsaslandırılmamışdır. Cavabdehin işdən azad olunmağı barədəki əmri AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinin tələblərinə cavab verməmiş, sözügedən əsasla işdən azad edilməyi barədə əmrdə rəsmi sənədlər yox, baş həkimin şifahi göstərişi qeyd edilmişdir. İşdən azad edilməyinə əsas olmuş "video - süjet" xəbəri olmadan tamam kənar şəxs tərəfindən çəkildiyindən qanunsuz sübut hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü bəndinə görə ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 8 və 9-cu bəndlərinə görə heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Həmin "video-süjet"dən görünür ki, X4 onun xidmət sahəsinə yaxınlaşa, yəni müvafiq yerdə əyləşib vaksinasiya olunması üçün qolunu tam açıq vəziyyətə gətirənə qədər aidiyyəti qeddiyyatdan keçmiş, daha sonra ona aid olan stulda əyləşmiş, bundan sonra o, qaydalara müvafiq olaraq vaksini açaraq ona qolunu tam açıq vəziyyətə gətirməyi təklif etmiş, lakin hamı kimi o qolunu açmamış və vaksinin vurulmasından imtina etdiyini bildirmişdir. Habelə bu zaman otaqda olan digər tibb baçısı T.Kərimova da ona demişdir ki, imtina edirsə vaksini vurma. Bundan sonra təbii ki o həmin vaksini yararsız kimi istifadə edə bilməmiş və tullantı kimi aidiyyəti qutuya atmışdır. Bu halla bağlı adları çəkilən şəxslərlə əvvəlcədən və daha sonra heç bir sövdələşməsi, hansısa marağı və ya niyyəti olmamışdır. Qeyd olunanlara əsasən, cavabdehin 22.04.2021-ci il tarixli, 130-k saylı əmrinin ləğv edilməsi, işə bərpa edilən müddətədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun vəzifəsinə bərpa edilməyi və Əmək mübahisəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq və hüquqlarının müdafiəsini həyata keçirmək üçün vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərc - 300 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul edərək bildirmişdir ki, iddiaçı 23 fevral 1995-ci il tarixdən Xəzər rayonu Buzovna qəsəbəsi 14 nomrəli Birləşmiş Şəhər Xəstəxanasında mama, 2006-cı il tarixdən poliklikanın tibb bacısı vəzifəsində işləmişdir. Lakin cavabdeh İcbari Tibbi Sığorta üzrə Agentliyi Tibbi Ərazi X1 Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 22 aprel 2021-ci il tarixli, 131-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədikdə) onunla əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə həmkarlar ittifaqının rəyi alınmadan xitam verilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının işə bərpa olunmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta Agentlyi Tibbi Ərazi X1 Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 22.04.2021-ci il tarixli əmrinə əsasən 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Terapiya bölməsinin böyük tibb bacısı İddiaçı ilə bağlanmış 154 nömrəli əmək müqaviləsinə 22.04.2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xəsiyyətnamədə qeyd edilmişdir ki, “İddiaçı 01 fevral 2007-ci il tarixdən Xəzər rayonu Buzovna qəsəbəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında pediatriya bölməsinin böyük tibb bacısı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə özünü savadlı və intizamlı tibb bacısı kimi göstərmiş, rəhbərlik tərəfindən heç bir cəza almamış, verilən tapşırıqlara yüksək səviyyədə yanaşmışdır. Bilik və iş qabiliyyətini daima təkmilləşdirmişdir. İddiaçı yüksək əxlaqi keyfiyyətə və mənəviyyata malik tibb bacısıdır. O, tibb heyyəti və xəstələr arasında böyük hörmət qazanmışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür (maddə 68, hissə 2 “a”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70 “ç”). Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71, bənd 2, 3). İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “a”, “e”, “ə”). Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur (maddə 80, hissə 1, 2). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84, hissə 1, 2). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır (maddə 300, hissə 1). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin mülki işin məhkəmə baxışı zamanı buna dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yəni hazırkı mülki iş üzrə İddiaçı işdən azad edərkən əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə və bu Məcəllədə nəzərdə tutulmuş işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından hər hansı birinə, qanunla müəyyən edilmiş işçi işəgötürənin təşəbbüsü ilə işdən azad edilərkən nəzərə alınmalı olan hallara, qanunla müəyyən edilmiş qaydada həmkarlar təşkilatının razılığının alınmasına istinad edilməmişdir. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmaqda haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əmək Məcəlləsinin 297 və 300-cü maddələrinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, MPM və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh İcbari Tibbi Sığorta üzrə Agentliyi Tibbi Ərazi X1 publik hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 22 aprel 2021-ci il tarixli, 130-K saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Terapiya bölməsinin böyük tibb bacısı vəzifəsinə bərpa edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İcbari Tibbi Sığorta üzrə Agentliyi Tibbi Ərazi X1 publik hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 22 aprel 2021-ci il tarixli, 130-K saylı əmri ləğv edilsin. İddiaçı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Terapiya bölməsinin böyük tibb bacısı vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar