Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2646/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə onun arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 27 yanvar 2024-cü il tarixdə bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2024-cü ildə ailə həyatı qurmuşdur. İddiaçı Cavabdeh toydan sonra görməyib onu şadlıq sarayında qoyub gedib və hara getdiyi barədə məlumat verməyib.Həmin gündən cavabdehi görməyib, o evə gəlməyib hətta ailəsinə belə heç bir məlumat vermirdi. İddiaçı dəfələrlə əlaqə qursada telefon vasitəsilə cavabdeh onu istəmədiyini tanımadığını və qəbul etmədiyini deyib. Bir gün belə ər-arvad münasibəti olmayıb. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək 2024-cü ildə toy olduğunu, toydan 2 həftə sonra isə qayıtdığını, aralarında heç bir münasibət olmadığını və istəmədiyi halda cavabdehlə rəsmi nikaha daxil olduğunu bildirdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək nikaha daxil olarkən aldatma olmadığını, iddiaçının öz istəyi ilə ailə həyatı qurduqlarını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlilləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: AZ-İİ seriyalı, 610618 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 252№ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00305 nömrəli Bakı 3 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.3-cü maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmadı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız saylımasını tələb etmək hüququna malikdir. Digər tərəfdən qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər toy mərasimi keçirmişlər və xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Göründüyü kimi, nikahın bağlanılması zamanı aldadılma və məcburiyyət olmamış, tərəflər könüllü olaraq nikah bağlamaq niyyəti ilə qeydiyyat şöbəsinə müraciət etmişlər və nikahlarını bağlamışlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimƏkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2646/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2646/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver