Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2640/2022 16.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2302 ünvanda yerləşən 16 hektar torpaq sahəsinin yanında yerləşən Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsinin 42 N-li qərarına əsasında onunla Mərdəkan bələdiyyəsi arasında bağlanılmış xx.xx.2006-cı il tarixli bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi üzrə ona məxsus 1000 kv.m (10 sot) torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Mərdəkan Bələdiyyəsinin 42 N-li qərarına əsasında onunla Mərdəkan bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən ona fərdi ev tikmək üçün 1000 kv.m (10 sot) torpaq sahəsi satılmışdır. Eyni zamanda həmin torpaq sahəsinin yanında yerləşən digər 0.16 hektar olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2302 ünvanda yerləşən torpaq sahəsi anası X3 məxsus olmuşdur. Həmin torpaq sahələri yan-yana yerləşdiklərindən ümumi istifadələrində olmuş və hasarla məhdudlaşdırılmamışdır. Anasına məxsus torpaq sahəsində ev olmuşdur. 2013-cü il tarixdə anasına məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev iş üzrə Cavabdeh satılmışdır (bununla bağlı daşınmaz əmlakın alğı-satqı müqaviləsi iddia ərizəmə əlavə edilmişdir). Anasına məxsus torpaq sahəsi satıldığı zaman ona məxsus torpaq sahəsinin bir müddətdən sonra hasarla ayrılacağını bildirmişlər. Lakin sonradan imkan olmadığından və hər hansı bir təhlükənin (yəni cavabdeh tərəfindən hər hansı bir maneəçiliyin yarana biləcək ehtimalının) olmaması səbəbindən ona məxsus torpaq sahəsi tez bir zamanda hasara alınmamışdır. Bir müddət əvvəl o, öz torpaq sahəsini cavabdehə məxsus torpaq sahəsindən hasarla ayırmaq niyyətini cavabdehə bildirdikdə o, müxtəlif bəhanələrlə bu halı uzatmış, sonda isə ona məxsus torpaq sahəsinin ona məxsus olduğunu və ona verməyəcəyini bildirmişdir. Uzun danışıqların aparılmasına baxmayaraq cavabdeh ona məxsus və onun tərəfindən zəbt edilmiş torpaq sahəsinin qaytarılmasından imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddia əsassızdır. İddiaçının mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər saxtadır. İddiaçı ilk növbədə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olduğunu sübut etməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2302 ünvanda yerləşən 3 otaqdan ibarət , ümumi sahəsi 202 kv. m, yaşayış sahəsi 90,7 kv.m , yardımçı sahəsi 111,3 kv.m olan bağ evini və mülkiyyətində olan 0,16 ha torpaq sahəsini Cavabdeh 117450 manata satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ev 2302 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ev 2302 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı torpaq sahəsinin satılması haqqında Mərdəkan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 42 saylı qərarından görünür ki, Mərdəkan bələdiyyə iclasının xx.xx.2005-ci il tarixli, 21 saylı protokoluna əsasən Mərdəkan qəsəbə hüdudları daxilində alqı-satqı predmeti olan 1000 m2 torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Mərdəkan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 42 saylı qərarı ilə İddiaçı 1000 m2 torpaq sahəsi satılmışdır. İş materiallarına əlavə edilmiş Mərdəkan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubunda deyilir: “Sizin 03 avqust 2022-ci il tarixli, 2(003)-2640/2022 nömrəli məktubunuz bələdiyyəyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Qeyd olunan məktubla əlaqədar bildiririk ki, xx.xx.2006-cı il tarixli bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən, İddiaçı fərdi ev tikmək üçün ayrılmış 1000 m2 (10 sot) torpaq sahəsinə dair bütün müvafiq hüquqi sənədlər 30 iyul 2020-ci il tarixində (2000-2014-cü ili əhatə edən bütün sənədlər) Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. “ İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022ci il tarixli məhkəməyə ünvanlanmış məktubunda deyilir: ”xx.xx.2022-ci il tarixli, 2(003)- 2640/2022 saylı sorğunuza cavab olaraq bildiririk ki, Mərdəkan Bələdiyyə iclasının xx.xx.2005-ci il tarixli, 21 saylı protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının İ Müavinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1949 saylı məktubunda deyilir: ”İcraatınızda olan 2(003)-2640/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli, 2(003)-2640/2022 nömrəli məktubunuza baxılmışdır. Məktubda qeyd edilən məsələnin araşdırılması məqsədilə Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və cavab məktubunda Mərdəkan Bələdiyyəsi tərəfindən 2000-ci il tarixindən 2014-cü il tarixinə qədər olan sənədlər Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Bakı filialının Ekspert-Yoxlama Komissiyasının xx.xx.2020-ci il tarixli protokoluna əsasən arxivə təhvil verildiyi bildirilmişdir.” İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)-4107/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçılar X6 və X5 cavabdehlər X1 və Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X5 ilə Cavabdeh arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2302 saylı bağ evinə dair 15 may 2013-cü il tarixdə Bakı şəhəri. 41 saylı DNK-da təsdiq edilməklə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında bağ evinə dair Cavabdeh adına verilmiş 01 iyun 2013-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)-4107/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 205/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X5 və X4 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2302 saylı bağ evinə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)-3875/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-205/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. İddiaçı tələbini torpaq sahəsinin bələdiyyə tərəfindən ona ayrılması və aralarında bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlanması ilə əsaslandırmış və bu halın təsdiqi üçün Mərdəkan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 42 saylı qərarının surətini və alqı-satqı müqaviləsinin surətini təqdim etmişdir. Məhkəmə hesab edir ki, həmin sübutların mövcudluğu hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, yanaşı yoxlanılmış Mərdəkan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 42 saylı qərarının və Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, Bələdiyyənin belə bir qərarı nə Mərdəkan bələdiyyəsində, nə də Dövlət Arxivində mövcud deyildir. Məhkəmə hesab edir ki, həmin qərarın əslinin mövcud olmadığının müəyyən edilməsini nəzərə alaraq, iddiaçının məhkəməyə təqdim etdiyi qərardan çıxarışı əsaslı şübhədən kənar mötəbər sübut saymır. X10 Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Bundan başqa, iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsindən də görünür ki, alqısatqı müqaviləsi Bələdiyyə tərəfindən imzalansa da, alıcı olaraq iddiaçı tərəfindən imzalanmamışdır. Belə olan halda həmin müqavilə bağlanmış sayılmır, yəni mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilə, qərarın mövcud olması halı belə hazırki iddianın təmin edilməsini aradan qldırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi iddiaçı müqavilə tərəfi olaraq həmin müqaviləni imzalamadığından xx.xx.2006-cı il tarixli müqavilə ümumiyyətlə bağlanmamış sayılır, iddiaçı üçün torpaq sahəsinə dair hər hansı hüquq yaratmır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə qərarın mövcud olması təsdiq edilmədiyindən, eyni zamanda iddiaçı ilə Bələdiyyə arasında müvafiq müqavillə bağlanmadığından iddiaçının həmin torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılmasını tələb etməsi hüququ yaranmamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, sözügedən torpaq sahəsinin iddiaçının adına reyestrdə qeydiyyatı aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilən sənədə əsasən iddiaçıya ayrılması qeyd edilən torpaq sahəsinin isə məhz həmin torpaq sahəsi olması da iş materialları ilə təsdiqini tapmadığı kimi, eyni zamanda məhkəmə iclasında da buna dair hər hansı bir sübut təqdim edə bilməmişlər. Bundan başqa, məhz torpaq sahəsinə dair hüquqlarının mövcudluğunu təsdiq edən hər hansı bir sənəd olmadığı halda eyni zamanda iddianın torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması hissəsilə də bağlı bu tələbin irəli sürülməsi üçün hüququnun olması məhkəmə tərəfindən müəyyən edilmədi. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünkü, subyektiv hüququnun olduğu müəyyən edilməmişdir, belə olan halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Beləliklə, qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və geri qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2640/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2640/2022
16.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver