Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-259/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, yerləşdirilmiş inşaat materiallarının çıxarılaraq torpaq sahəsinin təhvil verilməsi və əmrin etibarsız hesab edilməsi tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyanın tutulması tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı yerləşdirilmiş inşaat materiallarının çıxarılaraq torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək Abşeron Rayonu İcrayə Komitəsinin 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmrdən çıxarışına əsasən, 27 sentyabr 1991-ci il tarixdə, 1932 nömrəli müvafiq sənədlə qəyyumu olduğu X4na Bakı şəhəri, Xəzər rayonu, Donuzçuluq Sovxozu ərazisində ayrılmış 0.12 ha torpaq sahəsində Cavabdeh tərəfindən gətirilmiş inşaat materialları çıxarılaraq həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayonu İcrayə Komitəsinin 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmrdən çıxarışı ilə qaynatası X14 27 sentyabr 1991-ci il tarixdə, 1933 nömrəli və X4na eyni əmrin çıxarışı ilə 27 sentyabr 1991-ci il tarixdə, 1932 nömrəli müvafiq sənədlə hər birinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu ərazisində 0.12 ha torpaq sahəsi ayrılmışdır. Sənədləşmə işində qaynatası və qardaşının məlumatı olmadığı üçün rəsmi işləri o görmüşdür. Həmin işləri o, Binə qəsəbəsi Kənd sovetində işləyən Babaxan adlı şəxsin köməkliyi ilə görmüşdür. Həmin torpaq sahələri biri-birinə bitişik olmuşdur. 1991-ci il tarixdən adı gedən torpaq sahələrinə ailəsi tərəfindən su xətti çəkilərək, 24 sot torpaq sahəsini hasara alıb, əkinçiliklə məşğul olmuşdur. X4 1981-ci ildə ordu sıralarında xidmət edərkən, “maniakal depressiv psixoz” xəstəliyinə tutulmuş, onun müalicəsinin heç bir nəticəsi olmadığı, sərbəst olaraq öz hərəkətlərini idarə - edə bilmədiyi, üzərində daimi nəzarət olmasına ehtiyyac duyulduğu üçün Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 23 sentyabr 2005-ci il tarixli qətnaməsinə əsasən o fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilərək, üzərində onun qəyyum təyin olunmasına razılıq verildiyi üçün Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 758 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə o, 1960-cı il təvəllüdlü X15 üzərinə qəyyum təyin olunmuş, bir qəyyum kimi ona X15 şəxsi, əmlak və hüquq mənafelərinin qorunması tapşırılmışdır. 2007-ci il tarixdə qardaşı X2 ağırlaşmış, daima onun qulluğunda durmuşdurş. O aralar artıq imkan tapdıqca Binədə yerləşən torpaqda əkinçiliklə məşğul olmağa vaxtları qalmamışdır. xx.xx.2007-ci il tarixdə X4 kəskin ürək qan-damar çatışmazlığından dünyasını dəyişmişdir. Sonra da, 2015-ci il tarixdə qaynatası X20 dünyasını dəyişmişdir. Başları evlərinə, balalarına qarışdığı üçün həmin torpağa təsadüfü hallarda getmişlər. 2016-cı ildə qonşular tərəfindən onlara məlumat verilmişdir ki, torpaq sahələrində tikinti işləri görülür. O, ailəsi ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu ərazisində olan torpaq sahəsinə gəldikləri zaman, ərazidə tikilinin olduğunu gördükdə, həmin tikintinin kim tərəfindən aparılmasını araşdırdıqda, şəxsin Binə qəsəbə sakini Zaurun olduğu məlum olmuşdur. Onlar Zaurla görüşən zaman, o bildirmişdir ki, 24 sot torpaq sahəsini tən ortadan mişar daşı ilə hörərək bölmüş, 12 sot torpaq sahəsini Fərhad Zeynal oğlu (onun qardaşıdır, bəzən Əhməd kimi tanınıb) Nüsrətovdan 27000 (iyirmi yeddi min) manata almışdır. Bu zaman aralarında “sözlə mübahisə yarandığı üçün, həyat yoldaşı X6 Rayon Polis İdarəsinin 2-ci PŞ-nə Zaur barəsində ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində onların müraciəti üzrə izahatları alınmış və təklif olunmuşdur ki, ümumi razılığa gələrək barışsınlar. Belə ki, o, 27 000 (iyirmi yeddi min) manat pulu Zaura qaytarmaq şərti ilə, Zaur torpaq sahəsindən çıxaraq, tikinti materiallarını çıxarmalı idi. Zaur isə, torpaq sahəsində 4 000 (dörd min) manata yaxın tikinti materialının olduğunu, həmin tikinti materialı əvəzinə 2 sot torpaq sahəsi ayrılıb pul əvəzi ona verilməsini və yerdə qalan 23 000 (iyirmi üç min) pulun qaytarılmasını təklif etmişdir. O da, Zaurla razılığa gəlmiş, ona 23 000 (iyirmi üç min) manat pul vəsaitini və sahədə olan tikinti materiallarının (4000 manat qiymətində) əvəzinə ümumi torpaq sahəsindən 2 sot (20X10) torpaq sahəsini ona vermişdir. Sonradan onlara məlum olmuşdur ki, Zaur, ona verilən torpaq sahəsindən 1 metr artıq kənara çıxmış, uzununa 20 metr olan sahədən 1 metr kənara çıxmış, eninə 10 metr olan sahədən isə 4 metr kənara çıxmışdır. Beləliklə, (21Х14=294) Zaur ona verilən torpaq sahəsindən 0,94 kv.m artıq torpaq sahəsi zəbt etmişdir. Özü ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yaşadığı üçün, həmçinin yaşı ilə əlaqədar olaraq, Bakı şəhəri, Xəzər rayonuna tez-tez gedib nəzarət edə bilməmişdir. Amma arada gedib yaxınlıqda yaşayan qonşuları ilə görüşüb xəbərləşmişdir. 2022-ci il tarixdə qardaşı X1 problemlər yaranmış və o, xx.xx.2023-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyindən dünyasını dəyişmişdir. Bu müddət ərzində nə o, nə də ailə üzvləri Xəzər rayonu, Donuzçuluq Sovxozu ərazisində yerləşən torpaq sahələri ilə maraqlanmamışdır. Belə ki, illər ərzində hər kəsin həmin torpaq sahəsinin onların ailəsinə məxsus olduğunu bildiyindən onlarda heç bir narahatçılıq olmadan Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzillərində yaşamışlar. Onların torpaq sahəsinə getməməklərindən istifadə edərək əvvəllər tanımadığı Cavabdeh adlı qadın (özünü, 2 sot torpaq sahəsi satdığı Zaur adlı şəxsin qohumu kimi təqdim edən), onların torpaq sahələrinə icazəsiz girərək, torpaq sahəsinin 8 sotunu qanunsuz, heç bir rəsmi keçərli sənədi olmadan torpağa mişar daşı tökdürmüşdür. Bu barədə ona məlumatı yaxınlıqda yaşayan qonşuları verdikdən sonra, dərhal əraziyə gəlib, iki torpaq sahələrinin arasında hörülmüş hasarı uçurub, torpaq sahəsinin arakəsməsini açmışdır. İşdən xəbər tutan Sucaət adlı qadın Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət edərək, təxminən 12 il bundan öncə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda özünə aid Əhməd adlı şəxsdən çıxarışla 8 sot torpaq sahəsini 7 daş hasara alınmış torpağı 45 000 (qırx beş min) manata aldığını, xx.xx.2024-cü il tarixdə hasarının bir hissəsinin özbaşına uçurulduğunu bildirmişdir. Müraciət üzrə o, 3-cü PŞ-nə dəvət edildikdə, mübahisə doğuran torpaq sahəsinə aid sənədləri təhqiqata təqdim edib, işin gedişatı üzrə izahat verib, torpaqlarında hörülmüş hasarın onun tərəfindən uçurulduğunu etiraf edib, qarşı tərəfin qanuni sənədlərinin təqdim edilməsini ondan istədikdə, o, torpaqla bağlı hər hansısa bir qanuni köklü sənəd təqdim edə bilməmiş, 12 il bundan öncə Əhməd adlı şəxsdən (qardaşı Fərhadı, Əhməd adı ilə də tanınmışdır) 45 000 manata aldığı bildirmişdir. Eyni zamanada, həmin 8 sot həyətyanı torpaq sahəsini guya ki, sovxozda fəhlə kimi işlədiyinə görə ona Abşeron rayon Donuzçuluq Sovxozu tərəfindən 435 nömrəli əmrdən xx.xx.1990-cı il tarixli çıxarışı ilə ona ayrılmışdır. Buradan görünür ki, Sucaət adlı qadının ilkin verdiyi ifadə ilə, sonradan təqdim etdiyi sənədlər biri-birini təkzib etmişdir. Belə görünür ki, Sucaət, Zaur adlı şəxsdən 2 sot torpaq almış və ya Zaur ona həmin torpağı hədiyyə etmiş, o, isə onların əlavə 6 sot torpaq sahələrini zəbt etmişdir. Zəbt etdiyi torpaq sahəsində yeni tikintilər aparır, onların torpaq sahələrinin hasarını qanunsuz sökərək, icazəsiz giriş qapısı qoymaq istəyir. Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı Namiq Binnətov, vətəndaş Cavabdeh müraciəti üzrə xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda, mülki qaydada məhkəməyə müraciət edilməsinin məqsədəmüvafiq hesab etmişdir. Həmçinin o, təhqiqat zamanı 3-cü PŞ-nə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Donuzçuluq sovxozunda kənd sovetinin sədri Babaxan müəllimin rəhbərliyi ilə qardaşına torpaq sahəsinin verildiyini, torpaq sahəsini şəxsən özü hasarladığını, torpağın arayışının özündə olduğunu, surətini ərizəsinə əlavə etmiş olduğunu, qonşuların verdiyi məlumata görə torpaq sahələrinin naməlum şəxs tərəfindən uçurulduğunu, qapı qoymaq istənildiyini, sahəyə daxil olub hətda ağacların sındırılıb, kəsildiyini, aidiyyatı orqana göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh, onun zamanını yersiz şikayətlərlə, polis şöbəsinə müraciət edib, öz qanunsuz hərəkətlərini davam etdirir. O dəfələrlə, Sucaət adlı qadına etdiyi qanunsuz hərəkətlərinə son qoymasını xahiş və tələb etsə də, o, öz hərəkətlərini davam etdirməkdədir. Eyni zamanda, məhkəmənin nəzərinə çatdıraraq bildirmək istəmişdir ki, təhqiqat araşdırılması zamanı Cavabdeh təqdim etdiyi qanunsuz hazırlanmış sənədin tarixi 1990-cı il kimi hazırlanmışdır. Guya ki, ona mübahisəli olan torpaq sənədi Abşeron Rayonu İcrayə Komitəsi tərəfindən işlədiyinə görə verilmiş, lakin 3-cü PŞ-də verdiyi izahatla təhqiqata təqdim etdiyi sənəd fikir ayrılığı yaratdığı üçün, yalan danışdığı məlum olur. Cavabdehin qanunsuz zəbt etdiyi torpaq 1991-ci il tarixli Abşeron Rayonu İcrayə Komitəsinin müvafiq sənədi ilə X4nun adına verilmişdir. Bu səbəbdən də, o məcburiyyət qarşısında qalıb, Cavabdeh qanunsuz zəbt etdiyi, qəyyumu olduğu X4na Abşeron Rayonu İcraiyyə Komitəsinin 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmrdən çıxarışı ilə 27 sentyabr 1991-ci il tarixdə, 1932 nömrəli müvafiq sənədlə Bakı şəhəri, Xəzər rayonu, Donuzçuluq Sovxozu ərazisində adına verilmiş qanuni 0.12 ha torpaq sahəsindən könüllü çıxmadığı üçün məcburi qaydada çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin həcmini artıraraq Cavabdeh mübahisəli torpaq sahəsinə özbaşına daxil olmaqla hərəkətlərinin qanunsuz hesab edilməsi, Abşeron Rayonu İcrayə Komitəsinin 19 avqust 1991 -ci il tarixli, 108 nömrəli əmrdən çıxarışına əsasən, qəyyumu olduğu mərhum X4na Bakı şəhəri, Xəzər rayonu, Donuzçuluq Sovxozu ərazisində ayrılmış 0.08 ha torpaq sahəsindən Cavabdeh tərəfindən gətirilmiş inşaat materialları çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi, cavabdehin məhkəməyə təqdim etdiyi Abşeron rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyanın tutulması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək ilkin iddia üzrə iddiaçı X8 iddiası əsаssız olduğundan rədd edilməsi, İddiaçı onun sahiblik-və istifadəsində olan torpaq sahəsinin hasarının sökülməsi ilə bağlı ona dəymiş 400 manat maddi ziyanın və qarşılıqlı iddia ilə bağlı 30 manat dövlət rüsumunun və 420 manat vəkil xərclərinin, ümumilikdə 850 manatın İddiaçı tutulmaqla ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, ilkin iddia qanunvericiliyin tələblərinə zidd olaraq maddi qazanc əldə etmək məqsədi ilə qərəzli olaraq qaldırılmışdır. Belə ki, qeyd olunanlar real həqiqəti əks etdirmir. İşin faktiki halı ondan ibarətdir ki, 2012-ci il tarixdə torpaq almaq üçün ev və torpaq alqı-satqısı ilə məşğul olan tanışları Rauf adlı şəxsə oğlu Siyavuş vasitəsi ilə müraciət edərək torpaq almaq istədiklərini bildirmişlər. Rauf Siyavuşa tanışı olan Əhməd adlı şəxsin torpaq satdığını bildirmişdir. Belə olan halda oğlu Siyavuşla torpağa baxaraq bəyənmişlər. Qeyd olunan torpaq sahəsinin 8 sotunu 45000 manata almağa razılaşmışlar. Həmin torpaq sahəsindən 8 sotu ölçülərək onlara təqdim edildikdən sonra 45000 manatı Rauf, Zaur və Elşad adlı şəxslərin iştirakı ilə Əhmədə təqdim edilmişdir. Əhməd onun şəxsiyyət vəsiqəsini götürərək torpağın 8 sotunu onun adına sənədləşdirəcəyini bildirmişdir. 2 gündən sonra Əhməd onun adına Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 135 saylı xx.xx.1990-ci il tarixli, 0,08 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair çıxarışını təqdim etmişdir. Bundan sonra onlar tərəfdən hasar çəkilərək 8 sot torpaq sahələri ayrılmışdır. Həmin ildən də qeyd olunan sənəd əsasında 8 sot torpaq sahəsi onların sahiblik və istifadələrində olmuşdur. 12 iki il ərzində onlara məxsus torpaq sahəsi heç kim tərəfindən mübahisələndirilməmişdir. İlkin iddiaçının qeyd etdiyi kimi onun özü bir neçə dəfə onların ərazisində olub, lakin qardaşı Əhməd rəhmətə gedənə qədər onlara qarşı hər hansı bir iddia və tələb irəli sürməmişdir. Qeyd olunan 12 il ərzində torpaq sahəsindən istifadə olunaraq at saxlanmış, ağac və tərəfəz məhsulları pomidor, xiyar əkilmişdir. 2020-ci ildə ev tikilməsi ilə bağlı həyətə torpaq və daş tökülmüşdür. Раndemiya ilə bağlı evin tikilməsi mümkün olmamışdır. 2022-ci ildə nəvəsinə ağır xəsarət yetirilməsi ilə bağlı və sonradan oğlunun əməliyyat keçirməsi ilə bağlı maddi imkanları xeyli zəiflədiyi üçün yenə də ev tikə bilməmişlər. Bu ilin 11 avqust tarixində qohumları tərəfindən onlara məlumat verilmişdir ki, onların torpaqlarının hasarı sökülmüşdür. Bunula bağlı olaraq torpaq sahəsinə gələndə həqiqətəndə hasarın söküldüyünü görmüşlər. Bu barədə Xəzər Rayon Polis İdarəsinə müraciət etmişlər. 3 gün sonra isə 400 manat xərc çəkməklə hasarı yenidən bərpa etmişlər. Xəzər Rayon Polis İdarəsinin 3-cü PŞ tərəfindən araşdırılma aparılaraq cinayət işinin başlanması rədd edilərək mülki qaydada məhkəməyə muraciət olunmasına dair qərar qəbul edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı heç bir hüququ olmadığı halda onların torpağına iddia edir. Belə ki, iddiaçının qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bunula yanaşı iddia müddəti ötürülmüşdür. Qeyd olunan torpaq sahəsinin sahiblik və istifadə hüququ onlara məxsus olduğunda torpağa hər hansı bir müdaxilənin qarşısı bizim tərəfdən alınması qanunvericiliyin tələblərinə uğundur. Bunula da ilkin iddiaçı tərəfindən onun sahiblik və istifadəsində olan torpaq sahəsinin hasarı tam qanunsuz sökməklə ona 400 manat maddi ziyan vurulmuşdur. Eyni zamanda ona qarşı əsassız iddia qaldırmaqla onu əlavə olaraq 30 manat dövlət rusumu ödəməklə və 420 manat vəkillə müqavilə bağlamaqla əlavə xərcə salmışdır ki, bu da ilkin İddiaçı tutulmaqla ona ödənməlidir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi onun qardaşına məxsus olmuşdur. Həmin torpaq sahəsini əvvəllər başqa şəxs almışdır. Onlar onun pulunu bir hissəsini və həmin adama 0.02 ha torpaq sahəsi verərək mübahisəli torpaq sahəsini geri qaytarmışlar. Torpaq sahəsində olan hasar onlar tərəfindən sökülüb. Sökülmüş mişar daşları həmin torpaq sahəsində qalmışdır.Qeyd olunn hasar onlar tərfindən çəkilib. Sökülmüş hasar artıq cavabdeh tərəfindən bərpa olunub. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı X15 qəyyumu olmaqla onun tək vərəsəsidir. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin ona ayrılması barədə sənəd təqdim olunsa da arxiv məlumatlarından belə bir torpaq sahəsinin ayrılması müəyyən edilməmişdir. Əvvəlki məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsinin iddiaçının Əhməd adlə qardaşından 2012-ci ildə 45.000,0 manata almışam. 2024-cü ilin avqust ayında iddaçı tərəfindən onun hasarını bir hissəsi sökülmüşdür. Oğluna 300,0 manat pul verib hasarı bərpa etdirmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq bildirdi ki, iddiaçı mübahisəli torpaq ahəsinin onun qardaşına ayrıldığını bildirsədə həmin torpaq sahəsinin yerləşmə yerinə dair planı və ölçüsünün təqdim etməmişdir. Yəni mübahisəli torpaq sahəsinin iddiaçının qardaşına ayrılmış torpaq sahəsi olmasını müəyyən etmək mümkün deyildir. İddiaçının ailəsinə Binə qəsəbəsində məxsus başqa torpaq sahələri var. Belə ki onun qeyd etdiyi torpaq sahəsi onun özündə olmaqla başqa yerdə yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yaşayır. 5-10 il əvvəl Sücaət Məmmədovanı torpaq sahəsində görməmiş, onu yalnız torpaq sahəsində qapı açandan sonra görmüşdür. Torpaq sahəsi dədə-baba torpaq sahəsi olmuşdur. Torpaq sahəsində heçnə əkilməmişdir. Orada İddiaçı tərəfindən ağac əkilmişdir. Kubra oraya gec-gec gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh onun bibisidir. Kubranı isə tanımır. Bibisi ona zəng vuraraq torpaq sahəsi almaq istədiyini və həmin torpaq sahəsinə onunla birlikdə getməyini xahiş etmişdir. Onlar torpaq sahəsinə getmişlər və torpaq sahəsinə görə Əhmədə 45000 manat bibisi pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qaynanasıdır. Kubranı hasarı sökəndən sonra tanımışdır. Torpaq sahəsini 2012-ci ildə Əhməd adlı şəxsdən almışlar. Torpaq sahəsini almağa qaynanası ilə birlikdə getmişdir. Torpaq sahəsini alanda o, qaynanası, əri, Ədalət, Zaur və Əhməd adlı şəxslər olmuşlar. Orada əkin əkmişlər. Həmçinin bildirdi ki, hasarın o biri hissəsi Zaura satılmışdır. Lakin sonradan geri almışlar. Torpaq sahəsinə görə qaynanası Əhmədə 45000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, Cavabdeh onun anasıdır. Kubranı hasarı uçurdandan sonra tanımışdır. Torpaq sahəsini 2012-ci ildə Əhməddən almışlar. Əhmədlə Rauf adlı şəxs tanış etmişdir. 8 sot torpaq sahəsinə 45000 manat pul verib almışlar. Torpaq sahəsində qoyun saxlamışlar, əkin əkmişlər, ağac da əkmişlər. Hasarı söküldükdən sonra o bərpa etmişdir. Bunun üçün qum və sement almışdır. 7-8 kisə sement almış, bir kisəsinə 8,0 manat pul vermiş, ustaya 150 manat pul vermişdir. Sökülmüş mişar daşları torpaq sahəsinə qalmışdır. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli, 758 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı, Əzizbəyov (hazırda Xəzər) Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 1960-cı il təvəllüdlü X15 üzərində qəyyum təyin olunmuşdur. - İİ-ЖГ 285817 nömrəli, xx.xx.1973-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci ildə doğulmuş X17 atası – X26, anası isə X9r. - İİİ-ЖГ 376546 nömrəli, xx.xx.1983-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü ildə X21 ilə X27 arasında nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Nurməmmədova” soyadı verilmişdir. -AZ-İ 817802 nömrəli, xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci ildə ölmüşdür. -AZ-İ 281966 nömrəli, xx.xx.2007-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2007-ci ildə ölmüşdür. -AZ-İİ 346276 nömrəli, xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2023-cü ildə ölmüşdür. -AZ-İ 755082 nömrəli, xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2015-ci ildə ölmüşdür. -1933 nömrəli, xx.xx.1991-ci il tarixli Donuzkökəltmə sovxozunun 108 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, X18 0.12 ha torpaq sahəsi ayrılmışdır. -1932 nömrəli, xx.xx.1991-ci il tarixli Donuzkökəltmə sovxozunun 108 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, X19 0.12 ha torpaq sahəsi ayrılmışdır. -1547 nömrəli, xx.xx.1990-cı il tarixli Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə xx.xx.1990-cıil tarixli, 135 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh 0.08 ha torpaq sahəsi ayrılmışdır. -Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Namiq Binnətov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X11 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və mülki qaydada məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olmasının ona bildirilməsi qərara alınmışdır. -hüquqi yardımın göstərilməsi haqqında 32 nömrəli müqavilənin və bu müqavilə əsasında ödənilmiş pul vəsaitinə dair xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətlərindən görünür ki, Cavabdeh Ləli qızına hüquqi yardım göstərilməsinə görə onun tərəfindən 420 manat vəkil xərci ödənilmişdir. Məhkəmə sorğusuna Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş cavab məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı xx.xx.1991-ci il tarixli əmrindən arxiv çıxarışı təqdim olunur, lakin Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmrində Cavabdeh adı aşkar edilməmişdir. Həmin məkuba əlavə edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı xx.xx.1991-ci il tarixli əmrindən çıxarışdan çıxarışından görünür ki, X19 ev tikdirmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Əsas: əmrə ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. -Bakı şəhəri 25 saylı Notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həmin məktubda vərəsəsi İddiaçı müraciəti əsasında xx.xx.2007ci il tarixdə vəfat etmiş X15 mirası üzrə vərəsəlik işinin açıldığı, miras əmlaka Bakı şəhəri, Abşeron rayonu, Donuzkökəltmə soxozu ünvanında yerləşən 0,08 ha torpaq sahəsindən ibarət daşınmaz əmlakın daxil olduğu bildirilmiş və bu əmlakla bağlı arayışın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 1970-ci ilin 7 iyulunda Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan Torpaq Məcəlləsi: - 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır -24-cü maddəsinə əsasən kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təqdiq olunur - 25-ci maddəsinə əsasən torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahəsi hansı rayon və şəhər (respublika tabeliyində olan şəhər) zəhmətkeş deputatlar Soveti icraiyyə komitəsinnin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət kooperativ və ictimai müəssisələrinə, təşkilatlarına və idarələrinə habelə vətəndaşlara verilir. 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsi: - 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər X31 tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir.Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1 və 115.0.6-cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən edilir ki: - Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı xx.xx.1991-ci il tarixli əmrinə əsasən X19 ev tikdirmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. X25 xx.xx.2023-cü ildə ölmüşdür. X7 ilkin iddia tələbi üzrə İddiaçı qardaşı olmuş, sağlığında İddiaçı ona qəyyum təyin edilmiş, ölümündən sonra isə notariat orqanı tərəfindən İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İlkin iddia tələbinin əsasını məhz qeyd olunan Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı xx.xx.1991-ci il tarixli əmri təşkil etməsinə baxmayaraq həmin əmr əsasında verilmiş torpaq sahəsinin naturada yerləşmə yerinə dair müvafiq planı və ölçüsü mövcud deyil. Həmçinin müəyyən olunmuşdur ki, iş materiallarına əlavə olunmuş 108 saylı xx.xx.1991-ci il tarixli əmrdə X19 ev tikdirmək üçün 0,12 ha torpaq sahəsi ayrılması göstərilsədə, Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmi cavab məktubunda X19 ev tikdirmək üçün 0,08 ha torpaq sahəsi ayrılması göstərilmişdir. 108 saylı xx.xx.1991-ci il tarixli əmrə ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. -ilkin iddia irəli sürülmüş torpaq sahəsi 2012-ci ildən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. Torpaq sahəsi qonşu sahələrlə hasar vasitəsilə ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı 2012-ci ildən 2024-cü ilədək Cavabdeh qarşı mübahisə qaldırılmamışdır. -Torpaq sahəsinin qonşu torpaq sahəsi ilə ayıran hasarın bir hissəsi İddiaçı tərəfindən sökülmüşdür (bu hal işin mübahisələndirilməyən halından ibarətdir). Sökülmüş hasarın hissəsinin bərpa edilməsi üçün Cavabdeh tərəfindən vəsait xərclənmişdir. -Cavabdeh torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədinin 1547 nömrəli, xx.xx.1990-cı il tarixli Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli əmrindən çıxarışın olması göstərilsədə, lakin dövlət arxivində saxlanılan bu əmrdə Cavabdeh adı mövcud deyil. Məhkəmə ilkin olaraq ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, yalnız iddiaçının Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı xx.xx.1991-ci il tarixli əmri ilə torpaq sahəsi ayrılması özlüyündə həmin qərarın torpaqdan istifadəyə hüquq yaratması kimi qiymətləndirilə bilməz. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 1970-ci ilin 7 iyulunda Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan Torpaq Məcəlləsinin 23-25-ci maddələrinə uyğun olaraq iddiaçıların mübahisəli torpaq sahələri üzərində hüququnun yaranması müəyyən edilmədiyindən iddiaçıları həmin torpaq sahəsinin qanuni istifadəçisi hesab etmək olmaz. 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqlarmm rayon, şəhər X31 tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 29-cu maddəsidə göstərilir ki, müvafiq rayon, şəhər X42 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer qurluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən yə müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Hazırki iş üzrə iddiaçının torpaq sahəsinə hüquqlarının yuxarıda göstərilən qaydada rəsmiləşdirilməsi iş materiallarından müəyyən olunmur. İşdən görüdüyü kimi, iddiaçının və cavabdehin torpaqdan qanuni əsaslarla istifadə etməsinə dair işdə heç bir sübut yoxdur. Məhkəməyə Abşeron İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı, xx.xx.1991-ci il tarixli əmrindən çıxarışdan çıxarışından görünür ki, X19 ev tikdirmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Əmrə ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, keçmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı, xx.xx.1991-ci il tarixli əmri ilə ayrılmış torpaq sahələrinin iddiaçının X4na ayrılmasına əsas olmuş hər hansı bir sənəd mövcud deyil. Eyni zamanda müəyyən edilmişdir ki, həmin əmr əsasında hər hansı torpaq sahəsi ayrıc aktı ilə naturada iddiaçılara təhvil verilməmişdir. İddiaçının qardaşına (mirasaqoyan X19) torpaq sahəsi ayrılmamaqla rəsmi olaraq yeri göstərilməklə təhvil verilmədiyind hazırki iş üzrə ekspertiza tətqiqatınm aparılması zərurəti də aradan qalxmış olur. Belə ki, torpaq sahəsinin yerləşmə yerinə dair məlumatların olmaması halı ekspertiza tədqiqatının aparılmasını mümkünsüz edir. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının təlqbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmaq üçün subyektiv hüqucjun sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığmı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbinin əsasını təşkil edən halla (Cavabdeh faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsinin mirasaqoyan X19 məxsus olması halı ilə) bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırki iş üzrə Cavabdeh faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı xx.xx.1991-ci il tarixli əmrinə əsasən mirasaqoyan X19 ayrılmış məhz 0,08 ha torpaq sahəsi olmasını təsdiq edən sübutlar olmadığından məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə İddiaçı mübahisə predmetinə daxil olan Cavabdeh faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi ilə bağlı iddia irəli sürmək üçün subyektiv hüququn olması müəyyən edilmir. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, onlar mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər. Belə ki, sözügedən torpaq sahəsinin iddiaçının qardaşına ayrılmasına dair hər hansı bir sənəd mövcud deyil. İddiaçı məhz Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı xx.xx.1991-ci il tarixli əmri ilə ayrılmış torpaq sahəsinin onlara ayrılmasına əsas olmuş sənədlərin mövcud olması halında və digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edə bilər. İlkin iddia tələbi üzrə İddiaçı mübahisə predmetinə daxil olan torpaq sahəsi ilə bağlı iddia irəli sürmək üçün subyektiv hüququn olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, onun iddiası əsasında bu torpaq sahəsinin Cavabdeh sahibliyində olması barədə qanuni əsasların mövcud olub-olmaması istiqamətində araşdırma aparılmasına, Cavabdeh tərəfindən torpaq sahəsinə dair təqdim edilmiş sənədin etibarsızlıq məsələsinə qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməklə, İddiaçı 200 manat maddi ziyan, 30 manat dövlət rusumu və 420 manat vəkil xərci olmaqla cəmi 650 manat məbləğində pul Cavabdeh xeyrinə tutulmalıdır. Belə ki, qaşılıqlı iddia tələbinin predmeti olan hasarın İddiaçı tərəfindən sökülməsi işin mübahisə edilməyən halı olmasına baxmayaraq, həmin hasarın sökülmüş hissəsinin bərpasına 400 manat pulun xərclənməsi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçı bu halı təsdiq edəcək sübutlar təqdim etməsədə məhkəmə iclasında şahid kimi dindirlmiş X23 ifadəsində bildirmişdir ki, hasarın bərpası üçün 8 manatdan 7-8 torba sement almış, hasarın bərpası üçün ustaya 150,0 manat vermişdir. Lakin məhkəmə, hasarın əsas tərkib hissəsinin daşdan ibarət olmasını və hasarın bərpası zamanı hasarda mövcud olmuş daşlardan istifadə edilməsi, usta pulu ilə birlikdə sementin alınmasına və ustaya ödənilmiş pula görə xərclənmiş vəsaitin 200 manat təşkil edə bilməsini ağlabatan hesab edir. Ona görə də məhkəmə hesab edir ki, faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsinin qonşu torpaq sahəsi ilə ayıran hasarın İddiaçı tərəfindən sökülməsi halı Cavabdeh 200 manat məbləğində ziyanın vurulması ilə nəticələnmiş və o, bu ziyanın əvəzinin tələb etməsində haqlıdır. Həmçinin iş üzrə müəyyən edilir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün 420 manat məbləğində pul ödənilmişdir. Göstərilən bu səbəblərdən məhkəmə hesab edir ki, İddiaçı dəymiş ziyana görə 200,0 manat, 30 manat dövlət rüsumu və 420 manat vəkil xərci olmaqla cəmi 650,0 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməlidir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, yerləşdirilmiş inşaat materiallarının çıxarılaraq torpaq sahəsinin təhvil verilməsi və əmrin etibarsız hesab edilməsi tələbi barədə ilkin iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyanın tutulması tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı dəymiş ziyana görə 200 manat, 30 manat dövlət rüsumu və 420 manat vəkil xərci olmaqla cəmi 650 manat məbləğində pul tutularaq Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-259/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-259/2025
27.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver