Məhkəmə qərarları › İş №2(003)-2655/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2655/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2655/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən X3 və Cavabdeh2, uşaqları X4 və X1 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2, uşaqları X5 və X2 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh1 iddiaçının qaynı, digər Cavabdeh2 isə onun arvadıdır. Hal-hazırda cavabdehlər yetkinlik yaşına çatmayan uşaqları X5 və X7 ilə birlikdə iddiaçıya məxsus olan həmin evdə yaşayırlar. Cavabdehlərə məxsus digər fərdi yaşayış evi olmasına baxmayaraq onu tam təmir edib oraya köçmürlər, iddiaçı isə evdə girib onlarla yaşayarkən mübahisələr baş verir. İddiaçı cavabdehlərə müvəqqəti olaraq yaşamağa icazə versə də, sonradan cavabdehlər evdən çıxmaqdan imtina etmişlər. Təxminən 2-3 il olar ki, onlara evdə yaşamağa icazə vermişdir. Həmin evdə onun qaynanası da yaşayır. İddiaçı qaynanasının həmin evdə yaşamağına heç bir etiraz etmir. Cavabdehlər 2-3 il olar ki daima yaxın müddətdə öz evlərini təmir etdirib ora köçəcəklərini bildirsələr də, buna əməl etmirlər. Cavabdehlər çıxmaqdan kəskin şəkildə imtina etmirlər, sadəcə öz evlərini təmir etdirdikdən sonra çıxacaqlarını bildirirlər. Lakin, bunun üçün də əməli addımlar atmırlar. Yaşayış evinin kommunal borcları iddiaçı tərəfindən ödənilir. Aralarında yaşayış sahəsində yaşamağa dair notariat qaydasında razılıq yoxdur. Cavabdeh1 işləsə də, öz evini təmir etmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,032 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 228,6 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçirilmişdir. (daşınmaz əmlakın reyestr nömrəsi: **********40-10301) - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evində son 2-3 ildən etibarən yaşayırlar. Bu səbəbdən hal-hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə uyğun həll edilməlidir. Həmin normada yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onun mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilən yazılı razılaşma lazımdır. Hazırkı iş üzrə isə belə bir yazılı razılaşma mövcud deyildir və bu da onu deməyə əsas verir ki, cavabdehlərin ümumiyyətlə mübahisə predmeti olan yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Hal-hazırda cavabdehlər evdə heç bir qanuni əsas olmadan yaşayırlar ki, bu da evin mülkiyyətçisinin hüquqlarını pozur. Göstərilənlərə əsasən məhkəmə hesab hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan yaşayış evindən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və həmin yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlərin azyaşlı uşaqları da onlarla birlikdə həmin evdə yaşadığından, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri də valideynlərin yaşayış yeri hesab edildiyindən onlar da cavabdehlərlə birlikdə həmin evdən çıxarılmalıdır. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların uşaqları X4 və X6 əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar