Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2692/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tikiliyə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində inşa olunmuş 6 otaqlı evə köçürülməyi və cavabdeh tərəfindən həmin evdə yaşamasına hər hansı maneə törədilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 13 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni yaşayış massivində inşa olunmuş, 6 otaqlı evə cehiz əşyaları ilə gəlin köçmüşdür. Birgə nikahdan 26 iyul 2012-ci il təvəllüdlü X2, 11 sentyabr 2013-cü il təvəllüdlü X1 və 17 aprel 2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə birgə həmin ünvanda 10 il birgə təsərrüfat aparmışlar. 2021-ci ilin aprel ayında münasibətləri pozulmuş, o, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə onun evdə yaşamağına maneə yaratmış, onu və uşaqlarını 10 il yaşadığı evdən qovmuşdur. Onun cehiz əşyaları hazırda həmin evdədir. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Mübahisəli ev qeydiyyata alınmasa da faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Qeyd olunanlara əsasən, uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində inşa olunmuş 6 otaqlı evə köçürülməyi və cavabdeh tərəfindən həmin evdə yaşamasına hər hansı maneə törədilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, o, iddiaçı ilə 13 sentyabr 2011-ci il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra iddiaçı mübahisəli evə gəlin köçüb. İddiaçı ilə hal-hazırda ayrılmışlar. O, iddiaçını qovmamışdır. Həmin ev anasınındır, lakin sənədləri yoxdur. Anası etiraz etmirsə, onun da etirazı yoxdur. Onlar həmin evdə birlikdə yaşamışlar, iddiaçı ora köçə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 30.12.2006-cı il tarixli 363 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 200 kv.m. torpaq sahəsi ayrılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. İşin araşdırılan halları ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh ilə 13 sentyabr 2011-ci il tarixdə birgə nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç uşağı dünyaya gəlmiş, ailə qurarkən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində inşa olunmuş 6 otaqlı fərdi yaşayış evinə köçmüş və həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş və iddiaçı həmin evi tərk etməli olmuşdur. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində inşa olunmuş 6 otaqlı fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Bununla yanaşı, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, mövcud vəziyyətdə cavabdeh tərəfin iddiaçının mübahisə predmeti olan özbaşına tikilidə yaşamasına etiraz etmək, onun həmin tikilidə yaşamasına mane olmağa və ya onu həmin tikilidən çıxarmağa subyektiv hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin tikilidə yaşadığından və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuzdur. Bununla yanaşı, hazırda cavabdeh iddiaçının həmin evə köçməsinə etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı uşaqları 26 iyul 2012-ci il təvəllüdlü X2, 11 sentyabr 2013-cü il təvəllüdlü X1 və 17 aprel 2014-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində inşa olunmuş, Cavabdeh yaşadığı 6 otaqlı fərdi yaşayış evinə köçürülməli, iddiaçının həmin evdə yaşamasına maneələr yaradılması cavabdehə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı uşaqları 26 iyul 2012-ci il təvəllüdlü X2, 11 sentyabr 2013-cü il təvəllüdlü X1 və 17 aprel 2014-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində inşa olunmuş, Cavabdeh yaşadığı 6 otaqlı fərdi yaşayış evinə köçürülsün. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində inşa olunmuş 6 otaqlı fərdi yaşayış evində yaşamasına maneə yaradılması Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2692/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2692/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver