Məhkəmə qərarları › İş №2(003)-2544/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2544/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2544/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Salmanov Fərman Ağahüseyn oğlunun nümayəndəsi Salmanov Ağahüseyn Fərman oğlunun iştirakı ilə İddiaçı Salmanov Fərman Ağahüseyn oğlunun cavabdehlər Süleymanov Mürvət Sabir oğlu, Süleymanova Balaqız Fərman qızı, Süleymanov Ülfət Mürvət oğluna qarşı istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Salmanov Fərman Ağahüseyn oğlu cavabdehlər Süleymanov Mürvət Sabir oğlu, Süleymanova Balaqız Fərman qızı, Süleymanov Ülfət Mürvət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 saylı evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Şirvani küçəsi 14a saylı fərdi yaşayış evi ona məxsusdur. Cavabdehlər Süleymanov Mürvət Sabir oğlu, Süleymanova Balaqız Fərman qızı, Süleymanov Ülfət Mürvət oğlu onun evində neçə ildir ki, yaşamasalarda evində pasport qeydiyyatındadırlar. Cavabdehlər Süleymanov Mürvət Sabir oğlu kürəkəni, Süleymanova Balaqız Fərman qızı qızı və Süleymanov Ülfət Mürvət oğlu isə nəvəsidir. Cavabdehlər onun evində qeydiyyatda olmalarına baxmayaraq, özlərinə məxsus Zirə qəsəbəsi Mirzəbala Məmmədzadə küçəsi ünvanında fərdi yaşayış evi tikilmiş və birlikdə təsərrüfat aparmaqdadırlar. Məhkəmə iclasında də iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Şirvani küçəsi 14a saylı fərdi yaşayış evi özbaşına tikilidir. Həmin şəxslər 2000-ci ildən əvvəl qeydiyyata düşüblər. Hazrda özlərinə məxsus Zirə qəsəbəsi Mirzəbala Məmmədzadə küçəsi ünvanında fərdi yaşayış evi tikilmiş və birlikdə təsərrüfat aparmaqdadırlar. Cavabdehlər Süleymanov Mürvət Sabir oğlu, Süleymanova Balaqız Fərman qızı, Süleymanov Ülfət Mürvət oğlu Qurbanova Elnarə Abdulla qızı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada məlumat göndərilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan DİN-in BPQİMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Süleymanov Mürvət Sabir oğlu, Süleymanova Balaqız Fərman qızı, Süleymanov Ülfət Mürvət oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli ev özbaşına tikilidir, iddiaçının adına rəsmi sənədlə dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququ olmadığından iddiaçının həmin evlə bağlı sərəncam vermə hüququ yaranmamış, o cümlədən mübahisəli ev özbaşına tikili olduğundan cavabdehlərin həmin evdə istifadə hüquqları da yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Salmanov Fərman Ağahüseyn oğlunun cavabdehlər Süleymanov Mürvət Sabir oğlu, Süleymanova Balaqız Fərman qızı, Süleymanov Ülfət Mürvət oğluna qarşı cavabdehlərin ünvan 1 saylı evə istifadə hüquqlarının itirilməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Salmanov Fərman Ağahüseyn oğlunun cavabdehlər Süleymanov Mürvət Sabir oğlu, Süleymanova Balaqız Fərman qızı, Süleymanov Ülfət Mürvət oğluna qarşı cavabdehlərin ünvan 1 saylı evə istifadə hüquqlarının itirilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar